Təbiət

Rəngarəng Avropa

Avropa Avrasiya materikinin qərb hissəsidir. Onun sahəsi 10 milyon  kvadrat kilometrdir. Bu da  Afrikanın  üçdə bir, Asiyanın isə  dörddə bir  hissəsinə bərabərdir. Hətta bəziləri  onu əsl qitə saymır. Lakin mədəniyyəti və uzun tarixi sayəsində Avropa dünyada xüsusi yer tutur.

 

Qitə qurunun okean və dənizlərlə  əhatə olunmuş hissəsi, bir növ  nəhəng adadır. Avropanı qərbdən  Atlantik okeanın, şimaldan  Şimal Buzlu okeanının, cənubdan isə  Aralıq dənizinin  suları yuyur.  Şərqdə isə vəziyyət fərqlidir:  burada Avropanı  Asiyadan  Ural dağları,  Qafqaz, bir vaxtlar  göl sayılan  Qara dəniz və Xəzər dənizi ayırır. Belə çıxır,  coğrafi nöqteyi-nəzərdən Avropa  Asiyanın bir növ qabarıq hissəsidir və onunla bərabər Avrasiya materikini  əmələ gətirir.

 

Avropanı  mülayim iqlimli düzənliklər diyarı adlandırırlar. Əslində  isə onun iqlimi və relyefi daha rəngarəngdir!  Skandinaviyanın şimalından Aralıq dənizinə qədər  4000 kilometr məsafə var.   Ona görə də Avropanın şimalında  orta temperatur  - 5 dərəcə,  cənubunda isə +18 dərəcədir.

 

İqlim müxtəlifliyi bir-birindən kəskin fərqlənən təbiət mənzərələri ilə müşayiət olunur. Avropanın şimalında buzlu tundra uzandığı halda, cənubda  kolluqlarla örtülmüş ucsuz-bucaqsız çöllərdə cırcıramalar cırıldayır.  Bir-birinə əks olan bu landşaftlar arasında  qitənin üçdə iki hissəsini  əhatə edən düzənliklər yerləşir.  Lakin onlar heç də yeknəsəq deyil:  uca dağ zirvələri  və bol sulu çaylar  müxtəlif relyef formaları və ritmlər  yaradır. Orda-burda  cavan dağ silsilələrinin sıldırım qayaları və buzla örtülmüş zirvələri diqqəti cəlb edir. 

 

Avropa  üç tərəfdən  su ilə əhatə olunub: onun 38 000 kilometrlik sahil xətti boyunca çoxsaylı adalar ( onların ən böyüyü Böyük Britaniyadır)  yerləşir. Kiçik körfəzlər sayəsində Aralıq dənizinin cənubu girintili-çıxıntılıdır. Sahil boyunca  burunlar və yarımadalar bir-birini əvəz edir.   Hətta düzənlik ərazilərdə belə su  boldur: Avropa çayları  planetimizin ən uzun,  ən bol sulu  çayları sayılmasa da, sayı çoxdur. Ona görə də  burada torpaq son dərəcə münbitdir.

 

Avropa yunan və Roma sivilizasiyalarının vətənidir. Yunanlar  gözəl məbədləri olan şəhərlər salmış, gəmiçiliyi  mənimsəmiş, Aralıq dənizini qarış-qarış öyrənmişlər. Onlar yeni siyasi rejim icad edib onu “demokratiya” adlandırmış,  poeziya, teatr və başqa incəsənət növlərini  inkişaf etdirmiş,  bilik vermək və böyük mütəfəkkir-filosoflar  yetişdirmək üçün  Akademiyanın əsasını qoymuşlar.  Yunan sivilizasiyası  Avropa mədəniyyətinin  təməlini qoymuşdur.  Dörd əsr sonra romalılar yunanlara  qalib gəlib, bütün Avropanı və hətta Afrikanın bir hissəsini əhatə edən  yeni imperiya yaratmışlar.  Yunanların varisləri olan romalılar Avropa mədəniyyətini dəyişdirmişlər. Böyük Roma mühəndisləri  körpülərlə birlikdə yollar salmış, inşaat texnologiyalarını təkmilləşdirmişlər.

