Ülkər Nurullayeva. Bir mərcin tarixçəsi
Boston restoranlarının birində iki dost süfrə arxasında söhbət edirdi. Onlar adaş idilər: velosiped zavodunun direktoru Albert Poup və həkim Albert Rider. Dostlar arasında başlanan mübahisə get-gedə qızışırdı. Mister Poup dostu ilə razılaşmırdı:
- Mister Rider, məncə, siz qadınların əqli və fiziki imkanlarını düzgün qiymətləndirmirsiniz. Müasir qadınlar cəmiyyətdə kifayət qədər fəaldırlar. Baxın, kişilər kimi onlarda artıq velosiped sürürlər,hətta öz velosiped klublarını yaradıblar.
- Əzizim, onlar velosiped sürə bilərlər. Ancaq deyin görüm, hansı qadın Stivensin rekordunu təkrarlaya bilər? On min dollardan mərc gəlirəm ki, heç bir qadın velosipedlə dünya ətrafına dövrə vura bilməz.
- Stivensin rekordundan 10 il keçib. Zəmanə dəyişib... Bilirsiniz, mən bir qadın tanıyıram. Məncə, o sizin mərcinizi qəbul edər.
Albert Poup tanışı Enni Koeni nəzərdə tuturdu. 24 yaşlı bu xanım qəzetdə reklam şöbəsində çalışırdı. Poup istehsal etdiyi velosipedlərin reklamını həmin qəzetdə verirdi. Ona görə də Enni ilə tez-tez ünsiyyətdə olurdu. Miss Koenin işgüzarlığı, insanları inandırmaq və məqsədinə çatmaq bacarığı Poupu heyran edirdi.
Növbəti gün Poup Enni ilə görüşüb onu məsələdən agah etdi. Gənc qadın əvvəlcə bu təklifi təəccüblə qarşıladı:
- Siz zarafat edirsiniz? Mən heç velosiped sürməyi də bacarmıram. Özü də, üç uşaq anasıyam. Yox, yox, bu iş mənlik deyil...
- Miss Koen, yaxşı fikirləşin, söhbət on min dollardan gedir.
Enni üçün bu, fantastik məbləğ idi. Mərci udsaydı, bu pula yeni ev alar, uşaqlarını yaxşı məktəbə qoyardı. Bir də ki, dünya səyahətinə çıxmaq çox cəlbedici fikir idi.

Üç gündən sonra mərc kəsənlər arasında yazılı müqavilə bağlandı:
- Bağışlayın, siz Enni Londonderrisiniz?
- Bəli. Bəs siz...
- Mənim adım Maykldır. "Sterlinq" velosiped zavodunu təmsil edirəm. Bizim sizə işgüzar təklifimiz var. İstərdik ki, səyahətinizə "Sterlinq" markasından olan velosipedlə davam edəsiniz. Şirkətimiz istədiyiniz modeli sizə hədiyyə etməyə hazırdır. Yolboyu velosipedlərimizi reklam etsəniz, əlavə olaraq 500 dollar ödəyə bilərik.
Sonra oğlan uzun-uzadı "Sterlinq" kompaniyasının velosipedlərini tərifləməyə başladı. Amma Enni artıq onu eşitmirdi. Onun sevincdən başı hərlənirdi.
"Sterlinq"lə müqavilə bağlayıb pulunu alan kimi Enni kişi geyimləri satılan mağazaya getdi...
Ertəsi gün bütün qəzetlərdə kişi geyimində velosiped sürən Enninin şəkli dərc olundu. Ona heyran olanlar da var idi, qınayanlar da. Ətrafında yaranan səs-küy Ennini daha da məşhurlaşdırırdı. Şəhərlərdə insanlar yolboyu düzülüb onu qarşılayırdılar. Hətta məşhur adamlar onunla şəkil çəkdirmək, avtoqraf almaq üçün qaldığı hotelə gəlir, görüş üçün növbəyə dururdular. Müxtəlif şirkətlər reklam olunmaq üçün Enni ilə müqavilə bağlamağa can atırdı. Səyahəti boyu o, 60-dan çox reklam müqaviləsi bağladı. Bununla da yol xərcliyi və əlavə 5000 dollar qazandı.
- Mister Rider, miss Londonderri qəbul otağında sizi gözləyir.
- Deyin, gəlsin.
Enni qıvraq addımlarla içəri daxil olub soyuq tərzdə salamlaşdı. Əlindəki qovluğu masanın üstə qoyub açdı. Müxtəlif ölkələrdə Amerika səfirliklərindən alınmış şəhadətnamələri masanın üstünə düzdü.
- Buna ehtiyac yoxdur. Mən sizin səyahəti qəzetlər vasitəsilə izləyirdim.
Bunu deyib Albert Rider otağın küncündəki seyfə tərəf yönəldi.