Bu maraqlıdır!

Yaraq-əsləhə cəngavərin nəyinə lazımdır?

Sərt orta əsrlər dövründə  Avropada  ağır silahlarla silahlanmış peşəkar süvari  döyüşçüləri  cəngavər adlandırırdılar.  İmtiyazlı təbəqənin nümayəndələri sayılan cəngavərləri şərəf və əxlaq kodeksi birləşdirirdi. Əslində, bu kodeksin prinsiplərinə heç də bütün cəngavərlər ciddi əməl etmirdilər. Buna baxmayaraq,  zaman keçdikcə cəngavər obrazı ideallaşdırılır, romantikləşdirilir,   tarixdə yüksək mənəviyyatlı döyüşçü zirvəsinə ucaldılır. 

Zəmanəmizdə  cəsarətli, səxavətli, nəcib, alicənab və nəzakətli adamı “cəngavər” adlandırırlar. Belə insan  zərif cinsin nümayəndələrinin  gözündə xüsusi dəyəri olan əsl kişi idealıdır.

Fərziyyələrdən birinə görə, cəngavərlik zirehli geyimin ( üstündə metal piləklər tikilmiş  gödəkcə)   meydana gəlməsi nəticəsində  yaranıb.  Cəngavərlər döyüşdə qılınc, ox,  balta, uzun nizə və  dəmir gürzlərlə vurulan zərbələrə məruz qalırdılar.  Bədənlərini iti silahdan  qorumaq üçün  onlar möhkəm polad zirehdən yaraq-əsləhə gəzdirirdilər. Cəngavərlərin əksəriyyəti XII əsrədək zireh geyinirdi. Bu zirehi metal halqalardan hazırlayırdılar.  Sonralar zirehi bütünlüklə metal lövhələrdən hazırlamağa başladılar.

Zirehi geyinmək asan məsələ deyildi. Hər bir cəngavərin gənc silahdaşıyanı  vardı. Cəngavər olmağa hazırlaşan silahdaşıyan sahibinin döyüşə hazırlaşmasına kömək edirdi.

Yaponiya cəngavərlərini samuray adlandırırdılar. Onların zirehi  metal lövhələrdən  hazırlanır, basma ipək parçaya və dəriyə bərkidilirdi.

İgidlik, qoçaqlıq, sədaqətlilik, düzlük, alicənablıq, tədbirlilik, nəzakətlilik, gözəl davranış, şərəf hissi, müstəqillik və sərbəstlik - cəngavərin əsas məziyyətləri bunlardır.