Xəbərlər

Martın 12-si Daxili Qoşunlar Günüdür

Müstəqil Azərbaycanın Daxili Qoşunlarının şəxsi heyəti ölkəmizin ərazi bütövlüyü uğrunda Ermənistanın işğalçı silahlı qüvvələrinə qarşı döyüşlərə ilk dəfə 1992-ci il martın 12-də başlayıb. Ümummilli Lider Heydər Əliyev 1995-ci il martın 9-da imzaladığı Fərmana uyğun olaraq, həmin tarix Daxili Qoşunlar Günü elan edilib.

 

Daxili Qoşunlar ötən müddət ərzində ciddi inkişaf yolu keçərək üzərinə düşən vəzifələri uğurla yerinə yetirib. Hazırda Daxili Qoşunlar dövlətçiliyimizin keşiyində qətiyyətlə dayanıb. Ötən dövrdə Daxili Qoşunlar ölkə rəhbərliyi tərəfindən göstərilən yüksək etimadı peşəkar xidməti-döyüş fəaliyyəti ilə doğrultmağa çalışıb. Yaradıldığı gündən daim sabitliyin və əmin-amanlığın qorunması naminə əzmkarlıq göstərən Daxili Qoşunların inkişaf və yüksəliş yolunun təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndərin xüsusi diqqət və qayğısı nəticəsində Daxili Qoşunlar müasir maddi-texniki bazaya, yüksək döyüş hazırlığına malik hərbi quruma çevrilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Daxili Qoşunların fəaliyyəti əsaslı şəkildə təkmilləşdirilib, döyüş qabiliyyəti daha da gücləndirilib, mövcud infrastruktur yenilənib, müasir tipli silah-texnikalar alınıb, şəxsi heyətin xidmət və məişət şəraiti, habelə sosial rifahı daha da yaxşılaşdırılıb.

 
İşğaldan azad edilmiş ərazilərdə xidmətin müasir standartlar səviyyəsində təşkilinə dair Prezident İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq, hərbi qulluqçuların maddi-texniki bazası, kazarma-yaşayış şəraitinin yaxşılaşdırılması, eləcə də yeni, müasir silah və texnika ilə təchiz edilməsi sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Hazırda polis əməkdaşları və hərbi qulluqçuları işğaldan azad olunmuş ərazilərdə böyük əzm və peşəkarlıqla xidmət edirlər.
 
Daxili Qoşunlar qarşıya qoyulmuş bütün tapşırıqları məsuliyyətlə icra edir. İşğaldan azad edilmiş ərazilərdə mühafizə tədbirləri, minalanmış sahələrə keçidin qarşısının alınmasında görülən işlər xüsusi əhəmiyyət daşıyır.
 
Qeyd edək ki, Ali Baş Komandan İlham Əliyev xidməti vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuların mükafatlandırılmasına xüsusi diqqət yetirir. Daxili Qoşunların inkişafı üçün qəbul edilən qərarlar, Azərbaycan Prezidentinin imzaladığı müvafiq sərəncamlarla xidmətdə fərqlənən hərbi qulluqçuların dövlət mükafatları ilə təltif olunması dövlətimizin başçısının qoşunların əməkdaşlarının əməyinə göstərdiyi yüksək etimadın əyani ifadəsidir.
 
Sabitliyin sadiq keşikçisi
 
Silahlı cinayətkarlara qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, mühüm dövlət obyektlərinin mühafizəsi sahəsində nəzərəçarpacaq uğurlar qazanıb. Həmin uğurlar komandir heyətinin rəhbərliyi ilə düzgün idarəçiliyin, yüksək döyüş hazırlığının və təlimlərin hesabına başa gəlib. Şəxsi heyətin döyüş, fiziki və ixtisas hazırlığının, idarəetmə və qarşılıqlı fəaliyyət bacarıqlarının təkmilləşdirilməsi məqsədilə keçirilən xüsusi-taktiki təlimlər həm Daxili Qoşun hissələrinin, həm də polis orqanlarının birgə fəaliyyətinin səmərəliliyini daha da artırır.
 
Daxili Qoşunların Hərbi İnstitutu yüksəkixtisaslı zabit heyətinin hazırlanması, peşəkar kadr özəyinin formalaşması ilə əlaqədar çox işlər görür. Vətən müharibəsində Daxili Qoşunların hərbi qulluqçularının ön cəbhədə göstərdikləri qəhrəmanlıq və vətənpərvərlik nümunələri həmin təhsil müəssisəsində kursantların dövlətə, xalqa, hərbi anda sədaqət ruhunda formalaşmasını təsdiq edir.
 
Daxili Qoşunların şəxsi heyət xalqın əmin-amanlığının, sabitliyin sadiq keşikçisi kimi öz vəzifələrinin öhdəsindən bacarıqla gəlməklə yanaşı, ölkəmizin ərazi bütövlüyünün bərpasında fəal iştirak edib. Onlar ictimai təhlükəsizliyin qorunması, strateji obyektlərin mühafizəsi və xüsusi əməliyyatların həyata keçirilməsi işində də öz vəzifələrinin öhdəsindən layiqincə gəlmək iqtidarındadır.