Mark Tven. Heklberri Finnin macəraları. X fəsil
Səhər yeməyindən sonra ölü haqqında və onun necə öldürüldüyü barədə söhbət açmaq həvəsinə düşdüm, ancaq Cim söhbət etmək istəmədi. O dedi ki, bununla bədlik gətirə bilərik, bundan başqa, ölü gecələr bizim yanımıza gələ bilər, axı dəfn olunmayan adam, dəfn edilib öz yerində sakitcə yatan adama nisbətən daha tez hər tərəfə baş soxa bilər.