Xəbərlər

Bu gün Yel çərşənbəsidir

Bu gün Azərbaycanda Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi qeyd edilir. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” və “Heydər çərşənbəsi” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. Bu çərşənbə ilə bağlı xalq arasında bir çox maraqlı adət var. Bu gün küləyin istiqamətinə baxaraq hava proqnozu verməyə çalışırlar. Əgər isti yel əsərsə, yazın tez gələcəyinə, soyuq yel əsərsə, havaların bir müddət də sərt keçəcəyinə inanılır.

 
Azərbaycanın bəzi ərazilərində çərşənbələr yox, cəmlələr deyirlər - birinci cəmlə, ikinci cəmlə, üçüncü cəmlə, dördüncü cəmlə. Gədəbəy ərazisində belədir. Söyləyici görün nə gözəl ifadə edir: o cəmlələrin biri oda düşür, biri suya düşür, biri yelə düşür, biri torpağa düşür. İrəvandan olan söyləyicilər də oxşar mətni danışır və Yel çərşənbəsini belə ifadə edirlər - bu zaman cəmlə havaya düşür. Gədəbəy bölgəsindən olan söyləyicilər onu da qeyd edirlər ki, onlar bütün çərşənbələri, o cümlədən Yel çərşənbəsini təmtəraqlı keçirirmişlər.
 
 
Novruza doğru son hazırlıqlar
 
Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür, Axır çərşənbə üçün hazırlıqlar görülür. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır.
 
Beləliklə, Yel çərşənbəsi həm qədim inancların, həm də xalqın gündəlik həyatında formalaşmış mərasimlərin və adətlərin yaşadıldığı mühüm günlərdən biri kimi Novruz ənənələrinin ayrılmaz hissəsini təşkil edir.
 
Yel çərşənbəniz mübarək!