Bu maraqlıdır!

Nyutonun ikinci qanunu

Qüvvə ilə təcil arasındakı əlaqəni araşdıran şagirdlər ipin bir ucunu sükunətdəki arabacığa, digər ucunu isə yükə bağlayıb yükü sərbəst buraxırlar. Sağa tərəf hərəkət edən arabacağın sürəti getdikcə artır. Daha sonra arabacığı əvvəlki vəziyyətinə qaytarırlar, üzərinə yüklər əlavə edirlər və təcrübəni təkrarlayırlar.

 

Əvəzləyici qüvvənin sıfıra bərabər olduğu hallarda cismin hərəkəti Nyutonun birinci qanunu ilə ifadə olunur. Cismə tarazlaşmayan qüvvələr təsir etdikdə isə o sükunətdədirsə, hərəkətə başlayır, hərəkət edirsə, sürəti artır və ya azalır. Sürətin dəyişməsi təcil kəmiyyəti ilə ifadə olunur. Deməli, əvəzləyici qüvvə sıfırdan fərqli olduqda cisim təcillə hərəkət edir. Təcrübələrdən məlum olmuşdur ki, cismə təsir edən əvəzləyici qüvvə, onun təcili və kütləsi arasında əlaqə var.

 

Yükə ağırlıq qüvvəsi təsir edir. Bu qüvvə ipdə gərilmə qüvvəsinin yaranmasına səbəb olur. Gərilmə qüvvəsi isə arabacığa təsir edərək onu hərəkətə gətirir. Bunun nəticəsində arabacığın bərabər zaman intervallarında sürətinin necə dəyişdiyi müəyyən edilir və sürət-zaman qrafiki qurulur.

 

Cismin kütləsini sabit saxlayaraq ona təsir edən qüvvəni artırıb-azaltmaq və təcili hesablamaq mümkündür. Həmçinin qüvvəni sabit saxlayaraq cismin kütləsini artırıb-azaltmaq da olar. Təcrübə göstərir ki, cismin təcili əvəzləyici qüvvə ilə düz mütənasibdir. Cismin kütləsi sabit qaldıqda əvəzləyici qüvvə artarsa, yaxud əvəzləyici qüvvə sabit qaldıqda onun kütləsi azalarsa, cismin sürəti daha tez dəyişər. Bu isə cismin təcilinin daha böyük olması mənasına gəlir.

 

Tarazlaşmayan qüvvələrin təsiri altında hərəkət edən cismin təcili ilə kütləsi və ona təsir edən əvəzləyici qüvvə arasındakı əlaqə Nyutonun ikinci qanunu ilə ifadə olunur.

 

Cismin təcili ona təsir edən əvəzləyici qüvvə ilə düz, kütləsi ilə tərs mütənasibdir.

 

Təcil həmişə əvəzləyici qüvvə ilə eyni istiqamətə yönəlir. Məsələ həllində əvəzləyici qüvvə tapılaraq kütlə ilə təcilin hasilinə bərabər edilir. Nyutonun ikinci qanunu bir çox halda F = ma şəklində yazılır.