Əsrarəngiz güzgülər aləminə səyahət. 1 hissə. Müəmmalı tanışlar
Biz hər gün güzgüyə baxırıq və necə göründüyümüzü – saçlarımızın neçə darandığını, əyin-başımızın səliqəli olduğunu bilmək istəyirik. Güzgü bizi aldatmır. Bu lal dostumuz olmasaydı, gözlərimizin və saçlarımızın rəngini, qaşlarımızın, burnumuzun və ağzımızın, əlqərəz, zahiri görünüşümüzün necə olduğunu bilməzdik.
Bu da güzgünün “fərasətinin” yalnız cüzi bir hissəsidir. Bir çox peşələrin sahibləri güzgüsüz keçinə bilmir. Məsələn, güzgü sualtı işləri mütəxəssislərinə okeanın səthində nələr baş verdiyini suyun üzünə qalxmadan görməyə, astronomlara yeni ulduzlar kəşf etməyə, metallurqlara yüksək dərəcədə saf metalları əritməyə kömək edir. Güzgüsüz nə sürücünün, nə qatar maşinistinin, nə diş həkiminin, nə də göz həkiminin işi keçmir. Səhrada güzgü su axtarmaqda və yemək hazırlamaqda insanlara kömək edir. Güzgünün möcüzəli imkanlarını öz üzərində sınaqdan keçirmiş kosmik uçuşlar üzrə mütəxəssislər onun gələcəyinin daha parlaq olacağından xəbər verirlər.
Əlqərəz, güzgülərin faydalı məziyyətlərini saymaqla bitməz. Əgər onları daha yaxından tanımaq istəyirsinizsə, onda sizi əsrarəngiz güzgülər aləminə səyahətə dəvət edirik. Beləliklə, qeyri-adi güzgülər səltənəti ilə tanışlıq başlayır!
Öz əksinə aşiq olan Narsis
İlk güzgünü kim və nə zaman düzəldib? Bu sualın düzgün cavabını heç kəs bilmir. Arxeoloqlar qədim insan məskənlərində qazıntılar zamanı vaxtaşırı olaraq yaşı min illərlə ölçülən kiçik güzgülər tapırlar. Amma bu güzgülərdən hansının müasir güzgülərin əcdadı sayıla biləcəyi barədə sualın cavabı hələ tapılmayıb. Biz o böyük ixtiraçının adını bilmirik, amma ibtidai insanı güzgü yaratmağa vadar edən səbəbi başa düşmək çətin deyil.
Qədim Yunanıstanda Narsis haqqında əfsanə yaranmışdı. Bu cavan oğlan o qədər yaraşıqlı imiş ki, qızlar görən kimi ona dəlicəsinə aşiq olurmuşlar. Günlərin bir günü ovda yorulan Narsis dincini almaq üçün çayın sahilində uzanır. Susuzluqdan yandığına görə əyilib çaydan su içmək istəyir. Bu zaman gözü sudakı əksinə sataşır və bir könüldən min könülə bu gözəl surətə vurulur. Zavallı Narsis hardan biləydi ki, öz əksinə aşiq olub. Eşqindən şam kimi əriməyə başlayan biçarə aşiq tezliklə canını tapşırır.
Bu bir əfsanədir. Amma güzgünün ixtirasından əvvəl insanın öz əksini görməsi üçün yeganə vasitə həqiqətən də küləyin ləpələndirmədiyi hamar göl, nohur və ya çay səthi olub.
Bu maraqlıdır: Adətən düşünürlər ki, Şimal və Cənub qütbləri Günəşdən az istilik aldığına görə çox soyuqdur. Bu, yanlış fikirdir. Məsələn, Antarktida təxminən ekvator zonasında onun sahəsinə bərabər ərazidə yerləşən ölkələrin aldığı qədər istilik alır. Amma bu istiliyin 90 faizini dünya məkanına qaytarır. Antarktidanın qar örtüyü həyatverici günəş şüalarını əks etdirən nəhəng güzgü təsiri göstərir.
Güzgü arxasında gizlənən aləm
Şübhəsiz ki, ingilis yazıçısı Lüis Kerrolun “Alisa Güzgü arxasında” nağılını oxumuşunuz. Nağılın əvvəlində pişiyə acıqlanan Alisa ona deyir: “Özünü pis aparsan, səni Güzgü arxasına qovacam və sən də qalıb Güzgü arxasında yaşayacaqsan”. Azyaşlı uşaqlar həqiqətən də elə düşünürlər ki, güzgü arxasında başqa həyat var. Onların nəzərində güzgü bir növ ən arzu olunan qapıdır. Onu açan kimi elə bir sirli-sehrli aləmə düşürsən ki, orada heç bir şey gerçək həyatdakına bənzəmir.
