Qılman Musayev. Bahar tüstüləri
Mən kəndimizdən çoxdan çıxmışdım. Ali məktəbi bitirdikdən sonra on ilə qədər başqa rayonlarda müəllimlik elədim. Axırda elə gətirdi ki, yenə öz kəndimizə qayıtmalı oldum. Həkimlər məsləhət gördülər ki, dağ rayonu mənim səhhətim üçün daha yaxşıdır. Bizim kənd də o zamanlar yaylaq hesab olunurdu; dəniz səthindən xeyli yüksəkdə idi. Baharı xüsusilə çox səfalı keçirdi. Yaxşı suyu, soyuq bulaqları vardı.İndi təsəvvür eləyin ki, on beş il öz doğma kəndindən ayrılandan sonra təkrar oraya qayıdarkən adam nə cür həyəcan keçirir. Kəndə qədəm qoyarkən, düzü, əvvəl gözlərimə inanmadım, çaşıb qaldım: uşaqlıqda gündə azı on-on beş dəfə qaçdığım palçıqlı küçələrdən, yovşanlı təpələrdən heç bir iz görmədim. Təzə daş binalar günün işığında ağarırdı.
Məktəb binası təpənin lap yuxarısında tikilmişdi. İkimərtəbəli ağ bina idi. Elə əvvəllərdə də məktəb binası burada yerləşirdi. Köhnə, üstü küləşlə örtülmüş yastı-yapalaq bir dam idi. İndi isə bu damdan ancaq həzin bir xatirə qalmışdı.Burada dəyişməyən ancaq bir şeydi: məktəb həyətində əkilmiş alma və şaftalı ağacları. Yaxşı yadımdadır, bu ağacları biz o zaman öz əlimizlə basdırmışdıq. Mənim basdırdığım alma ağacı lap kənarda, günbatan tərəfdə idi. Onu bir skamyada oturduğum Vüsalla birgə əkmişdik. O zaman beşinci sinifdə oxuyurduq. Bərk dost idik. Yeddincini bitirdikdən sonra biz ayrıldıq. Hərəmiz bir sənətin dalınca getdik: mən müəllimliyin, o isə aqronomluğun.
Mən Bakıya gəldim, Vüsal Gəncəyə yollandı. Uşaqlıq dostluğumuz da bununla bitdi. Bu dostluqdan ancaq bir şey yadigar qaldı — alma ağacı.
Məktəbin həyətinə girən kimi ötən, bir daha geri qayıtmayan uşaqlıq illərimi xatırladım. Bu xatirələr elə bil gizli, sehirkar bir qüvvə kimi məni qabağına qataraq deyirdi: «Get, get, on beş il bundan qabaq öz əlinlə əkdiyin sənin yolunu gözləyir, sənin intizarındadır». Mən də getdim. Budur, iri şaxəli budaqlarından qırmızıyanaq almalar sallanan alma ağacı. Bəli, o idi. Zəhmətimin barı. Sevincimdən boğazım qəhərləndi. Şirəli almalar da elə bil mənə baxıb utancaq qızlar kimi sevinirdilər. Mən Vüsalı xatırladım: «Görəsən, o indi haradadır? Heç olmazsa bir anlığa gəlib mənimlə yanaşı duraydı, bu qırmızıyanaqlı almalara ikilikdə baxaydıq. On beş il qabaqdakı kimi. O zaman duyduğumuz ləzzəti təzədən bir də duyaydıq, o zamankı hadisəni bir daha xatırlayaydıq».
Hansı hadisə? Bu saat deyim: bu, baharda birdən-birə düşmüş şaxtalı günlərdə olmuşdu.
Alma ağacı hələ körpə idi. Çəhrayı çiçəkləri yenicə tökülmüş, yarpaqları arasında xırdaca yaşıl düyməciklər görünməyə başlayırdı. Alma ağacının ilk nübarı idi.
Ancaq birdən gözləmədiyimiz halda havalar soyudu, axşama yaxın şaxta düşməyə başladı. Ağaclarımız qüssəli-qüssəli durub bizə baxır, sanki bizdən kömək istəyirdilər. Biz, beşinci sinif şagirdləri, qərara gəldik ki, səhərədək qalıb bağçanın qoruğunu çəkək...
