Xəbərlər

“Sağlam nəsil – parlaq gələcək” layihəsinin icrasına başlanılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumi təhsil müəssisələrinin V–XI sinif şagirdlərinin iştirakı ilə “Sağlam nəsil – parlaq gələcək” layihəsinin icrasına başlanılıb. Layihə məktəblilərin sağlam həyat tərzinə təşviqi və zərərli vərdişlərdən uzaq tutulması məqsədi daşıyır.

 

Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, layihənin əsas məqsədi sağlam həyat tərzinin təbliği, gənclərin zərərli vərdişlərlə bağlı maarifləndirilməsi, idmanın şagirdlər arasında kütləviliyinin artırılması, həmçinin ölkəmizin idmançılarının tanıdılmasıdır.

 

Layihə çərçivəsində ümumi təhsil müəssisələrində idmanın müxtəlif növləri üzrə yarış və turnirlərin, fiziki tərbiyə müəllimləri ilə birgə fləş-mobların, zərərli vərdişlərlə mübarizəyə və idmana həsr olunmuş rəsm sərgilərinin, Bakı İdman Festivalının, “Zərərli vərdişlərə yox deyək!” mövzusunda dəyirmi masa və müzakirələrin keçirilməsi nəzərdə tutulur.

 

Eyni zamanda, layihə çərçivəsində idmanın müxtəlif növləri üzrə nailiyyət qazanmış məzun idmançılarla görüşlər təşkil ediləcək, milli idman növlərinin tarixi haqqında maarifləndirici videosüjetlər nümayiş olunacaq.

 

Bundan əlavə, idmanın müxtəlif istiqamətləri üzrə festivalların keçirilməsi, OCEP layihəsi çərçivəsində digər ölkələrin idman nailiyyətləri barədə şagirdlərin məlumatlandırılması məqsədilə maarifləndirici görüşlərin təşkili planlaşdırılır.

 

Həmçinin ümumi təhsil müəssisələrində sağlam həyat tərzi və sağlam qidalanma ilə bağlı maarifləndirici tədbirlərin, “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda və digər zərərli vərdişlərlə mübarizəyə həsr olunan görüşlərin keçirilməsi, müəllimlər, uşaq birliyi rəhbərləri və məktəb-valideyn icmasının üzvləri üçün “Psixotrop maddələrin insan sağlamlığına zərəri” mövzusunda seminar-məşğələlərin təşkili nəzərdə tutulur.

 

Layihə çərçivəsində risk qrupuna aid olan şagirdlərin müəyyənləşdirilməsi, psixoloji-emosional vəziyyətinə görə risk qrupuna daxil edilə biləcək şagirdlər arasında zərərli vərdişlərə qarşı maarifləndirici işin aparılması, valideyn-övlad münasibətlərinin uşaqların sosial-emosional inkişafında mühüm rolunu nəzərə alaraq valideynlər üçün maarifləndirici seminarların keçirilməsi də planlaşdırılır.

 

Bundan əlavə, layihə çərçivəsində şagirdlərin ifasında maarifləndirici səhnəciklər nümayiş olunacaq, bukletlər, rəsm əsərləri, təqdimatlar, videoçarxlar və posterlər hazırlanacaq, sosial şəbəkələrdə məlumatlar paylaşılacaq, zərərli vərdişlərlə mübarizə və idmanla bağlı xüsusi günlərlə əlaqədar silsilə tədbirlər keçiriləcək.