Atom - bölünməz hissəcik
Müasir dövrümüzdə “atom” sözünü eşitməyən adam çətin tapılar. Axı, biz atom elektrik stansiyalarının, atom sualtı gəmilərinin, atom bombasının mövcud olduğu bir əsrdə yaşayırıq. Lakin bir vaxtlar atom barədə heç kəs heç nə bilmirdi.
Atomun mövcudluğu barədə ilk təsəvvür eramızdan əvvəl IV-V əsrlərdə qədim yunan filosofu Demokrit tərəfindən irəli sürülüb. O, təxminən belə düşünürdü: biz təbaşir parçasını iki yerə bölürük, sonra onun yarısını, daha sonra dörddə bir hissəsini ayırırıq. Maddəni nə qədər xırdalamaq mümkündür? Bu prosesin sonu varmı? Alim təxmin edirdi ki, sonda o dərəcədə xırda hissəcik alınır ki, daha onu bölmək mümkün olmur. Bax elə bu bölünməz hissəciyi Demokrik “atom” (atomos yunan sözü olub bölünməz deməkdir) adlandırıb. Lakin bütün cisimlərin xırda və bölünməz hissəciklərdən ibarət olmasına insanları inandırmaq çox çətin idi. Çox əsrlər sonra alimlərin tədqiqat əsərləri sayəsində atomun varlığı sübuta yetiridi.
Zəmanəmizdə yüz milyonlarla dəfə böyüdən çox güclü mikroskoplar yaradılıb. Onların köməyi ilə hətta bəzi atomların fotoşəkli çəkilib. Məsələn, 1990-cı ildə Yaponiya alimləri hidrogen və oksigen atomlarının fotoşəklini çəkiblər.
Hələ 1910-cu ildə ingilis fiziki Ernest Rezerford atomun planetar modelini təklif edib. Atomun sadələşdirilmiş modeli belədir: mərkəzdə həcmi çox kiçik olan müsbət yüklü ağır nüvə yerləşir, nüvənin ətrafında mənfi yüklü kiçik və yüngül elektronlar hərəkət edir. Nüvə iki tip hissəcikdən - yüksüz protonlardan ibarətdir. Təbiətdə təsüdüf edilən ən sadə atom hidrogen atomudur. Onun atomu bir protondan və ətrafında dolanan bir elektrondan ibarətdir. Helium atomu mürəkkəbliyinə görə ikinci yerdədir. Quruluşuna görə ən mürəkkəb atom urana məxsusdur.
İndi artıq atomun ölçüləri də məlumdur: bir santimetrin təxminən yüz milyonda biri (10̄̄̄̄̄̄̄̄ 8 sm) qədər. Atomun nüvəsi isə atomun özündən on minlərlə dəfə kiçikdir. Atomun və nüvəsinin ölçülərində fərqi hiss etmək üçün hidrogen atomunun nüvəsinin diametrini xəyalımızda 1 santimetrə qədər artıraq. Atomun özünün ölçüsü 100.000 dəfə çoxdur, ona görə də gətirdiyimiz misalda atomun diametri 100.000 santimetr, yaxud 1 kilometr olmalıdır.
Daha bir yaddaqalan misal gətirək: insan bədənini təşkil edən atomlarda elektronların hamısı öz nüvələrinə sıx yaxınlaşsaydı, insan, həcmi bir kubmillimetrin milyonda bir hissəsindən çox olmayan balaca bir varlığa çevrilərdi.
Adi şəraitdə atom yüksüzdür (elektrik cəhətdən neytraldır). Nüvəsinin müsbət, ətrafındakı elektronların mənfi yüklü olmasına baxmayaraq, onların yükü kəmiyyətcə bərabərdir (məsələn, hidrogen nüvəsinin yükü +1, ətrafında dolanan elektronun yükü isə -1-dir. Toplayanda sıfır yük alınır).
Atomlar müxtəlif səbəblərdən bir və ya bir neçə elektron itirə bilər. Onda belə atomlar müsbət yüklənir və müsbət ionlar adlanır. Əksinə də olur. Atomlar artıq elektron əldə edərək mənfi ionlara çevrilir.
Yəqin ki, bütün deyilənlərdən başa düşdünüz: Demokritin “bölünməz” hissəcikləri çox mürəkkəb çıxdı. Alimlər hələ də atomu tədqiq edirlər. Elm və texnikanın gələcək inkişafını belə tədqiqatlarsız təsəvvür etmək mümkün deyil. Atomların və hissəciklərin quruluşunu və xassələrini bilməsəydik, indi nəinki televizor və kompyuterlərimiz, elektrik və atom enerjisi ilə bağlı heç nəyimiz olmazdı.
28.09.2013