Bu maraqlıdır!

Salamlaşma adətləri

Hər birimiz gün ərzində dəfələrlə əl sıxıb salamlaşırıq. Bu salamlaşma formasının qədim tarixi var. Qədimdə kişilər özləri ilə silah gəzdirərdilər. Hər zaman döyüşə hazır olmaq üçün onlar silahı sağ əllərində tutardılar.
 
Amma xoş məqsədlə görüşəndə silahı sol ələ keçirər, sağ əllərini bir-birinə uzadardılar. Bununla da onlar sülh niyyəti ilə görüşdüklərini nümayiş etdirərdilər.
 
“Salam” sözünün özü də sülh, əmin-amanlıq deməkdir.
Bir çox xalqların özünəməxsus salamlaşma adətləri də var. Hindistanda hindlilər salamlaşarkən hörmət əlaməti olaraq ovuclarını bir-birinə sıxır və əllərini sinəyə tuturlar. Qədim tarixə malik Hindistanda bu cür salamlaşmanı “namaste” adlandırırlar.
 
 
 
 
 
Türkiyədə uşaqlar və gənclər yaşlılarla salamlaşarkən xüsusi hörmət nümayiş etdirirlər.
Onlar əyilib böyüyün əlini öpür və alınlarına qoyurlar.
 
 
 
Yaponlar salamlaşarkən bir-birinə baş əyirlər. Onlar öz böyükləri və müəllimləri ilə görüşərkən başlarını daha çox əyirlər.
 
Cüdo və karate kimi yarışlarda da rəqiblər bir-birinə baş əyirlər. Bu da həmin idman növlərinin Yaponiyada yaranması ilə bağlıdır.
 
 
 
 
 
Hərbi salamlaşma
 
Yəqin ki, əsgər və zabitlərin salamlaşmasını görmüsünüz. Onlar əllərini gicgaha aparmaqla hərbi salam verirlər.
 
Bu salamlaşmanın da tarixi qədimdir. Yüzillər bundan əvvəl döyüşçü-cəngavərlər niqab taxırdılar. Dəbilqənin bir hissəsi olan niqab sifəti zərbədən qoruyurdu.
 
Cəngavərlər bir-biri ilə qarşılaşarkən niqabı alına qədər qaldırırdılar. Bununla da onlar qarşısındakı adamın dost, ya düşmən olduğunu təyin edirdilər. Zaman keçdikcə hərbi geyim dəyişdi, amma bu jest hərbi salamlaşma kimi qaldı.
Göründüyü kimi, salamlaşma adətləri müxtəlifdir. Amma onların məqsədi eynidir: görüşərkən qarşıdakı adama hörmət ifadə etmək.
 
 
Dərslik- Azərbaycan dili - 3