Nağıllar, hekayələr

Lev Tolstoy. Qartal

Qartal yuvasını dənizdən xeyli uzaqda qurmuşdu. Yuvasını tikib bitirdikdən sonra yumurtladı və balaca-balaca balaları oldu.

 

Günlərin bir günü ovladığı böyük balığı caynağıyla möhkəm-möhkəm tutub yuvasına qayıdırdı. Bir də baxıb gördü ki, yuva qurduğu ağacın ətrafına insanlar yığışıb. Adamlar qartalın caynağındakı balığı görəndə qışqırıb ona daş atmağa başladılar.

 

Qartal caynaqları arasındakı balığı buraxdı. İnsanlar da balığı götürüb çıxıb getdilər.

 

Qartal yuvasının kənarına qondu, düşüncəyə daldı. Yazıq balaları isə acından ağlamağa başladılar.

 

Qartal çox yorğun idi. Yenidən dənizə uçub balıq tutası, geri qayıdası halı yox idi.

 

Əzgin halda yuvanın içinə girdi, qanadları ilə balalarını qucaqladı, zərif tüklərini oxşamağa başladı. Sanki onlara bir az da səbir etmək lazım olduğunu demək istəyirdi. Amma nədənsə anaları onları oxşadıqca balalar daha çox ağlayırdılar.

 

Ana qartal qanadlarını çırparaq balalarının yanından uzaqlaşdı. Uçub təpədəki bir budağa qondu.

 

Bu dəfə balalar daha acı-acı qışqıraraq ağlamağa başladılar.

 

Ana qartal daha tab gətirə bilmədi. Amansız bir fəryad etdi, qanadlarını açdı, ox kimi dənizə doğru uçub-getdi.

 

Geri qayıdanda artıq qaranlıq düşürdü. Yavaş-yavaş alçaqdan uçaraq yuvaya yaxınlaşdı. Caynaqları arasında yenə böyük bir balıq var idi.

 

Ağaca yaxınlaşanda diqqətlə ətrafa göz gəzdirdi. İnsanların yenə də orada olacağından narahat idi. Heç kəsi görməyəndə qanadlarını yığdı, yuvanın kənarına qondu.

 

Bala qartallar ağızlarını açıb gözləyirdilər. Anaları balığı kiçik parçalara ayırıb balalarına verdi. Balalar sevinclə yeyib qarınlarını doyurdular.