Təbiət

Tropik dənizlərin möcüzəsi - tutuquşu-balıq

Suya baş vururuq  və tutuquşu ilə burun-buruna gəlirik.   Sanki o, məşhur cizgi filmi qəhrəmanı  Keşanın burnundan düşüb. Bəlkə o, pulcuqlu “libas” geyinərək üzməyi öyrənib?


Bu, tutuquşu-balıqdır. O,  Sakit və Hind okeanlarının tropik sularında  məskunlaşan xanıkimilər  dəstəsindən olan balıqlar fəsiləsinə aiddir. Tutuquşu-balığın bir-birindən gözəl 80 növü var. Zahirən çox gözəl olan bu balıqların güclü çənəsi  təcrübəsiz dalğıclar üçün  təhlükəlidir.


Tutuquşu-balığın yaşını  onun rənginə görə təyin edirlər.  Gənc balığın “libasında”  boz, qəhvəyi və qırmızı, yaşlı balıqlarda isə göyümtül-yaşıl çalarlar üstünlük təşkil edir.


Tutuquşu-balıqlar mərcan riflərinin sakinləridir, mərcan polipləri (rifəmələgətirmə prosesində iştirak edən dəniz onurğasızları) onların əsas qidasıdır. Lakin bu fəsilənin bəzi nümayəndələri, xüsusən iri tutuquşu-balıqlar dənizin  dibindəki soxulcan və molyuskları ovlayır. Bu balıqların  ağzı  forma və quruluşuna görə  tutuquşunun dimdiyini xatırlatdığı üçün  onu tutuquşu-balıq adlandırıblar.  Onun “dimdiyi” çənəsinin xarici səthində  mozaika formasında  yerləşən xırda, lakin möhkəm dişlərdən ibarətdir.


Balıq mərcanın üstündə bitən cavan yosunları “dimdiyi” ilə asanlıqla qaşıyır və mərcanların boğulmasının qarşısını alır.  Ümumiyyətlə tutuquşu-balıqlar bioeroziya  prosesində, yəni möhkəm okean süxurlarının  molyusk, soxulcan, bitkilərin  və s.  təsiri altında  parçalanmasında mühüm rol oynayır. Müəyyən mənada onları  mərcan riflərinin xilasediciləri adlandırmaq olar.


Tutuquşu-balığın bəzi növləri  mərcan süxurlarını və hətta daşları həzm edə bilir.  Onlar möhkəm dişləri ilə  mərcan və ya daş parçası qopararaq udur. Həzm etdikdən sonra qum şəklində ifraz edir.  Yeri gəlmişkən,  Karib hövzəsinin bəzi qumsal çimərlikləri  məhz bu balıq sayəsində yaranıb.  Hesablamalara görə,  yaşlı tutuquşu-balıq il ərzində  90 kilqoram  qum ifraz etməyə qabildir.


Tutuquşu-balığın uzunluğu 30-50 santimetrdir. Bəzi növlərin uzunluğu bir metrə çatır.  Yalnız  yaşıl rəngli tutuquşu balığının uzunluğu 130 santimetrdir.  Balığın bədəni enlidir. Döş üzgəcləri  yaxşı inkişaf edib.  O, bu üzgəclərin köməyi ilə üzür. Amma yüksək sürət götürmək lazım gələndə  güclü quyruğunu işə salır.


Tutuquşu-balığın ağız seliyi yatanda onu barama kimi bürüyür, dincəldiyi zaman parazitləri yaxın buraxmır. Yeri gəlmişkən, selik tutuquşu-balığın qoxusunu da özünə çəkir və iybilmə qabiliyyəti sayəsində qaranlıqda ov edən  yırtıcılardan  gizlədir.  Tutuquşu-balığın seliyi həm də  antiseptik təsirə malikdir. O,  iri daşların vurduğu yaraları seliyi ilə sağaldır.