Təzə basdırdığımız ağaclardan xeyli aralı tonqal yandırdıq. Hər tərəfi tüstü bürüdü, çatırtı ilə yanan ocaqlar sübhədək şölələndi, bahar yuxusuna getmiş kəndin üstünü işıqlandırdı. Bəli, o gecə səhərədək yatmadıq. Gülünü yenicə tökmüş ağacları şaxtadan qoruduq. Səhər yenə gün boylandı, torağaylar yer-yerdən səsləndi. Vüsalla mən alma ağacının yanında durub baxırdıq: hər şey öz qaydasında idi, ağacımızı şaxta vurmamışdı...
İndi həmin bu məktəbə müdir təyin olunmuşdum. Top-top oynadığım, dəcəllik etdiyim məktəb həyətində indi mənim şagirdlərim fərəhlə o yan-bu yana qaçışırdılar.
Buraya gəldiyimin üçüncü günü məktəbin arxivini qaydaya salarkən köhnə bir şəkil tapdım. Bu, beşinci sinif şagirdlərinin məktəb müdiri ilə birlikdə çəkdirdikləri şəkil idi. Ürəyim sevinclə döyündü. Sağ tərəfdə, kənarda duran oğlan Vüsal idi. Həmişə olduğu kimi, yenə də gülümsəyirdi, yumşaq saçları üzünə tökülmüşdü; onun yanında da mən durmuşdum. Görünür ki, gülmək istəmişəm, ancaq dodaqlarımı dişləyib özümü zorla saxlaya bilmişdim. Yaxşı yadımdadır, şəkil çəkdirəndə Vüsal məni tez-tez dümsükləyib güldürmək istəyirdi, ancaq bacarmırdı.
Bunu və başqa şəkilləri arxivdən götürüb albomun içinə qoydum.
Bir neçə gündən sonra Vüsalın qohumlarından birinə rast gəldim. Onun haqqında xəbər aldım. Dürüst bir şey deyə bilmədi. Gah dedi ki, Bakıda işləyir, gah da dedi ki, Moskvaya oxumağa gedib. Axırda təəccüblə mənə baxıb soruşdu:
— Bəs sən oğlunu məktəbdə görmürsən?
— Vüsalın oğlunu?
— Bəli.
— Adı nədir?
— Gərək ki, Çinardır.
Bundan çox sevindim. Ertəsi gün səhər altıncı sinifdə dərs zamanı sinif dəftərinə baxırdım, Çinar adını axtarırdım: budur, tapdım — Veysəlov Çinar.
Ona baxmaq üçün uşağı yazı taxtasına çağırdım; vurulmuş yumşaq tüklərini sol əli ilə yana itələyən qaraşın bir oğlan yerindən qalxıb mənə yaxınlaşdı. Mən elə bil Vüsalı gördüm. O da elə bu cür saçlarını sol əli ilə üzündən yığardı, yerişi də elə bil atasının yerişi idi.
Arada imkan tapıb soruşdum:
— Atan harada işləyir?
— MTS-də.
— Nəçidir?
— Baş aqronom.
Dərsdən sonra onu müəllimlər otağına çağırdım. Albomu açıb atasının şəklini göstərdim.
— Tanıyırsanmı? — dedim.
Çinar diqqətlə baxdı, sonra başını yırğaladı.
— Bəs MTS-in baş aqronomunu tanımırsan? — dedim.
O, bu sözümdən sonra elə bil qızaran kimi oldu. Çəkinə-çəkinə bir də şəkilə baxdı.
— Yaxşı, indi de görüm, o haradadır?
— Moskvada, birilliyə oxumağa gedib. Baharda gələcək.
Bir il çox uzun çəkdi. Dost yolunu gözlərkən günlərin elə bil ikiqat uzandığını kim bilmir ki?
Bahar yaxınlaşırdı, uşaqlar məktəbyanı təcrübə sahəsində çoxlu bitki əkmişdilər. Bu işdə dostumun oğlu daha həvəslə çalışırdı. Məktəbyanı təcrübə sahəsi bir hektardan çox olardı. Burada becərilən bir neçə bitki sınaqdan çıxdıqdan sonra kolxoz onu əkməyə başlayacaqdı.
