Fidan Fərzəliyeva. Vətənə qayıdış
Yaşıl məxmərə bənzəyən enişli-yoxuşlu yolu qət etdikdən sonra Ayaz və onun qəhrəman atası artıq azadlıqla nəfəs alan Cıdır düzündə dayanıb, hər bir kölgəsində dastan yatan qayaları seyr edirdilər. Sıldırım qayalar günəşin altında parıldayır, bəzən qızılı, bəzən isə boz rənglərə bürünürdü. Yağış damlaları onların üzərindən inci kimi süzülür, külək isə bu daşların arasından keçib sanki qədim hekayələr pıçıldayırdı. Ayazın atası isə bu möhtəşəm qayaları seyr etdikcə öz hekayəsini görürdü. Qəhrəman ata bülbülün səsi əvəzinə, topların səsini eşidir, qayalara baxdıqca düşmən üzərinə cəsarətlə gedən döyüş yoldaşlarını xatırlayırdı. Onu qəfil düşüncələrdən ayıran on yaşlı oğlu Ayazın səsi oldu:
-Ata, nə düşünürsən belə dərin-dərin?
Qəhrəman ata köks ötürüb dilləndi:
-Oğlum, bu əzəmətli dağlar təkcə təbiət abidəsi deyil, onlar xalqın qüruru, müqəddəs yaddaşı və azadlığın daşıdır. Bu torpaqlar uğrunda vaxtilə çox qanlar tökülüb, yağı düşmənlərin həmişə yurdumuzda gözü olub. Bizi xarı bülbüldən, muğamımızdan ayırmaq, şeirimizdən, azadlığımızdan məhrum etmək istəyiblər. Bu şəhər əsrlərlə sınanıb, amma sınmayıb, çünki onun təməlində daş yox, inam dayanır. Elə bu inam bizi doğma Şuşamıza qovuşdurdu. Başda Ali Baş Komandan, Prezidentimiz İlham Əliyev olmaqla bütün millətimiz səfərbər oldu. İgid , cəsur oğullarımız otuz illik həsrətə qırx dörd günə son qoydu. Hamı bu qələbəyə inanırdı. Qanları ilə tarix yazan igid əsgər yoldaşlarım bəzən ac, bəzən isə susuz qalmaqla bu qayalara dırmanıb düşmənin üzərinə getdilər, xainləri yurdumuzdan qovdular.
-Oğlum, indi Vətənimiz azaddır. Bu tarixi heç vaxt unutma!
8 noyabr 2020-ci il
Zəfər bayramı, bizim Azərbaycanın ən dəyərli və ən qiymətli bayramı...
Atandan sənə bir nəsihət, həmişə Vətənini sev və azərbaycanlı olduğun üçün qürur duy!
İndi isə yolumuz Laçınadır. Gedək sənə azadlıq uğrunda canlarından keçən digər qəhrəmanların hekayələrini danışım...
Fidan Fərzəliyeva, 20 nömrəli məktəb-liseyin 8- ci sinif şagirdi
03.11.2025