Bəs güzgü arxasında nə kimi aləm gizlənir. Sən demə, güzgü arxası deyilən bir aləm əslində mövcud deyildir. Əgər güzgünü çevirsək, onun arxa tərəfinin qara rəngə boyandığını görərik. Bu, güzgü qatını cızılmağa qoymayan qoruyucu örtüdür. Bəs güzgü qatının özü nədir?
Söhbətimiz də elə bu barədədir.
Sudan tutmuş metallara qədər
Çinin şimalında, Anhoy əyalətində qazıntılar zamanı arxeoloqlar qalın torpaq qatı altında tunc qazan aşkar ediblər. Bu qazanın böyük səylə pardaqlanan daxili səthi alimləri təəccübləndirib. Axı yemək bişirmək üçün belə mükəmməl səth tələb olunmur. Maraq üçün qazana su töküblər. Maraqlı hadisə baş verib: suyun səthi əşyaları dəqiq əks etdirməyə başlayıb. Alimlər başa düşüblər ki, qarşılarındakı qazan qədim güzgüdür. Çox güman, bu güzgü 2500 il əvvəl yaşamış Çin şahzadəsinə məxsus olub. Əlbəttə, belə güzgünün ciddi qüsuru var: onu nə cibə qoymaq, nə də yola götürmək olar.
Zaman keçdikcə istər-istəməz bu “yaş” güzgüdən” əl çəkmək və daha münasib bir güzgü düşünmək lazım gəlir. Beləcə tuncdan (mis və qalayın qatışığı), gümüşdən və qızıldan güzgülər yaranır. Belə güzgülərdə təsvirin keyfiyyəti metalın növündən deyil, onun səthinin nə dərəcədə səylə işlənməsindən asılı olub. Məsələn, Çində tuncu mükəmməl şəkildə əritməyi hələ II minillikdə öyrəniblər.
Bu cür tunc səthə baxmaq böyük zövq verirdi. Öz işinin ustası olan güzgüçülər hazırladıqları məmulatı mürəkkəb ornamentlər, naxışlar və hətta bütöv şəkillərlə bəzəyirdilər. Güzgüləri adətən rahat qulp ilə birlikdə dəyirmi formada hazırlayırdılar. Qədim yunanıstanlı ustalar tez-tez güzgünü zərif qadın bədəni formasında yaradırdılar. Odur ki, sadəcə güzgü deyil, əsl sənət əsəri yaranırdı.
Allahın elçiləri
İlk güzgülər meydana çıxanda onlara xüsusi sehrli xüsusiyyətlər istinad etməyə başladılar. Güzgünü Günəşə doğru çevirən kimi bu göy cisminin gözqamaşdıran parıltısı onda əks olunaraq ətrafı şölələndirirdi. Qaranlıqda güzgü “ sehrli” qüvvəsini itirir. Qədim insanlar bu hadisədə də böyük ilah sayılan Günəşlə güzgü arasında sehrli əlaqənin təzahürünü görürdülər. Məhz buna görə də dünyanın harasında hazırlanırsa-hazırlansın, bütün qədim güzgülər dəyirmi formada olurdu.
Hesab edilir ki, güzgü insanlara xəstəlik gətirən şər qüvvələri qovur. Məsələn, Zairdə (Afrikada ölkə) insanlar lap yaxın zamanlara qədər inanırdılar ki, xəstənin qarşısına güzgü qoyulsa, o, xəstəliyi öz canına çəkəcək və insan sağalacaq. Çinlilərin inancına görə, güzgü ailəni bəd nəzərdən qoruyur. Buna görə də adətən evin qapısının üstünə güzgü vururmuşlar. Yolda fəlakətə düçar olmamaq üçün güzgünü paltarlarına yapışdırırdılar. Döyüşə yollanan çinli döyüşçülər sinələrini böyük güzgü ilə qoruyurdular.
Qədim insanlar düşünürdülər ki, güzgüdə insanın ruhu əks olunur. Ona görə də ailədə kimsə dünyasını dəyişəndə, bütün güzgülərin üstünü qalın parça ilə örtürdülər. Düşünürdülər ki, əks təqdirdə mərhumun evdəki güzgülərdə əks olunan ruhu dirilərin də ruhunu alıb özü ilə bərabər axirət dünyasına aparır.
Hesab edilirdi ki, bütün ovsunçu və cadugərlərin sehrli güzgüsü var. Güzgü harada yerləşməsindən asılı olmayaraq, insanı görməyə imkan verir. Onun üçün yeganə nicat yolu Güzgü arxasında gizlənməkdir. Falçılar çox zaman güzgülərdən istifadə edirlər. Hesab edilir ki, güzgü insanın gələcəyini görməyə, o biri dünya ilə əlaqə yaratmağa, ölənlərin ruhunu çağırmağa kömək edir.
Ardı var...
04.06.2018