Səs yalnız hansısa mühitdə, məsələn, havada, suda, dəmirdə dalğalar şəklində yayılan mexaniki hadisədir. Səs mənbəyindən mühitdə sıxlaşma və seyrəlmə baş verir.
Səsi eşitməyimiz üçün səs mənbəyi saniyədə azı 20 rəqsi hərəkət etməli, yaxud 20 hers (hs) tezliyə malik olmalıdır. Bu, çox alçaq səs sayılır. Rəqs tezliyi nə qədər çox olsa, səs bir o qədər gur çıxır.
Arıların qanadları saniyədə 200 rəqsi hərəkət edir, buna görə də tezliyi 200 hs olan səs eşidirik. Ağcaqanadın vızıltısının səsi daha ucadır, çünki ağcaqanad qanadlarını 500 hs tezliklə yellədir. Eşitmənin yuxarı həddi var. 20 min hersdən gur olan səsləri eşitmirik, çünki qulaqlarımızın pərdəsi bu cür tezliklə hərəkət etmək iqtidarında deyil.
İnsanlar səs telləri ilə səs çıxarırlar. Danışanda əlinizi boğazınıza aparsanız, vibrasiya hiss edərsiniz. Səslər gur və zəif olur. Səs mənbəyinin rəqsinin amplitudası ilə müəyyən olunan gurluq desibellə (dB) ölçülür. Səs ucalığı vahidi telefon ixtiraçısı A. Bellin şərəfinə belə adlandırılıb.

Eşitdiyimiz ən zəif səs 10 dB-dir. Bu, budaqdan qopub yerə düşən yarpağın səsidir. Pıçıltı 30 dB, qışqırıq 70 dB, göy gurultusu 100 dB-dir. 130 dB-dən gur səslər qulaqda ağrı və baş gicəllənməsi əmələ gətirir, çünki qulaqdakı səslər sinir impulslarına çevrilir və səs siniri ilə beyinə ötürülür. Buna görə gur musiqidən başımız ağrıyır. İki qulağımız olduğu üçün səsin istiqamətini müəyyən edə bilirik.
Dediyimiz kimi, müxtəlif mühitlərdə səs müxtəlifdir. Səs haqqında elm akustika ("akustikos" yunan sözü olub, eşitmə deməkdir) adlanır. Bəzən səslərin hər hansı məkanda yayılmasını da akustika adlandırırlar. Məsələn, deyirlər: “Bu otağın yaxşı akustikası var”. Konsert salonlarının çoxu öz akustikası ilə şöhrət qazanıb. Məsələn, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının çox gözəl akustikası var.
Eşidilən səslərdən başqa eşidilməyən səslər də vardır. Rəqs tezliyi 20 hs-dən aşağı olan səs infrasəs adlanır. Biz, əslində, infrasəslər dünyasında yaşayırıq, belə səslər bizi hər yerdə müşayiət edir: məsələn, küləyin binalara, ağaclara, teleqraf dirəklərinə təsir göstərdiyi vaxt, insanların və heyvanların hərəkəti zamanı.
Rəqs tezliyi təqribən 7 hs olan infrasəslər bəzən yorğunluq və narahatlıq əmələ gətirir. Tezliyi 20 min hs-dən çox olan eşidilməyən səs ultrasəs adlanır. Ultrasəs çıxarmağa qadir olan yarasalar bu səslərin maneələrə dəyib qayıdan əks-sədasını qəbul edir və bunun sayəsində obyektə qədər olan məsafəni təyin edir.
Ultrasəs təbabətdə və texnikada geniş tətbiq olunur. Həkimlər diaqnoz qoymaq üçün ultrasəsdən istifadə edirlər. Fəhlələr ultrasəsin köməyi ilə metal kəsir və qaynaq edir, metal konstruksiyalarda gözlə görünməyən çatları aşkar edirlər.
09.05.2014