 

1492-ci ildə Xristofor Kolumb Amerikanı, başqa sözlə, Yeni Dünyanı kəşf edəndən  sonra Avropanı Köhnə Dünya adlandırmağa başlamışlar.

 

Avropanın tarixi və sərvəti  bütün zəmanələrdə  başqa torpaqlardan olan  səyyahları cəlb etmişdir.  Tacirlər, alimlər, rəssamlar və sadə insanlar  səadət axtarışında bura gəlir, bəziləri  qalıb burada yaşayırdılar. Hazırda  Avropa qitəsindəki dini müxtəliflik, burada xristian dini ilə  bərabər başqa dinlərin, o cümlədən  islam və yəhudi dinlərinin  mövcud olması bununla izah olunur.

 

XIX əsrdə Avropa dövlətləri dünyada hökmranlıq edirdilər. İnkişaf etmiş dövlətlər dünyanın müxtəlif  ölkələrini işğal edərək,  onları  öz müstəmləkəsinə çevirmişdilər.  Hazırda həmin müstəmləkələrin əksəriyyəti  yenidən öz müstəqilliyinə qovuşsalar da,  Avropa ilə sıx əlaqələri  qoruyub saxlamışlar. 

 

1918-ci ildə  Birinci dünya müharibəsi  başa çatandan sonra Qərbi Avropa  ölkələri  dünyanın ən güclü dövlətləri statusunu itirdilər.  Rusiya, Birləşmiş Ştatlar,  Yaponiya, daha sonra Çin  beynəlxalq  aləmdə önə çıxdılar.

 

İkinci dünya müharibəsinin dəhşətli hadisələrindən sonra Avropa ölkələri sülhün vacib olması barədə düşündülər. Onlar yeni böyük dövlətlər kimi qüdrətli olmaq üçün əvvəlcə siyasi,  sonra iqtisadi cəhətdən  birləşməyə başladılar.

 

Bu gün Avropa qitəsi planetimizin ən zəngin regionlarından biri, insanların  yetərincə firavan yaşadığı  məkandır.  Avropa  dövlətli olmasına görə  ilk növbədə  kənd təsərrüfatının inkişafına şərait yaradan  münbit  torpaqlarına  borcludur.  Daha sonra İngiltərədə başlayan sənaye inqilabı  bütün Avropanı bürümüş, istedadlı alimlər və sahibkarlar sayəsində  Avropada  çoxlu zavod inşa olunmuşdur. Ona görə də sənaye cəhətdən inkişaf etmiş ölkələr Avropanın  ən zəngin ölkələri sayılır. Ən iri şəhərlər də  məhz  bu ölkələrdə yerləşir.

 

Bu maraqlıdır: Avropa qitənin özündə deyil, onun hüdudlarından kənarda – dünyanın müxtəlif guşələrində yerləşən  29 əraziyə  malikdir. Məsələn,  Atlantik  okeanında  Azor adaları arxipelaqı Portuqaliyanın bir hissəsidir. Qrenlandiya Danimarkaya,  Amerika sahillərində  yerləşən Bermud adaları  İngiltərəyə, Martinika və Taiti adaları Fransaya  məxsusdur!  Bu ərazilərin sakinləri də avropalı sayılır.

 

Avropanın bayrağı xalqların birliyinin və həmrəyliyinin rəmzidir. Bayrağın mərkəzində təsvir olunan 12  ulduz  saat siferblatındakı ədədlər kimi düzülüb.  12 ədədi mükəmməllik və harmoniya  rəmzidir. Avropa İttifaqına üzv olmaq istəyən ölkələr  insan hüquqlarına riayət etməyə borcludurlar.