Nurlana İşıq. Təyyarə olmaq
Uğur bağçaya getməyi xoşlayırdı. Çünki müəllimi onu hamıdan çox istəyirdi. Bəlkə də, o özü belə düşünürdü. Ona görə də səhər yeməyini çox vaxt bitirməmiş tələsik qaçıb ayaqqabısını geyinirdi. Nənəsi isə əlində boşqabla onun dalınca yüyürürdü:
-Bax bir qaşıq da ye. Bircə qaşıq qaldı. Bax təyyarə uçur, uçdu, uçdu : budur Uğura çatdı, - deyib sonuncu qaşığı nəvəsinin ağzına aparırdı. Ondan sonra Uğuru tərifləyib yola salırdı.
Bu gün müəllim hamıya bir sual verdi:
-Uşaqlar böyüyəndə nə olmaq istəyirsiniz?
- Həkim, mühəndis,polis, YouTuber , - hərə bir peşə dedi.
Bayaqdan susan Uğur isə birdən arxadan dilləndi:
-Mənsə təyyarə olmaq istəyirəm.
Uşaqlar güldülər.
Müəllim:
-Pilot olmaq istəyirsən?
-Yox , mən təyyarə olacağam. Təyyarə!