Şəkər Duz
Maddələrin rəng, iy, dad, hal, sıxlıq, ərimə və qaynama temperaturu və s. kimi müəyyən fiziki xassələri var. Maddənin rəng, iy və dad kimi bəzi fiziki xassələrini duyğu orqanlarımızla müəyyən edə bilirik.
Məsələn, biz suyun rəngsiz və maye halda olduğunu görürük. Maddələrin əksər xassələrini isə ölçmə apararaq müəyyən edirik. Suyun ərimə və qaynama temperaturlarını ölçərək müəyyən etdiniz.
Keçmişdə yeni maddələr kəşf edən alimlər onların iyini və dadını müəyyənləşdirmək istəyirdilər. Kəşf etdikləri maddələrin bəziləri zərərli olduqları üçün alimlərin sağlamlığına ciddi ziyan vururdu. Bəzi maddələrin buxarı və bir çox qazlar sağlamlığımıza ciddi təhlükə yaratdıqları üçün iyi müəyyən edərkən qabı üzə yaxın tutmaq olmaz.
Həmçinin təhlükəsizliyinə əmin olmadığınız maddələrin dadını yoxlamaq təhlükəlidir.

Maddələr xassələrinə görə bir-birindən fərqlənir, ancaq bəzi fərqli maddələrin oxşar xassələri də var. Şəkər və xörək duzu ağ rəngdə bərk maddələrdir, onların dadı və ərimə temperaturları isə fərqlidir.
Maddənin ərimə və qaynama temperaturunu bilməklə onun müəyyən bir temperaturda hansı halda olduğunu müəyyən etmək olar. Məsələn, buzun ərimə temperaturu 0°C, qaynama temperaturu isə 100°C-dir. Deməli, su 0°C-dən aşağı temperaturda buz (bərk), 0°C-dən yuxarı və 100°C-dən aşağı hər hansı bir temperaturda maye, 100°C-dən yüksək temperaturda isə buxar halındadır.
Müxtəlif maddələrin hal dəyişikliyi fərqli temperaturlarda baş verir. Məsələn, sudan fərqli olaraq naftalin 80°C-də əriyir və 218°C-də qaynayır. Bir maddə ərimə temperaturundan aşağı temperaturda bərk, ərimə temperaturundan böyük, ancaq qaynama temperaturundan kiçik hər hansı temperaturda maye halında olur. Maddə qaynama temperaturundan yuxarı temperaturda isə qaz halına keçir.
17.09.2026