Budur, yenə may ayında birdən-birə şaxtalar düşdü.
Bu, gecə yarısı gözlənilmədən olmuşdu. Tüstüyə yuxudan ayıldım. Pəncərələrin şüşələrində qırmızı kölgələr oynaşırdı. Vahimə içərisində ayağa qalxdım. Mənə elə gəldi ki, məktəb binası yanır. Tez çölə çıxdım. Tüstü aşağıdan, təpənin ətəyindən qalxırdı. Havanın şaxtasını hiss edib hər şeyi başa düşdüm. Sakitləşdim.
Uşaqlar gecə ikən şaxta düşdüyünü duymuş və təcili tədbir görmüşdülər. Aşağıda təcrübə sahəsinin hər tərəfindən qatı tüstü qalxırdı. Mən, doğrusu, pərt oldum: «Necə olub ki, xəbər tutmamışam?».
Aşağı endim. Uzaqda, ala-qaranlıqda tüstünün içində qara kölgələrin o yan-bu yana hərəkət etdiyini görürdüm. Bunlar mənim şagirdlərim idi. Birdən Çinar yanımdaca elə bil qaranlıqdan baş vurub çıxdı. Onun qucağı çırpı ilə dolu idi.
— Müəllim, deyəsən, sizi narahat etdik. Atam da buradadır...
— Vüsal? — deyə təəccüblə soruşdum.
— Bəs hanı?
— Orada, uşaqların yanındadır.Mən tüstü burulğanı içindən keçib aşağı tərəfə üz qoydum. Birdən kimsə qolumdan yapışdı. Qarşımda enlikürək, ucaboy bir adam durmuşdu.
— Vüsal!
— Mənəm, — deyə o, boynuma sarıldı.
Gözçıxaran tüstüyə baxmayaraq, biz dinməz-söyləməz bir-birimizi qucaqlaya-qucaqlaya durduq.
Həyəcanla soruşdum:
— Nə vaxt gəlmisən?
— Elə bu axşam... Gecə yarısı qapının səsinə oyandım. Çinarın geyinib getdiyini gördükdə təəccübləndim. Müxtəsər, mən də geyinib gəldim. Belə oğuldan danış, uzaq yoldan gəlmiş atasını evdə tək qoymaq istəmişdi.
Bunu deyib o, bərkdən güldü və soruşdu:
— Üşümürsən ki?
— Yox, — dedim.
— Elə isə oturaq.Biz nəm otluğun üstündə oturub uşaqların hərəkətlərinə tamaşa edirdik. Birdən Vüsal mənə tərəf qanrılıb:
— Yadındadırmı? — deyə soruşdu.Mən onun nə demək istədiyini başa düşdüm...
— Yadımdadır, çox yaxşı yadımdadır, — dedim.
— Elə biz də bu cür sübhədək yatmadıq. Bahar tüstüləri ilə əlimizin zəhmətini qoruduq.Vüsal bir köynəkdə oturmuşdu, mən yay paltomu çıxarıb hər ikimizin çiyninə saldım və üfüq qızaranadək oturub söhbət etdik.
Aşağıda ocaqlar çatırtı ilə tüstülənirdi. Ağ tüstülər burula-burula yuxarı qalxır, bozarmağa başlayan bahar səmasına yayılırdı. Dan yeri söküldükcə gözlərimiz xumarlanır, xatirələr bizi uşaqlıq illərinin daha dərinliklərinə çəkib aparırdı.
Biz çiyin-çiyinə oturmuşduq. Vüsal gözlərini aşağılara dikib susmuşdu... O, uşaqlığında olduğu kimi yenə qaradinməz idi. Lakin üzü həmişəki kimi gülümsəyirdi. Doğrudur, xoş sifətinin cizgilərində uşaqlığından heç bir iz qalmamışdı, lakin yumşaq saçları əvvəlki kimi üzünə tökülürdü.
Sübh açılırdı. Yanımızdan ötən bir uşaq qoltuğuna vurduğu uzun quru budaqları sürüyə-sürüyə aparırdı. Ala-qaranlıqda dərhal onu tanıdıq. Çinar idi.
06.05.2026