Nağıllar, hekayələr

Yaz

Balaca Könül bağda oturub quşlara tamaşa edirdi. Quşlar qanadları ilə bir-birini sığallayır, dimdikləşir, nəğmə oxuyurdular:


– Yaz gəlmişdir, yazzz… yazzz!


Soyuğu azzz!… azzz!


Gecələri bəyaz!.. bəyazzz!

 

Quşlar oxuduqca elə bil kamanın nazik teli səslənirdi:


– Mən yuva qurmaq istəyirəm, qur…maq, bala uçurmaq!

 

Sonra elə bil dəfin qumrovları cingildəyirdi:


– Bizz… də… Bizz də! Uçmaq istəyirik.

 

Birdən sanki kiminsə dişləri bir-birinə dəydi. Şaqqıltı səsi bağı bürüdü:


– Yoxxx! Yoxxx. Tələsməyin. Məni də gözləyin, məni də!..

 

Bu, dolaşa idi…


Birdən budaqlardan sanki incə bir qəhqəhə ucaldı. Bu, bildirçin idi.


Hop-hop da özünü saxlaya bilmədi:


– Hop-hop-hop – edə-edə, otların arası ilə atıla-atıla gəzirdi. Elə bu vaxt novruzgülü qarın altından başını qaldırıb dedi:


– Yerin üstü nə işıqlıdır! Mən üşümüşəm, canıma günəşin istisi dolsun. Nəfəsimdə ətir olsun! Mən yaz çiçəyiyəm, yazın nağılını danışıram.

 

Quşlar susdular, bağa sükut çökdü. Onlar novruzgülüyə qulaq asırdılar.