İgid döyüşdə bəlli olar
Biri var idi, biri yox idi, Daşgüvar adlı zalım şah var idi. Şahın Xanbala və Bəybala adlı güclü-qüvvətli oğlanları var idi. Padşah da onlara baxıb “mənim bəy balam”, “mənim xan balam” deyə sevib-oxşayardı.
Padşahın bir mehtəri var idi. Oğlu Nərbala ilə birlikdə şahın atlarını bəsləyirdi. Bir gün Xanbala ilxıdan şahzadəyə yaraşan bir at seçmək istədi. Mehtər boz rəngli bir qulunu göstərib dedi:
– Bircə il bu quluna yaxşı qulluq olunsa, cıdırda ona çatan at olmaz.
– Bu yabını oğlun Nərbalaya saxla, – deyə Xanbala başqa at seçdi.
O gündən Nərbala boz quluna xüsusi qulluq etməyə başladı. Aylar keçdi, boz, çəlimsiz qulun ağappaq köhlən ata çevrildi.
Mehtər Xanbala və Bəybalanın xasiyyətinə yaxşı bələd idi. Onlar hamıya yuxarıdan aşağı baxar, başqalarının uğurunu gözləri götürməzdi. Mehtər oğluna tapşırmışdı ki, atı yalnız gecələr xəlvətcə şəhər qırağında sürsün. Yoxsa şahzadələr görsələr, paxıllıqdan onu cəzalandırarlar. Kim inanardı ki, bu gözəllikdə at həmin boz qulundur...
Bir gün qonşu ölkənin hökmdarı Səlim şah hücum çəkib şəhərin yaxınlığında düşərgə qurdu. Daşgüvar şaha xəbər göndərdi ki, pəhləvan yarışı keçirsinlər. Kimin pəhləvanı qalib gəlsə, şəhər onun olsun.
Bunu eşidən Nərbala padşahın hüzuruna gəlib baş əydi:
– Qibleyi-aləm, icazə verin, sabahkı döyüşə mən çıxım.
– Aslan kimi oğlanlarıma nə gəlib ki, ölkəmi mehtər oğlu xilas eləsin! – deyə şah dilləndi.
Şahın belə rəftarından Nərbala çox məyus oldu.
Ertəsi gün qoşunlar üz-üzə dayandı. Dava təbili vuruldu. Səlim şahın məşhur Dəmirbilək pəhləvanı meydana çıxdı. Əvvəl onunla Bəybala döyüşdü.
Amma döyüş uzun çəkmədi. Dəmirbilək elə birinci zərbədə Bəybalanı atdan saldı, düşüb əl-qolunu bağladı. İşi belə görən Xanbala cəld meydana atıldı.
Dəmirbilək pəhləvan bir andaca onu da Bəybalanın yanına uzatdı. Daşgüvar şah isə qəzəbdən dodaqlarını çeynəyirdi. Bu vaxt ağ paltarlı, ağ niqablı, ağ atlı bir oğlan ildırım kimi meydana şığıdı. Atını Dəmirbilək pəhləvanın qarşısında saxladı.
Döyüş başladı. Əvvəlcə ağ atlı oğlanla Dəmirbilək pəhləvan qılınc savaşına çıxdılar. Bundan bir şey hasil olmadı. Daha sonra qurşaq tutub güləşməyə başladılar. Ağ atlı oğlan bir nərə çəkib Dəmirbilək pəhləvanın kürəyini yerə çırpdı. “Əhsən” səsi göyə ucaldı. Ağ atlı oğlan Daşgüvar padşaha yaxınlaşdı, niqabını üzündən açdı:
– Qibleyi-aləm, məni qəhrəmanlığa layiq görməsən də, Vətən torpaqlarımızı təhlükəyə ata bilməzdim. Qəhrəmanlıq var-dövlətlə alınmır. Əsl qəhrəman döyüş meydanında hünər göstərəndir.
15.09.2026