Təbiət

Yerin illik hərəkəti

Yer Günəş sisteminə daxil olan digər planetlərdən təkcə həyatın mövcud olmasına görə fərqlənmir. Yer bu sistemdə aralıq mövqe tutduğuna görə orta temperatura malikdir. Eyni zamanda, onun ayrı-ayrı məntəqələrində təbii şərait müxtəlif olur. Bu müxtəlifliyi yaradan amillərdən biri də onun Günəş ətrafında fırlanması və xəyali fırlanma oxunun orbit müstəvisinə meyilli olmasıdır.

 

Yerin Günəş ətrafında meyilli hərəkəti zamanı onun səthi il ərzində müxtəlif dərəcədə istilik və işıq alır. Nəticədə fəsillər əmələ gəlir və 4 hadisə fərqləndirilir. Bu hadisələr hər il eyni vaxtda təkrar olunur. Onlara fəsillərin dəyişdiyi günlər - 21 mart, 23 sentyabr, 22 iyun, 22 dekabr aiddir.

 

21 martda günorta vaxtı Günəş ekvator üzərində zenitdə olur, yəni onun şüaları buraya düz bucaq altında düşür. Bu halda Şimal və Cənub yarımkürələri bərabər miqdarda günəş istiliyi alır, gecə və gündüzün uzunluğu bərabər olur. Bu zaman Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində payız başlanır. Ekvatordan uzaqlaşdıqca günəş şüalarının düşmə bucağı və yer səthinin aldığı istilik də azalır.

 

Eyni hadisə 23 sentyabrda da baş verir. Lakin 21 martdan fərqli olaraq bu zaman yarımkürələr üzrə fəsillərin başlanmasının yeri dəyişir. Həmin gün Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz başlanır.

 

Yerin orbit üzrə hərəkəti davam etdiyinə görə 21 martdan sonra Günəş şüalarının zenitdə olduğu enliklər şimala doğru dəyişir. 22 iyunda Günəş 23°27’ şimal enliyinə çatır. Bu paralel Şimal tropiki* adlanır. Həmin vaxt Yerin şimal hissəsi Günəşə tərəf çevrildiyinə görə Şimal yarımkürəsi daha çox istilik alır. Ona görə burada yay fəsli olur. Həmin vaxt Cənub yarımkürəsi Günəşdən az istilik alır, burada qış fəsli yaşanır.

 

22 dekabrda isə Günəş 23°27‘ cənub enliyində zenitdə olur. Bu paraleldən cənubda Günəş zenitdə olmur. Həmin paralel Cənub tropiki adlanır.

 

22 dekabrda Yerin Cənub yarımkürəsi Günəşə tərəf çevrilir və bura daha çox istilik alır. Ona görə ekvatordan cənubda yay fəsli olur. Şimal yarımkürəsi az qızdığına görə burada qış fəsli yaşanır. Subtropik və mülayim enliklərdə fəsillərin dəyişməsi aydın müşahidə olunur.

 

Beləliklə, Günəş il ərzində Şimal və Cənub tropikləri arasında zenitdə olur. Ona görə bu ərazilər kifayət qədər istilik və işıq alır. Yerin hərəkəti nəticəsində sutkalıq və illik ritmik hadisələr baş verir, təbiətdə mövsümi dəyişmələr gedir.


Yerin Günəş ətrafında hərəkəti nəticəsində ilboyu onun ayrı-ayrı əraziləri müxtəlif dərəcədə istilik alır. Ona görə istiliyin kifayət qədər olduğu ekvatorial və tropik enliklərin şərqində rütubətlənmə də olduğuna görə həyat daha zəngindir. Burada meşələr və kolluqlar inkişaf edir, müxtəlif növ heyvanlar vardır.


Mülayim və subtropik enliklər il ərzində müxtəlif dərəcədə qızır, fəsillər aydın müşahidə olunur. Qütblər və onların ətraf sahələri ilin çox hissəsində az istilik aldığına görə bitki və heyvanlar aləmi nisbətən zəif inkişaf edir.