Bu maraqlıdır!

Moai Pasxa adasının müəmmalı heykəlləridir

Sakit okeanda, insanların yaşadığı Pitkeyr adasının 2600 kilometrliyində  kiçik quru sahəsi yerləşir. Bu ərazi Yer kürəsinin ən xəlvəti yerlərindən biri sayılır. Yerli sakinlər onu Rapa-Nui adlandırırlar. Dünyada isə həmin ərazi Pasxa adası adı ilə məşhurdur. Holland Yakob Roqqeven 1722-ci ildə bu adanı məhz Pasxa - bazar günü kəşf etdiyi üçün onu belə adlandırıb.  Hazırda həmin ada Çiliyə məxsusdur. 
 
Pasxa adasının ən məşhur müəmması moai adlanan nəhəng daş heykəllərdır. Tədqiqatçılar onların sirrini açmaq üçün yüz illərdir baş sındırırlar. Daşlaşmış vulkan külündən yonulmuş bu müəmmalı monolitlər insan başı formasındadır. 
 
Adada olan 887 heykəldən  397-si  bilavasitə Rano Raraku vulkanının yaxınlığındadır. O biri heykəllər də bu vulkanın kraterində yonulub. Pasxa adasının demək olar ki, bütün heykəlləri sahil zonasında yerləşir və adanın içinə baxır. Moailərin adi ölçüsü 3-5 metr, orta çəkisi 5 tondan azdır. Təqribən 30-40 heykəlin çəkisi isə 10 tondan çoxdur.  
 
Pasxa adasının heykəlləri IX-XVI əsrlərdə ucaldılıb. Bu heykəllər barədə doğru-dürüst məlumat yoxdur, yalnız təxminlər var. Bircə bu dəqiq məlumdur ki, onlar tək-tək deyil, silsilə şəklində yonulub. Çox güman,  əvvəlcə heykəlin başı, sonra yan tərəfləri yonulub, yalnız bundan sonra onu qayadan ayırıblar. Daha sonra onları xüsusi arabalarda sahilə gətirərək dikəldiblər.  Hər arabanın hazırlanmasına azı 4 ay vaxt sərf olunub. Alimlər hesablayıblar ki, təkcə bir heykəlin yonulması və ucaldılması təqribən bir il çəkib. 
 
Bu nəhəng heykəllər başdan-başa müəmmadır. Əvvələn, bu nəhənglərin indi olduqları yerə necə gətirilməsi suallar doğurur.  Yerli əhali  israrla iddia edir ki, onlar özü hərəkət edir.  İkincisi, moai heykəllərinin hansı  məqsədlə  yaradılması da sirdir. Versiyalardan birinə görə, onlar dünyasını dəyişən hökmdarların heykəlləridir, digər versiyaya görə, onlara səcdə ediblər. 
 
Ən qəribəsi isə budur ki, moailərin çoxu yarımçıq qalıb və hələ də daş karxanasındadır. Elə təəssürat yaranır ki, sanki işlər qəflətən dayanıb.  Nə üçün?  Bu suala cavab yoxdur. 
 
Hündürlüyü  2,42 metr olan  Xoa-Xaka-Nana-İa  heykəli 1868-ci ildən Britaniya Muzeyində saxlanılır. XIX əsrin ortalarında Rano Rarakunun hüdudlarından kənarda yerləşən bütün moailər  və daş karxanasındakı heykəllərin çoxu zəlzələ, sunami kimi təbii hadisələr nəticəsində  çevrilib və yıxılıb.
 
Təqribən 50 heykəl bərpa olunub. Bundan əlavə, hazırda yalnız bir heykəlin  gözləri var. Müəyyən olunub ki,  vaxtilə moailərin göz yuvalarında ağ mərcan və qara obsidiandan gözlər olub.     
 
Pasxa adası sakinlərinin nəslinin kəsilmə sirri açılıb
 
Bu sivilizasiyanın nümayəndələrinin nəslinin kəsilmə səbəbi artıq çoxdandır ki, elmi ictimaiyyətdə mübahisələr doğurur. Bəziləri bunun səbəbini adada təbii ehtiyatların çatışmazlığında, digərləri isə sakinlərin avropalıların gətirdikləri xəstəliklərdən ölməsində görüblər. Lakin bu nəzəriyyələrdən heç birinin kifayət qədər sübutu olmayıb. Yeni tədqiqat isə tarixi hadisəni başqa cür izah edir. 
 
Alimlərin fikrincə, adada ətraf mühitin soyuqluğu hələ 1722-ci ildə avropalıların ora getmələrindən qabaq populyasiyanın köklü azalmasına səbəb olub. Faktorlar sırasına yağıntının miqdarının dəyişməsi və torpağın keyfiyyətinin pisləşməsi də daxil olub. Alimlər tədqiqat prosesində Pasxa adasının müxtəlif yerlərindən tapılmış vulkanik şüşə və onun pulcuqlarından ibarət 428 məmulatı təhlil ediblər və onlara tarix qoyublar. Bu isə alimlərə rapanuilərin təbii ehtiyatlardan nə zaman və necə istifadə etdiklərini müəyyənləşdirməyə kömək edib. 
 
Dəlillərdən belə nəticə çıxır ki, adamlar avropalıların gəlmələrindən və təbii ehtiyatların azalmasından əvvəl ətraf mühitin çağırışlarına cavab verməli olurmuşlar. Alimlərin fikrincə, ətraf mühitin müxtəlif faktorları ilə rapanuilərin yoxa çıxmalarının üst-üstə düşməsinin aydınlaşdırılması digər alimlərə analoji qədim sivilizasiyaların süqutunun təhlilində kömək edə bilər. 
 
Xatırladaq ki, 1722-ci il aprelin 5-də adanı kəşf etmiş holland dənizçiləri Rapanuini, onun cəmiyyətini və mədəniyyətini tənəzzül durumunda görüblər. Peruluların hücum edərək hamını, o cümlədən tayfa başçılarını, tarixin, ənənənin qoruyucuları, heroqlif mətnlərinin biliciləri olan yerli kahinləri danışıqsız əsir götürmələri Rapanui mədəniyyətinin axırına çıxıb. İngiltərə və Fransada etirazlardan sonra perulular sağ qalanları qaytarmalı olublar. 1877-ci ildə adada cəmi 111 adam olub. 
 
Alimlər Pasxa adasında sivilizasiyanın inkişafı barədə indiyədək mübahisə edirlər. Güman olunur ki, ilk sakinlər adalara b.e. IV əsrində gəliblər. Lakin onların misirli, hindu, yunan, finikiyalı, qədim çinlilər yaxud daha hansı millətdən olması elmə məlum deyil.