Kitabxanadan necə istifadə etməli?

Kitabxananın necə bir yer olduğunu hansı məktəbli bilmir? Sanki izahata heç bir ehtiyac yoxdur.
Yəqin ki, Assuriya çarı Aşşurbanipalın kitabxanası barəsində eşitmisiniz. Eramızdan əvvəl VII əsrdə burada gil lövhələr üzərində yazılmış mətnlər qorunub saxlanırdı. Savadlı hökmdarın göstərişi ilə məxsusi olaraq kitabxana üçün iki dəbdəbəli saray tikilmişdi. Saraylardan biri “Nəsihət və məsləhətlər evi” adlanırdı.
Məktəblilərin çoxu antik dünyanın ən böyük kitabxanası - məşhur İsgəndəriyyə kitabxanası barədə də eşidib. Burada təxminən 400-700 min perqament (ev heyvanlarının məxsusi olaraq yazı üçün hazırlanmış dərisi) üzərində yazılmış kitablar saxlanılırdı. Bir çox görkəmli alimlər, o cümlədən Evklid bu kitabxanada işləyiblər. Əsası eramızdan əvvəl III əsrdə qoyulan bu kitabxananın başına çox bəlalar gəlib, eramızdan əvvəl 47-48 –ci illərdə yanğın nəticəsində məhv olub. Lakin üçüncü minillikdə (elə bizim günlərdə - 2003-cü ildə) Misirdə yenidən yaradılıb. Kitabxana kompyuter texnikası ilə təchiz edilib, Qlobal şəbəkəyə qoşulub. Açılışı münasibətilə kitabxanaya müxtəlif ölkələr tərəfindən qiymətli qədim əlyazmalar, kitablar, papirus kağızları hədiyyə olunub.
Erkən orta əsrlərdə müsəlman Kordovası (İspaniya) o dövrün elm ocağı və mədəniyyət mərkəzi sayılırdı. Kordovada 70 kitabxana fəaliyyət göstərirdi. Təkcə xəlifə II Əl-Hakimin kitabxanasında 400 000 cild kitab, o cümlədən çox nadir manuskliptlər saxlanılırdı. Kordovanın demək olar bütün əhalisi savadlı idi. Onlar kitaba maraq göstərir, onu toplayırdılar. Hər il Kordovada təxminən 18 000 kitabın üzü köçürülürdü. Bir çox adlı-sanlı adamlar kitab və əlyazma toplamağı özlərinə şərəf bilir, kitabın üzünü köçürənlərdən ibarət böyük bir ştat saxlayırdılar.
Müasir italyan yazıçısı, Bolonya Universitetinin professoru, orta əsrlər tarixi üzrə mütəxəssis Umberto Ekonun “Qızılgülün adı” kitabını oxumusunuzmu? Müəllif həmin kitabda orta əsrlərdə monastır kitabxanasını təsvir edib. Bu kitabxanaya yalnız savadlı adamlar buraxılırdı. Xüsusi dəyəri olan kitabları zəncirlə stollara bərkidirdilər. Savadlı rahiblər kitabxananın fondunu zənginləşdirmək üçün gecə-gündüz çalışır, kitabların üzünü köçürür, nəhəng foliantları ( böyük həcmli kitab) vinyetka və miniatür şəkillərlə bəzəyirdilər.
Uşaqlar, yəqin ki, hər biriniz oxuduğunuz məktəbin kitabxanasından istifadə edirsiniz. Bir çoxunuz isə şəhər, rayon və ya kənd kitabxanasının üzvüdür.
Müasir kitabxana oxuculara aşağıdakı imkanları təklif edir:
Kitabxana nə qədər böyük olsa da, axtardığınız kitabı tapmaq asandır, çünki kitablar müəyyən sxem üzrə yerləşdirilib. Bundan əlavə, “sehrli açar” - kataloq, kartoteka və mövzu göstəricilərindən ibarət informasiya-axtarış sistemi var. Oxucular üçün yaddaş dəftəri bütün bunlardan istifadə qaydalarını izah edir. Bir də ki, məsləhətçi-kitabxanaçı sizə kömək etməyə həmişə hazırdır.
25.10.2021