Xanım Mehdixanlı. Mübarizin nağılı
Biri var imiş, biri yox imiş uzaq keçmişdə gözəl bir diyar varmış. Yaradan bu diyara hər cür nemətlər bəxş etmiş, səxavətini heç əsirgəməmişdi. Uca dağlar, şəfalı bulaqlar, ceyranlı-cüyürlü meşələri, kəklikli-turaclı dağ yamacları və daha nələr, nələr...
Sakinləri də zəhmətkeş, cəsarətli, olduqca mərd insanlar idilər. Əməksevərlikləri ilə bu gözəllikləri birə beş artırmışdılar. Zəhmətkeş insanların əl əməyi olan sarı buğda zəmiləri göz oxşadıqca uzanır, bağ-bostanları mer-meyvə ilə dolub daşırdı. Dünya şöhrətli ipək parçaları, zərif naxışlı xalçaları dünyanın dörd bir yanında bu diyara şöhrət gətirirdi. Bu yurdun övladları bu torpağı həm sevir, həm də onu mərdliklə yadellilərdən qoruyurdular. Bu diyarın insanları olduqca qonaqpərvər idilər. Bu səbəbdən digər yerlərdən qovulan bu bədxah qonşulara yurdlarında yaşamağa yer vermişdilər. Zaman keçmiş həmin qonşular bu yaxşılığı unutmuşdular. Paxıl qonşuları bu insanların zəhmətləri ilə yaratdığı nemətləri gözləri götürmürdü. Hər zaman onların sərvətlərinə göz dikər, bu qəhrəman oğulların qarşısında gücsüz olsalar da, fürsət tapanda xaincəsinə ziyan vurardılar.
Sizə kimdən deyim, kimdən danışım bu igidlər yurdunun qəhrəman oğullarından biri olan Mübarizdən. Gənc olmasına baxmayaraq el-obada ağılı, cəsarəti ilə seçilən sevilən igidlərdən idi. Atası adını Mübariz qoymuşdu ki, adını doğrultsun.
O da həqiqətən adına layiq oğul olmuşdu. At çapıb, qılınc oynatmaqda obada tayı-bərabəri yox idi. Çövkən oyununda hər zaman qalib gələn bu igidi qonşu ellər də belə tanıyıb hörmət edirdilər. Atası dəyirmançı olduğundan dəyirman işlərində atasına kömək edərdi. Bədxah qonşular da qıtlıq illərində Mübarizin atasından un istəyərdilər. O isə heç vaxt onları əliboş qaytarmazdı.
Mübariz atasından soruşanda: -axı niyə biz onlara hər zaman yaxşılıq edirik amma onlar bizə xainlik edir, fürsət düşəndə pislik etməyə çalışırlar.
Atası cavabında deyərdi:- eybi yox, oğlum, eşitməmisən müdriklər demiş, balığı at dəryaya balıq bilməsə də, xaliq bilər.
Günlərin bir günü bu obanın igidləri uzaq ellərə səfərə çıxmalı olurlar. Mübariz səhər atını minib obadan bir qədər kənarda olan meşəni dolaşır ki, həm ov etsin, həm də kəndlərinə göz-qulaq olsun. Həmişə pusquda olan düşmən bundan xəbər tutub fürsəti əldən vermir. Qəfildən obaya hücum edib, qadına, uşağa aman vermədən qılıncdan keçirir, evləri, zəmiləri yandırır.
Həmin vaxt Mübariz meşədə obalarından gələn tüstünü görüb məsələni anlayır və dərhal özünü düşmən obaya yetirir. Əlində olan yeganə qılıncla qarşısına çıxan düşməni zəmi kimi biçir. Qəfil həmləyə davam gətirməyən xain düşmən döyüşçüləri pərən-pərən düşür. Düşmənlə tək başına döyüşdə neçə yerdən yaralanmış Mübariz son nəfəsinə qədər döyüşür. Düşmənlərin yarıdan çoxunu məhv edir və son anda namərd əlinə keçməmək üçün özünü uca qayadan atır.
Bu qara xəbər obaya çatanda analar ağı deyir, qız-gəlinlər qaraya bürünür, səfərdən qayıdan igidlər atlanıb Mübarizin intiqamını almaq üçün düşmən obaya hücum edirlər. Düşməndən alınan Mübarizin al-qan içində olan cansız bədənini gətirib obanın ən hündür yerində dəfn edirlər.
İllər keçir... Mübarizin yurddaşları yeni doğulan oğlan uşaqlarına Mübarizin adını qoyurlar ki, onun kimi igid olsun. Zaman keçir bu diyarda yüzlərlə Mübariz kimi igidlər böyüyür və bədxah qonşuların niyyətini puç edir. O gündən Mübarizin dəfn olunduğu dağa Mübariz dağı, özünü atdığı qayanı Mübariz qayası adlandırırlar. Həmin qayanın üzərində Mübariz kimi bir çinar ağacı bitmiş qollu–budaqlı. Ağacın yaşını da bilən də yoxdur, çünki bu diyarın qəhrəmanlıq tarixini də bilən yoxdur... Nə qədər Mübarizin adaşları, yurddaşları varsa, bu yurdun qəhrəmanlıq tarixi də Mübariz dağı kim uca, qayası kimi möhkəm, çinarı kim əzəmətli, vüqarlı olacaq! Lakin Mübarizin nağılı bitsə də, hələ mübarizlərin mübarizəsi bitməmişdir.
08.11.2025