Yaraq-əsləhə cəngavərin nəyinə lazımdır?
Sərt orta əsrlər dövründə Avropada ağır silahlarla silahlanmış peşəkar süvari döyüşçüləri cəngavər adlandırırdılar. İmtiyazlı təbəqənin nümayəndələri sayılan cəngavərləri şərəf və əxlaq kodeksi birləşdirirdi. Əslində, bu kodeksin prinsiplərinə heç də bütün cəngavərlər ciddi əməl etmirdilər. Buna baxmayaraq, zaman keçdikcə cəngavər obrazı ideallaşdırılır, romantikləşdirilir, tarixdə yüksək mənəviyyatlı döyüşçü zirvəsinə ucaldılır.
Zəmanəmizdə cəsarətli, səxavətli, nəcib, alicənab və nəzakətli adamı “cəngavər” adlandırırlar. Belə insan zərif cinsin nümayəndələrinin gözündə xüsusi dəyəri olan əsl kişi idealıdır.
Fərziyyələrdən birinə görə, cəngavərlik zirehli geyimin ( üstündə metal piləklər tikilmiş gödəkcə) meydana gəlməsi nəticəsində yaranıb. Cəngavərlər döyüşdə qılınc, ox, balta, uzun nizə və dəmir gürzlərlə vurulan zərbələrə məruz qalırdılar. Bədənlərini iti silahdan qorumaq üçün onlar möhkəm polad zirehdən yaraq-əsləhə gəzdirirdilər. Cəngavərlərin əksəriyyəti XII əsrədək zireh geyinirdi. Bu zirehi metal halqalardan hazırlayırdılar. Sonralar zirehi bütünlüklə metal lövhələrdən hazırlamağa başladılar.
Zirehi geyinmək asan məsələ deyildi. Hər bir cəngavərin gənc silahdaşıyanı vardı. Cəngavər olmağa hazırlaşan silahdaşıyan sahibinin döyüşə hazırlaşmasına kömək edirdi.
Yaponiya cəngavərlərini samuray adlandırırdılar. Onların zirehi metal lövhələrdən hazırlanır, basma ipək parçaya və dəriyə bərkidilirdi.
İgidlik, qoçaqlıq, sədaqətlilik, düzlük, alicənablıq, tədbirlilik, nəzakətlilik, gözəl davranış, şərəf hissi, müstəqillik və sərbəstlik - cəngavərin əsas məziyyətləri bunlardır.
12.09.2013