Nağıllar, hekayələr

Ötkəm Bayramgil. Zəfər sevinci

8 Noyabr – Zəfər Gününə həsr olunur

 

Artıq bir aydan çox idi ki, 5 yaşlı Azər atasını görmürdü. Hər axşam pəncərənin önünə keçib atasının yolunu gözləyirdi. Atası isə uzaqlarda, dağların arxasında  döyüşürdü. Nənəsi ona hər gün deyirdi:
– Oğlum, atan torpaqlarımızı erməni işğalçılarından azad etməyə gedib. Tezliklə qalib kimi qayıdacaq.

 

Azərin atası əslən Şuşadandır. O, hələ uşaq ikən ailəsi ilə birlikdə doğma yurdundan köçmək məcburiyyətində qalmışdı. Amma onların evində bir xarı bülbül gülü şəkli var idi — nənəsi hər dəfə o şəklə baxanda köks ötürərdi:
– Ay bala, bax bu gül bizim Şuşamızın simvoludur. Heç yerdə bitmir, yalnız o torpaqda açır.

 

Atası uşaq olanda anasından bu sözləri tez-tez eşidərdi. İllər keçdi, nənənin xarı bülbül həsrəti oğlunun ürəyinə köçdü. 
Vətən müharibəsi başlayanda, Azərin atası silahını götürüb cəbhəyə yollandı. Azər nənəsindən eşidirdi ki, atası və dostları Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını bir-bir azad ediblər. Hər dəfə bu xəbərləri eşidəndə Azər sevinib əl çalırdı:
– Yaşasın Azərbaycan əsgəri! Yaşasın mənim atam!

 

Noyabrın 8-i idi. Azər birdən televizorda ölkəmizin prezidenti İlham Əliyevin səsini eşitdi:"Əziz Şuşa, sən artıq azadsan!" 
Nənəsi də  sevinclə qışqırdı:
– Azərim, müjdə! Şuşa azad olundu!
Evdə hamı sevincdən ağlayırdı. 

 

Azər də  sevincdən yerində dayana bilmirdi. O, atasının şəklini qucaqlayıb dedi:
– Ata, sən bacardın! Bizim Şuşamız azaddır!

 

Bir müddət sonra evin qapısı döyüldü. Azər qapını açanda qarşısında atasını gördü. Əynində hərbi geyim, sinəsində medallar parıldayırdı. Azər atasının boynuna atılıb ağladı — bu dəfə sevincdən.

 

Atası gülümsəyib cibindən xarı bülbül gülü çıxardı:
– Bax, ana, bax Azər... bu gülü Şuşadan gətirmişəm. Artıq o da torpaqlarımız kimi azaddır.

 

Nənənin gözlərindən yaş süzülürdü. Uzun illərdən sonra, nənə kədərdən deyil — Zəfər sevincindən ağlayırdı.


Qarabağ Azərbaycandır!

 

Ötkəm Bayramgil
Sumqayıt şəhəri
35 saylı tam orta məktəbin 3 D sinif şagirdi