Təbiət

Qolkondanın sərvəti

Almaz  qiymətli daşlar arasında ən bahalısıdır.  Cilalanmış iri almazlar brilyant adlanır.  Belə daşlar qızıl və platin çərçivəyə salınır,  hökmdarların  taclarını  bəzəyir.  Xırda (texniki) almazlar isə çoxişlənən  daşlardır. Texniki almazların yarıdan çoxu emal sənayesi üçün  xüsusi alətin hazırlanmasında istifadə olunur. Əlvan və qara metalların, möhkəm və ifrat möhkəm  ərintilərin, şüşə, kauçuk, plastik kütlə və digər sintetik  maddələrin  emalında  almazdan hazırlanmış kəsici alət və burğulardan istifadə olunması möhkəm xəlitələrdən hazırlanmış  alətlərlə müqayisədə  böyük iqtisadi səmərə verir. Müasir sənaye sahələrinin, demək olar, hamısında, o cümlədən   radioelektronikada və cihazqayırmada  müxtəlif materiallardan hazırlanmış  nazik məftillərdən  istifadə olunur. Bərk metallardan olan belə  məftili yalnız almaz filyerin  köməyi ilə hazırlamaq mümkündür. Filyer üstündə çox kiçik deşiklər açılmış almaz lövhədir.
Almaz kimyəvi tərkibinə görə karbondur və əslində, çox yumşaq qrafitdən heç nə ilə fərqlənmir.  Lakin nə üçün təbiətdə bəzi hallarda qrafit əmələ gəlir, bəzi hallarda isə almaz?  Məsələ törəmə şəraitindədir. Almaz  Yerin səthində bir növ  “qonaqdır”: bu qiymətli daş  çox  böyük dərinliklərdə, yüksək  temperatur və təzyiq  nəticəsində əmələ gəlir. Əbəs yerə deyil ki, əsl almaz yataqları  yeraltı partlayışlar nəticəsində əmələ gəlmiş  mədənlərdir. Almaz yataqlarını Yerin səthinə  çıxmamış vulkan da adlandırmaq olar.
Yer üzündə ilk almazlar  təxminən 3 min il əvvəl  Hindistanda tapılıb.  Almazların  satıldığı qədim  Qolkonda  şəhəri  indiyədək  bütün dillərdə bitib-tükənməyən  sərvət  mənasında işlənir.  Hazırda ən böyük almaz ixracatçısı  Cənubi  Afrikadır.  İlk almaz mədənləri   1954-cü ilin  avqustunda Yakutiyada tapılıb. 
Tarixdə ən məşhur almazlardan biri olan “Şah” (kütləsi 88 karat)  Moskvada, Rusiyanın Almaz Fondunda saxlanılır. Daşın üzərində  onun əvvəlki sahibləri barədə məlumat verən  yazılar həkk edilib. Almaz 1591-ci ildə  Böyük Moğollar sülaləsinin nümayəndəsi II Burhan Nizam şaha, 1641-ci ildə Cahan şaha  məxsus olub. Təbii oktaedr formasında olan daş cüzi cilalanıb.  Uzunsov formada olan daşı asmaq üçün onun bir ucunda halqavari dərin şırım açılıb. Daş uzun illər  Böyük Moğolların taxtından həmail kimi asılıb.
1739-cu ildə Nadir şah Əfşar Hindistana hücum edir.  Nadir şah Hindistanda qaldığı  iki ay ərzində çoxlu qənimət, o cümlədən “Şah” almazını  ələ keçirir və İrana gətirir.  1829-cu ildə  Tehranda Rusiya səfirliyinə  hücum  edib şair və diplomat A.Qriboyedovu qətlə yetirirlər. O dövrdə İran şahı olan Fətəli şah  oğlu  Xosrov Mirzənin başçılığı ilə Peterburqa  nümayəndə heyəti göndərir.  Qədim almaz “günahı yüngülləşdirən”  hədiyyələr arasında çar I Nikolaya təqdim olunur.