Bu maraqlıdır!

Adi möcüzə

Sintetik materiallar cəmi 150 il əvvəl ixtira edilsə də, həyatımızı necə də  dəyişib!  İndi onlardan oyuncaqdan tutmuş yarış bolidlərinə qədər hər  şey hazırlanır. Eksperiment aparmaq hər zaman çox təhlükəli olub. 1946-cı il,  Bazel.  Kimyaçı Kristian Şenbayn səhər tezdən öz mətbəxində  müxtəlif maddələri bir-birinə qarışdırır. Birdən kükürd və azot turşusunun bir neçə damcısı  döşəməyə düşür. Şeynbayn pambıq parçadan olan önlüyü ilə bu aşındırıcı mayeni silir və quruması üçün  ocağın yanına asır. Aman Allah. Heç gözləmədiyi halda önlük əcaib  şəkildə fışıldamağa və partlamağa başlayır!  Şeynbayn bu partlayıcı maddəni ”tezalışan pambıq” adlandırır. Lakin reaksiya zamanı nələr baş verdiyini anlamır.  Əslində isə pambığın əsas tərkib hissəsi olan  sellüloza turşu molekulları ilə birləşir. Nəticədə bitki tərkibli  material yeni xüsusiyyətlər kəsb edir. Beləcə, təsadüf nəticəsində Şeynbayn sintetik materialların sələfini kəşf edir. 
 
Bu gün sintetik materiallar həyatımızın ayrılmaz bir hissəsinə çevrilib.  Ondan lastiklər, kompyuterlər, futbol topları,  kompakt disklər,  corablar  və çəkmə dabanları hazırlayırlar, halbuki “tezalışan pambıq” dövrünün adamı olan Şeynbayn bütün bunları ağlının ucundan belə keçirə bilməzdi.  
 
Kimyaçı bu ixtirasını orduya satır: axı,  Şeynbayn pambığının partlayıcı xüsusiyyətləri qara barıtdan üç dəfə yüksək idi. O dövrdə bu ixtiranın tətbiqi üçün ən əlverişli yer elə ordu idi. Bu sahədə dönüş etmək bilyard kürəciklər üçün münasib xammal axtaran amerikalı Con Vesli  Hyata müyəssər olub. Həmin dövrdə bilyard kürəciklər fil sümüyündən hazırlanırdı. Fil sümüyü axtarışında olan Hyat 1869-cu ildə sellüloidi kəşf edir. Az keçməmiş sellüloiddən təkcə kürəciklər deyil, daraq, süni çənə, daha sonralar fotoaparat plyonkası da hazırlamağa başlayırlar.
 
38 il sonra isə belçikalı Leo Hendrik Bakeland tərkibi bütünlüklə süni materiallardan olan ilk lastiki - bakeliti  kəşf edir.  Ağac və polad ilə müqayisədə  daha ucuz və yüngül olan yeni materialların üstünlüyü göz qabağında idi.  Bundan əlavə, belə material formanı daha yaxşı saxlayır və son dərəcə möhkəm olması ilə fərqlənir. Zaman keçdikcə alimlər plastik kütlənin müxtəlif  xassəli yeni növlərini işləyib hazırlayırlar. Beləcə, yumşaq polietilen  paketlər və sınmayan  pleksiqlas pəncərələr həyatımıza daxil olur. 
 
Plastik kütlənin tətbiqi sərhəd tanımır. Mühəndislər  avtomobil və təyyarələrdə poladı əvəzləyən superyüngül və möhkəm materiallar hazırlayırlar. Belə materialların çəkisi yüngül olduğu üçün yanacaq sərfini azaldır. Alman alimləri cərrahiyyə əməliyyatı zamanı yaraları tikmək üçün süni saplar kəşf ediblər. Həmin saplar əməliyyatdan sonra əriyib yox olur!
 
Təəssüf ki, plastik kütlənin də çatışmayan cəhətləri var. Məsələn, onun bəzi  növləri  zəhərlidir. Buna görə də onlardan oyuncaq istehsalında istifadə etmək olmaz, çünki körpələr adətən öz sevimli oyuncaqlarını “dişə çəkməyi” sevirlər. Daha bir xoşagəlməz məqam: süni materialdan  hazırlanan əşya bir gün mütləq atılır. Onda onun hazırlandığı materialın möhkəmliyi artıq üstünlükdən çox,  çatışmazlığa çevrilir. Plastik kütlədən olan zibili məhv etmək çətindir, çünki süni materiallar dəmir kimi çürümür. Hər hansı lastik detalın torpaqda çürüməsinə illər lazımdır.  Buna görə də alimlər plastik zibilin təkrar emalına israr edirlər.  Bir vaxtlar istifadədə olan məmulatın çoxu dəfələrlə “şəkildən şəklə düşür”.  Məsələn, boş diş məcunu tübiklərindən və yoqurt stəkanlarından skamyalar və  avtomobil yolları üçün səsboğan sipərlər hazırlanır.  ABŞ və Çin  firmaları süni butulkaları satın alıb əridir,  onlardan çox nazik plastik liflər hazırlayır və bununla da plastik kütləyə, məsələn,  son dərəcə yumşaq bir puloverin toxunması üçün nəzərdə tutulan sap şəklində yeni həyat bəxş edirlər.