Təbiət

Elsmir adası

Kanadanın ucqar şimalda yerləşən, Kanada Arktik arxipelaqına daxil olan adadır. Elsmir, Aksel-Heyberq adasının şərqindəki Nunavut vilayətinin Kikitani ərazisinə aid ən şimal Kanada adasıdır. Kraliça Yelizaveta adaları qrupuna daxildir. Adadan şərqdə Kanada ilə Qrenlandiyanın dövlət sərhədi keçir. Adanın sahəsi 196 236 km² təşkil edir. Kanadanın sahəsinə görə-üçüncü, dünyada isə-onuncu yerdədir. Ən hündür nöqtəsi-Barbo zirvəsidir (2616 м), üstəlik bu zirvə Nunavut vilayətinin ən hündür zirvəsidir. Kolumbiya burnu adanın və Kanadanın ən ucqar şimal nöqtəsidir. 


Adanın ərazisində əsasən üç mənzərəyə şahidlik etmək olar: qarlı çöllərə, çılpaq qayalara və buzlaqlara. Sahilləri kəskin parçalanıb, fiordlarla zəngindir. Adanın ərazisinin ⅓ buzlaqlarla örtülüdür.


Burada qütb gündüzləri və gecələri təxmini olaraq beş ay davam edir.


Kanadanın ən şimal nöqtəsi yalnız Kanada və Qrenlandiyada yaşayan Melvil ada canavarlarının evidir. Adada yaşayan Qütb dovşanı, Müşk öküzü, Piri karibusu kimi canlılar cənuba köç etmirlər. Ada ərazisində nəsli kəsilmiş heyvan qalıqlarına belə rast gəlinir. 


Yay mövsümündə adada çoxlu sayda quş yuva qurur. Burada qütb bayquşu, Qütb susüpürəni, daimi yaşayan quşlardan Şimal sərçəsi (növ) və Tundra turacı kimi quşları görmək olar.


İqlimin sərt olması canlılar aləminin nəsil artırma qabiliyyətinə mənfi təsir göstərir. Adanın kövrək təbiətini qorumaq məqsədilə 1988-ci ildə Heysen gölü daxil olmaqla adanın bir hissəsində milli park yaradılıb.


Flora aləmini əsasən arktik səhralar və tundra bitkiləri təşkil edir. Adanın böyük hissəsi Şimali Amerika ekoloji qütb tundurası bölgəsinin (High Arctic tundra) mühüm hissəsini təşkil edir və burada olan canlıların böyük qismi Ümumdünya vəhşi təbiət fonduna daxildir.


Yayda ərazinin buzdan azad olmasına baxmayaraq burada kənt təsərrüfatının əkinçilik sahəsi ilə məşğul olmağa imkan vermir. Belə ki, yayda torpaq cəmi bir necə santmetr buzdan azad olur. Ərazidə ancaq Heyzen gölü ətrafında arktik vahə yaranıb. Burada yay fəslində yaşıl çəmənlik göz oxşayır. Söyüd, Erikakimilər və Daşdələn kimi bitkilər geniş yayılmışdır. 


Elsmir adası dünyanın ən böyük buz şelfinə malikdir. 2020-ci ilin yayında adada havanın temperaturu atipik 5°C-dən yuxarı olub. İstiləşmə, güclü dəniz küləkləri və buzlaqların qarşısındakı açıq sular buz şelfinin qismən əriməsinə səbəb olmuşdur. 


Qəribədir ki, qədim Arktika iqlimi həmişə o qədər də sərt olmayıb. Burada milyonlarla il əvvəl dəvələr yaşayıb. Bu tüklü heyvanların qalıqları paleontoloqlar tərəfindən Elsmirdə aşkar edilib. Adadakı bitki qalıqları qədim dəvələrin seyrək meşələrdə yaşadığını göstərir. Ərazidə, dəvələrlə yanaşı ayılar və poni ölçülü üçbarmaqlı atlar belə yaşayıb. Burada qədim quşların Nəhəng qastornis və presbyornisin qalıqları aşkar edilib. 


Geniş əraziyə sahib olmasına baxmayaraq, 2005-ci ildə adada yalnız 170-ə yaxın daimi sakin yaşayıb. Elsmirdə yalnız üç daimi yaşayış məntəqəsi var - Alert (Yer kürəsinin ən şimal nöqtəsi), Yurika və Qrays-Fyord.