Təbiət

Dənizin dostu, səmanın yaraşığı qağayılar

Nə sahili, nə də dənizi onlarsız təsəvvür etmək mümkün deyil. Mavi dalğalar üzərində qanad çalan qağayıların nəğməsi səhərlər dənizin üzərinə yayılır. Onlar çox fərqli səslər çıxarmaq qabiliyyətinə malikdirlər. Yem tapanda paylaşmaq üçün müxtəlif səslər çıxararaq bir-birlərinə xəbər verirlər. Dalğalar coşanda da, sakitləşəndə də onlar heç vaxt qayalardan, suların qoynundan uzaqlaşmırlar. Dənizin dostu, küləyin sirdaşı olan, göy üzünü doğma evi bilən qağayılar... Onlar həm suda, həm də quruda rahat hərəkət edə bilən nadir quşlardır. Qağayılar azadlığın, dəniz eşqinin və əyilməz iradənin rəmzidir.

 

Dalğalar üzərində süzən qağayılar dənizlə səma arasında körpü yaradır. Onlar inanılmaz dərəcədə uyğunlaşa bilən quşlardır, çox vaxt qayalıqlarda, qumlu sahillərdə yuva qururlar. Qağayılar sürü halında uçur və təhlükə hiss edəndə qəribə səslər çıxarırlar. Yüksək sürətlə uçan qağayılar dənizi çox sevirlər. Yüksək hündürlükdə uçan qağayılar çox güclü yaddaşa malik olurlar.

 

Qağayılar tullantılardan istifadə edərək yuva qururlar. Əbəs yerə onları “dənizin sanitarları” adlandırmırlar. Qağayılar çox sədaqətli olurlar, dənizdə fırtına nə qədər güclü olursa-olsun, onlar əsla sevdikləri dənizdən imtina etməzlər. Güclü qanadları ilə səmanın ənginliklərinə uçan və dəniz üzərində qanad çalan qağayılar ekosistemin sadiq qoruyucularıdır. Səmanın, dənizin və balıqçıların dostu olan qağayılar sevgi və qayğı hissi aşılayır, təbiətə gözəllik bəxş edirlər.