Bu maraqlıdır!

“8” rəqəmi və tariximiz

İnsan həyatında rəqəmlərin rolu danılmazdır. Rəqəmlər olmasa, vaxtı təyin etmək, nəyi isə ölçmək, hesablamaq mümkün olmaz. Bununla yanaşı, bəzi rəqəmlər müxtəlif anlayışların simvoluna çevrilib. Məsələn, "yeddi" dedikdə göy qurşağının yeddi rəngi, yeddi musiqi notu yada düşür.

 

Belə rəqəmlərdən biri də 8-dir. O, zənginlik, rifah, uğur rəmzidir. Üfüqi vəziyyətdə isə (∞) 8 sonsuzluq simvoludur.

 


Bəzi inanclara görə, qədim insanlar həm Yer kürəsinin, həm də Günəşin səkkizguşəli olduğunu düşünüblər. Onlar inanıblar ki, Günəşin səkkiz şüası dünyanın səkkiz guşəsinə istilik, işıq paylayır. Bu inancın Günəş sistemində 8 planetin: Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Uran və Neptunun olması ilə bir bağlılığı varmı?.. Cavab vermək çətindir...

 

Uzun illərdən bəri "8" rəqəmi xanımlarla assosiasiya olunur. 8 Mart qadınlar üçün əlamətdar gün olduğuna görə bu rəqəm özündə gözəllik, zəriflik ehtiva edir.

 

Azərbaycan xalqının taleyində də 8 rəqəminin müstəsna yeri var. Elə Azərbaycanın Dövlət gerbi və Dövlət bayrağı üzərindəki ulduzun səkkizguşəli olması bunu deməyə əsas verir.

 

28 may 1918-ci il! Bu gün Azərbaycan xalqının çoxəsrlik tarixində ən parlaq və yaddaqalan gün oldu. Şərqdə ilk demokratik cümhuriyyət məhz Azərbaycanda quruldu. Az müddət ərzində çox işlər görüldü.

 

Amma, təəssüf... Müstəqilliyimizin ömrü çox qısa oldu. 1920-ci il aprel ayının 28-də Azərbaycan bolşevik Rusiyası tərəfindən yenidən işğal olundu. Bu minvalla uzun illər sovet imperiyasının əsarətində qaldıq.

 

Nəhayət, 71 il sonra Azərbaycan dövləti öz müstəqilliyini bərpa etdi. 18 Oktyabr Azərbaycanın Müstəqilliyinin Bərpası Günü, 28 May isə Müstəqillik Günü kimi qeyd olundu. Azərbaycan xalqı xoşbəxt idi. Milli kimliyini dünyaya bəyan etmişdi. Çətinliklərə sinə gərərək möhkəmlənməyə çalışırdı...

 

Lakin yenidən Azərbaycanın başı üzərində qara buludlar dolaşmağa başladı. 1992-ci il may ayının 8-də Azərbaycanın baş tacı, göz bəbəyi olan Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. O gündən "8" rəqəmi nisgilli rəqəm kimi Azərbaycan xalqının yaddaşına hopdu.

 

Azərbaycan xalqı 30 ilə yaxın bu faciənin acısını yaşadı, amma ruhdan düşmədi, var gücünü toplayaraq öz sözünü dedi. Bütün dünyaya əzmini, iradəsini, vətən sevgisinin nəyə qadir olduğunu nümayiş etdirdi. Xalqımız öz müqəddəs torpaqlarını işğaldan azad etmək məqsədilə yumruq kimi birləşdi. Vətənin hər qarışından ötrü ölüm-dirim savaşına başladı. 2020-ci ilin payızında 44 gün davam edən Vətən müharibəsində müzəffər ordumuz öz canı, qanı bahasına doğma yurdu düşmən tapdağından təmizləyərək Qarabağın müqəddəratını əbədi olaraq həll etdi.


Müstəqilliyin Bərpası Günü şərəfinə 18 oktyabr tarixində Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı dalğalandı. Noyabrın 8-də isə qəhrəman oğullarımız Azərbaycanın dilbər guşəsi Şuşanı azad etdilər.

 

Beləliklə, "8" rəqəmi bu ağır yükdən xilas oldu. Bu rəqəmlə Azərbaycan tarixində "Zəfər Günü" kimi müqəddəs və şanlı səhifə açıldı.