Qəsrləri kişilərin başlıca məşğuliyyətinin müharibə olduğu zamanlarda feodalın nəslini müdafiə etmək üçün inşa edirdilər. Xarabalıqları zəmanəmizə qədər gəlib çıxan ən qədim qəsr – Due-la-Fonten 950-ci ildə Fransada, Noyşvanştayn adlı sonuncu qəsr isə XIX əsrdə Almaniyada tikilib. Barıt və ağır toplar meydana çıxana qədər qəsrlərin divarları feodalı, onun ailəsini və təhkimli kəndliləri etibarlı şəkildə müdafiə edirdi. Qəsr yadellilərdən, təcavüzkar qonşulardan, xalq qiyamından da qoruyurdu.
Düşməni uzaqdan görmək və qalanın hücumla alınmasını çətinləşdirmək üçün qəsri sahil zonasının yüksək hissəsində, dağda, təpənin üstündə inşa edirdilər. Təpə olmayanda, onu yaradırdılar, ətrafında xüsusi xəndək qazırdılar. Uca təpəyə ancaq zəncirlərin köməyi ilə qaldırılan və endirilən körpü ilə gedib çıxırdılar. Qəsrləri əl altındakı materiallardan inşa edirdilər: məsələn, İspaniyada daşdan, Şərqi Avropada taxtadan, Danimarkada taxta və kərpicdən. İki divar hörür, eni 2-5 metr olan ara yeri çınqıl ilə doldururdular. Divarların yuxarısındakı dişlər qəsrin müdafiəçilərini qoruyurdu, qalanın ensiz mazğallarından atəş açırdılar. Sanki divarların içindən çıxan dəyirmi qüllələrdə döyüş sursatı, ərzaq anbarları, quyular yerləşirdi. Qala divarları qəsrin içini dövrəyə alırdı. Feodalın evi – donjon burada yerləşirdi. Başqa qüllələrdən uca olan donjon əsl istehkam idi. Donjonların dar pilləkənləri həmişə sağ tərəfə burulurdu. Razılaşın ki, belə vəziyyət düşmənin sağ əlində qılınc oynada-oynada pilləkənləri qalxmasını çox çətinləşdirirdi.

Avropada zəmanəmizə minlərlə qəsr gəlib çatsa da, bunlar Orta əsrlərdə mövcud olan qəsrlərin az bir qismidir. Hətta Avstriyanın Burgenland əyaləti və İspaniyanın Kastiliya vilayəti “Qəsrlər ölkəsi” kimi tərcümə olunur. Qəsrlər cürbəcür olur. Ciddi görkəmli kiçik qəsrlərdə indiyə qədər insanlar yaşayırlar. Doğrudur, bunun üçün qəsrin içi müasir şəraitə maksimum uyğunlaşdırılır. Bir cəngavərə deyil, bütöv bir ordenə məxsus olan və içərisində minlərlə insanın yaşaya biləcəyi qəsrlər də vardır. Ən böyük belə qəsr Polşada tefton cəngavərlərinin kərpicdən inşa edilmiş iqamətgahı - Mariyenburq qəsridir.
Hər bir qəsrin özünəməxsus tarixi vardır. Şotlandiyadakı Edinburq qəsri kiçik ölkənin müstəqillik uğrunda ingilislərə qarşı mübarizəsinin rəmzidir. Şotlandiya tacı və Skuna daşı burada saxlanılır. Tacqoyma mərasimində krallar bu daşın üstündə otururlarmış. Bu qəsr Şotlandiyanın açarı sayılırdı. İngiltərənin açarı isə Duvr qəsri idi. Bu qəsr XII əsrdə fransızların həmləsinə sinə gərərək, ölkənin işğalının qarşısını almışdı. İkinci dünya müharibəsi illərində Böyük Britaniyanın komanda mərkəzi Duvrda yerləşirdi.
Böyük Britaniyada yerləşən Alnvik qəsri Harri Potter haqqında filmlərdəki Hoqvards qəsrinin prototipidir. Bu qəsr barədə ilk məlumat 1096-cı ilə təsadüf edir.
İspaniyanın bir çox qəsrlərini Alkasar adlandırırlar. “Əl-qəsr “ ərəb sözü olub “qala” deməkdir. Toledodakı Alkasar İspaniyanın ən böyük qala-qəsrlərindən biridır. Təpənin başındakı qəsr kralların iqamətgahı olub. Bu qəsr əfsanəyə çevrilmiş cəngavər Sid ilə də bağlıdır. Əsl adı Rodriqo Dias de Bivar olan Sidin hünəri poemalarda və çoxlu sayda xalq romanslarında tərənnüm edilib.

Fransanın isə açarı Anjer qəsri olub. XI əsrə aid taxta qəsrin yerində ucaldılan Anjer əldən-ələ keçib, qüllələrinin başları dağıdılsa da, bizim günlərə qədər gəlib çatıb və Luara vadisinin bəzəyinə çevrilib.
Hesab edilir ki, hər bir qəsrin öz əfsanəsi, öz sirri olmalı, burada ən azı kabus dolaşmalıdır. Avstriyada yerləşən möhtəşəm və əlçatmaz Hohostervits qəsri heç vaxt fəth olunmayıb. Beş qaldırıcı körpüsü və 14 qülləsi olan bu qəsri hücumla almaq mümkün deyildir. Təsəvvür edin ki, bu qəsri boyu 2 metr 50 santimetr olan cəngavərlər mühafizə edib... Hazırda qəsrin muzeyində məhz belə ucaboylu döyüşçünün təchizatı saxlanılır. Nəhəng pəhləvanın sirrini heç kəs aça bilmir. O, kim olub və əsli haradandır? Üzü niqablı cəngavər susur.
Bayronu “Şilyon məhbusu” poemasını yazmağa ruhlandıran İsveçrədəki Şilyon qəsri qorxunc yeraltı zirzəmiləri ilə şöhrət qazanıb.
Britaniya kraliçası II Elizabetin anadan olduğu Qlemis qəsrində kabuslar dolaşır: Solğun xanım və donub qalmış paj, cadugərlikdə ittiham edilmiş xanım və qüllənin divarlarına diri-diri hörülmüş qızlar. Lakin onların kabusu kral ailəsini əsla narahat etmir.

Gənc, yaraşıqlı, xəyalpərvər Bavariya kralı II Lüdviq cəngavər qu quşu Loenqrin barədə əfsanəyə o qədər aludə olur ki, XIX əsrin ikinci yarısında Noyşvanştayn qəsrini ucaldır. Hazırda bu qəsr Almaniyanın vizit kartı sayılır. Yeri gəlmişkən, Almaniyanın başqa qəsrləri də əfsanə və nağıllarla sıx bağlıdır. Burada böyük məmnuniyyətlə turistlərə Qızılsaçın qəsrini – Trendelburqu göstərirlər. Barmağına iynə batan Şipovniçek adlı şahzadə qız qızılgüllərə bürünən Zababurq qəsrində yüz il yuxuya gedib. Qəsrlərin tarixi əjdahalar, cəngavərlər, gözəl xanımlar və trubadurlar haqqında nağıllarla zəngindir. Fransanın Luara vadisində yerləşən qəsrlərin çoxunu gözəl saraylara çeviriblər. Bu qəsrlər arasında ən məşhuru XII əsrə aid qalanın yerində 1521-ci ildə ucaldılmış Şenonso, yaxud Qadın qəsridir. Kral ailəsinə məxsus olan bu qəsr gözəlliyinə görə yalnız Versaldan geri qalırdı.