Təbiət

Asiya qurunun üçdəbir hissəsidir

Asiya  Şərq deməkdir. Asuri mənşəli “Asiya” sözü “Şərq” kimi tərcümə olunur və dünyanın bu hissəsinin coğrafi mövqeyini göstərir. Avropa və Amerika ilə müqayisədə  Asiyada səhər daha tez açılır və yeni gün başlayır. Asiyanın ərazisi çox genişdir: o, planetimizin bütün quru hissəsinin üçdəbir hissəsini əhatə edir.
 
Asiya dünyanın ən böyük qitəsidir.  Avropa ilə birlikdə dünyanın ən böyük materikini – Avrasiyanı əmələ gətirir. Asiya ilə Avropa arasında  sərhəd xəritədə göstərilməyib.  Xəritələri tərtib edənlər razılaşıblar ki, Avropa ilə Asiya arasında  sərhədi xəritədə işarə olunan dağlar, çaylar və dənizlər göstərir. Asiya və Avropa arasındakı şərti sərhəd  Ural dağlarından, Emba, Kuma, Manıç çaylarından,  Qara dəniz və Mərmərə dənizindən, habelə Bosfor və Cəbəllütariq boğazlarından keçib Rusiya, Qazaxıstan və Türkiyəni iki hissəyə ayırır.  Asiya sahillərini Şimal Buzlu, Hind və Sakit okeanların suları yuyur. 
 
Asiya bəşər sivilizasiyasının yarandığı ilk ocaqlardan biridir. Böyük dinlər, mədəniyyətlər, çoxsaylı  xalqlar nəinki bu nəhəng ərazidə formalaşıb, həm də bir-birinə qaynayıb-qarışıb. 
 
Bu geniş ərazidən baş çıxarmaq üçün Asiyanı hissələrə bölmək qərara alınıb. Şərqi və Mərkəzi, Cənubi (Cənub-Qərbi və Cənub-Şərqi) və Orta Asiya regionları belə yaranıb.  Lakin regionların  da sərhədləri ölkələrin sərhədləri ilə üst-üstə düşmür və xəritədə qeyd olunmayıb. 
 
Hələ qədim zamanlarda bilirdilər ki, dünyanın lap qurtaracağında ipəklə zəngin  bənzərsiz Asiya torpaqları yerləşir. Çin sakinlərini ipəkçiliklə məşğul olan adamlar adlandırırdılar. Çinlilər  ipək lifini hazırlamağı  4500 il əvvəl öyrəniblər və o vaxtdan  bu sahədə onların tayı-bərabəri yoxdur. İpəyi Şərqdən Qərbə gətirirdilər. Çox uzun olan bu yolu elə İpək Yolu adlandırırdılar.  Antik mənbələrdə təkcə çinlilər barədə məlumata rast gəlmirsən. Həmin mənbələrdə Altay xalqlarından, o cümlədən döyüşkən hunlardan da danışılır. 
 
Avropa ölkələrinin Şərq ölkələri ilə  ticarət etməsi  çox çətin idi, burada ərəblər ağalıq edirdilər.  Amma tacir və səyyah Marko Polonun bəxti gətirir. O, sağ-salamat Uşaq Şərqə gedib çıxır. Əlbəttə, M.Polo bu yerlərə gedib çıxmış ilk avropalı  deyildi. Lakin 25 il sürən Asiya səyahətini ilk dəfə məhz o qələmə alıb və bununla da şöhrət qazanıb. Birbaşa Cənubi Asiyaya aparan daha təhlükəsiz dəniz yolunun axtarışları davam edirdi. Qərbdən Cənubi Asiyaya dəniz yolunu ilk dəfə portuqaliyalı Vasko da Qama qət edir. Buna görə də Portuqaliyanın milli qəhrəmanı olur və hətta Hindistanın vitse-kralı təyin olunur. 
 
Asiya şimaldan cənuba və qərbdən şərqə doğru uzanan ucsuz-bucaqsız ərazidə yerləşir. Odur ki, iqlimində də çox böyük fərqlər var. Ucqar Şimalda uzun sürən sərt şaxtalı qış hökm sürür. Hind okeanının ilıq sularının yuduğu sahillərdə  çox istidir və əbədi yaydır.  Planetimizin  ən uca  zirvəsi burada yerləşir.  Əzəmətli dağı Everest, yaxud Comolunqma adlandırırlar. Onun buludları yarıb keçən zirvəsinin hündürlüyü 8848 metrə çatır. Sərnişin təyyarələri  təxminən elə bu yüksəklikdə uçur. Yer kürəsinin ən rütubətli yeri - Çerapunci də Cənubi Asiyada – Himalay dağlarında yerləşir.  Planetimizin digər yerləri ilə müqayisədə bura yağıntı daha çox düşür. 
 
Asiyanın ən böyük səhrasında - Monqolustandan  Çinədək uzanan  Qobidə isə yağış nadir hadisədir.  Daha bir unikal səhra Mərkəzi Asiyada yerləşir. Təklə Məkan qumsallığa deyil, qara bürünüb,  burada havanın temperaturu bəzən -32ºC-yə çatır. 
 
Dünyanın ən böyük gölü də Asiyadadır. Elə biz özümüz də onun sahilində yaşayırıq.   Sahəsi  təxminən 371.000 kvadrat kilometr olan doğma Xəzərimizi  dəniz-göl adlandırırlar. 
 
Digər göl isə ölçüləri ilə deyil,  dərinliyi və suyunun təmizliyi ilə rekord vurur.  Baykal gölünün  maksimum dərinliyi 1620 metrdir. Yer kürəsinin bütün içməli su ehtiyatının  beşdəbir hissəsi bu göldədir. 
 
Şərqdə Asiya sahillərini ən böyük okeanın – Sakit okeanın suları yuyur.  Məşhur dəniz səyyahı Fernan Magellan bu okeanı belə adlandırmaqla səhvə yol verib. Burada tez-tez nəhəng dalğaları şahə qaldıran dəhşətli fırtınalar olur. Qasırğa quruya hücum edərək qarşısına çıxan hər şeyi yerlə-yeksan edir. Sakit okeanın sahillərində  çoxlu vulkanik ada var. Burada tez-tez vulkan püskürmələri  və zəlzələlər baş verir. 
 
Asiyanın şimalında  geniş ərazidə tundra yerləşir.  Burada hündür ağaclar yoxdur, yalnız ot və kol bitir. Tundrada ağ şimal tülküsü və balaca heyvanlar – lemminqlər yaşayır. Tundranın cənubunda yüzlərlə kilometr ərazidə qalın meşə - tayqa yerləşir. Tayqa   canavarların, ayıların, tülkülərin məskənidir,  şam ağaclarının  budaqlarında isə zirək dələlər qaçışır.
 
Asiyanın  cənubunda xurma, portağal və limon ağacları bitir. Bura fillərin, meymunların, timsah və saysız-hesabsız gözəl cənnət quşlarının məskənidir. Səhralarda isə  yüz il əvvəl olduğu kimi  dəvə karvanları gedir. Əhalisinin etnik tərkibi çox müxtəlif olan Asiyada monqoloid, yevropeoid, neqroid iqrlərinin nümayəndələri yaşayır.   
 
Çin, Hindistan, Tibet-Monqol, Orta Asiya, Babil və s. kimi çox qədim sivilizasiyalar Asiyada yaranıb. Asiyada xristianlıq və islamla bərabər,  yəhudi, buddizm, daosizm, sintoizm kimi dinlər də yayılıb.