Övliya Çələbi. Səyahətnamə
Atam mənə tarixə aid çoxlu kitab hədiyyə etmişdi. O kitabları oxuduqca gəzib-dolaşmaq istəyim artdı. Atam deyirdi ki,səyahət etmək üçün müxtəlif dilləri bilmək zəruridir. Qısa müddətdə dil öyrənməyə başladım. Səyahətə çıxmaq üçün tələsirdim. Dünyanı gəzmək istəyim gündən-günə artırdı.
Bir karvanın Misirə gedəcəyini eşitmişdim. Tez karvanbaşını tapıb onlarla getmək istədiyimi bildirdim.
- Çətin bir yola çıxırıq, tab gətirməzsən, - deyə karvanbaşı etiraz etdi.
- Nə olursa olsun, piramidaları görməliyəm.
Çox dil tökdükdən sonra karvanbaşını razı saldım...
Hava çox isti idi. Qumqumamdakı su da azalmışdı, amma biz hələ yolun başındaydıq. Karvanbaşıdan soruşdum:
- Su bitərsə, nə edəcəyəm?
- Getdiyimiz yolda bir quyu olacaq. Amma ora axşama çatarıq. Qənaətlə işlətməyə çalış. Sənə heç kim su verməz. Çöl qanunudur bu!
Yolumuza davam etdik. Qarşıdan bir qara bulud sürətlə bizə yaxınlaşırdı. Həyəcanlandım:
- Bu nədir?
- Qum fırtınası, - deyə karvanbaşı gülümsədi.
- İndi nə edəcəyik?
- Gizlənəcəyik.
- Nə?! Harada? Səhrada gizlənmək üçün yermi var?
- Dəvələrdən düşün, - deyə karvanbaşı qışqırdı.
Dəvələri quma yatırdıq, üz-gözümüzü sarıyıb onların yanında uzandıq. Çox keçmədi ki, külək başladı. Getdikcə şiddətlənən səhra küləyi qumu göyə sovurur, hər tərəfi tozdumana bürüyürdü. Nəfəs almaq olmurdu. Qum dənələri heyvanlara dəyib onları ürküdürdü.
Bir neçə saatdan sonra külək yavaş-yavaş sakitləşdi. Biz üstümüzə yığılmış qum təpəciyinin arasından silkələnib ayağa qalxdıq. Dəvələrin bir neçəsi ürküb qaçmışdı. Altı nəfərə üç miniyimiz var idi.
Bir xeyli yol getdik. Birdən təpələrin arxasında gizlənmiş bədəvilər bizə hücum etdilər. Onlar pulumuzu, dəvələrimizi, silahlarımızı əlimizdən aldılar. Çətin vəziyyətə düşmüşdük: dəvəsiz, silahsız səhrada nə edəcəkdik?
Bir xeyli piyada gedəndən sonra karvanbaşının nişan verdiyi quyuya çatdıq. Doyunca su içdik. Yaxınlıqdakı xurma ağaclarının altında bir dəvəçi əyləşmişdi. Dəvə kirayələmək istəyirdik, amma pulumuz yox idi. Mən ona yaxınlaşıb yanında oturdum. Bir xeyli söhbət etdik, tanış olduq. Misirə səfər etdiyimizi biləndə həyəcanlandı. Məni daxmasına apardı. Köhnə əşyalarının içindən bir xəritə çıxardı:
- Bu bir xəzinə xəritəsidir. Böyük piramidanın xəritəsi. Piramidanın içi labirint formasındadır. Otaqların qapısında tələ qurulub. Tələdən canını qurtara bilsən, digər otağa keçirsən. Xəzinə ən sonuncu otaqdadır.
Elə bu vaxt karvanbaşı və digərləri də bizə yaxınlaşdılar. Dəvəçi xəritəni mənə uzatdı:
- Xəritəni sizə verə bilərəm, amma bir şərtlə: tapdığınız xəzinəni mənimlə bölüşəcəksiniz. Əgər şərtimlə razılaşsanız, sizə bir neçə dəvə də verərəm. Bir də, xəritə bu cavan oğlanda qalacaq, - deyib əli ilə məni göstərdi.
Böyük piramidaya xəzinə ardınca getmək təhlükəli olsa da, başqa əlacımız qalmamışdı. Yola davam etmək üçün dəvələrə ehtiyacımız var idi.
Tuluqları su ilə doldurub dəvələrə yüklədik. "Yolçu yolda gərək" deyib yola çıxdıq. Dəstə üzvləri karvanbaşıya dedilər:
- Doğrudanmı xəzinəni tapsaq, dəvəçi ilə bölüşəcəyik?
Karvanbaşı onlara mənim anlamadığım dildə cavab verdi. Onların məndən nə isə gizlətdiklərini anladım. Bu adamlara inanmaq olarmı? Xəzinəni tapsaq, məni sağ bura xarlarmı? Onlara heç güvənmirdim. Bu düşüncələrlə xəritəni açıb diqqətlə baxdım. Xəritə iç-içə keçmiş yollardan və otaqlardan ibarət idi. İki yerə qatladım. Simmetrik idi. Ortadan cırıb yarısını cibimə qoydum.
Bir neçə gündən sonra Sina çölünə çatdıq. Uzaqdan təpəyə bənzər nə isə görünürdü. Yaxınlaşdıqca təpə böyüyür, piramidalar aydın sezilirdi.
Düşündüklərim başıma gəldi: dəstə üzvləri mənzilə çatdığımızı görən kimi mənə hücum etdilər. Xəritəni və dəvəmi əlimdən aldılar. Məni səhrada qoyub piramidalara doğru getdilər.
07.09.2026