Bu maraqlıdır!

Papirusdan kağıza aparan yol

Uşaqlar, yaxşı bilirsiniz ki, yazmaq və kitab nəşr etmək üçün xüsusi material lazımdır. Bizim üçün həmin material kağızdır. Lakin həmişəmi belə olub?
Əsrlərin dərinliyindən bizim günlərə gəlib çatan ilk “yazılar” qayalarda, bişmiş gil lövhələrdə, palma yarpaqlarında  və hətta nazik qızıl vərəqlərdə həkk edilib. Yaxşı bilirsiniz ki,  bu materiallar kitab nəşr etməyə yaramır. Qədim zamanlarda, Misir fironları dövründə yazı üçün xüsusi materialdan istifadə etməyi öyrəniblər. Həmin materiala onun hazırlandığı  bitkinin adı verilib. Bu, Nil çayı deltasında bitən papirus adlı bitki idi.  Papirusun böyük yarpaqları  xüsusi üsulla emal edilir, yapışdırılır və lülə şəklində bükülürdü. Bu cür bükülü kağızlar  Misir heroqlifləri ilə yazılmış qədim kitablar idi.  Alimlərin tapdığı ən qədim  papiruslar  eramızdan əvvəl  üçüncü minilliyə aiddir.  Sonra papirus istifadədən çıxaraq  yerini başqa materiallara verir.
Eramızdan əvvəl  II əsrdə Kiçik Asiyada yerləşən Perqamo şəhərində  yazı yazmaq və kitab hazırlamaq üçün uzun illər istifadə olunan material ixtira edilib. Xüsusi üsulla emal edilmiş  çox nazik heyvan dərisinə həmin şəhərin adı verilib.  Möhkəm material olan  perqament o dövrdə sürətlə yayılmağa başlayıb və hətta  kağız ixtira ediləndən  sonra  da  bir neçə əsr istifadə edilib.  Doğrudur, xüsusi əhəmiyyəti olan  dövlət sənədləri üçün.   Perqament bahalı kağız sayılırdı,  çünki onun hazırlanmasında çoxlu sayda əla növ buzov dərisindən istifadə olunurdu. Kitabların üzünü köçürənlər  köhnə yazıları qaşıyıb çıxarır, təmizlənmiş yerdə təzə mətn yazırdılar. Bu yolla orta əsrlərdə çoxlu sayda qədim əlyazma tələf olub.  Lakin müasir  metodlar  təkcə sonuncu dəfə perqamentdə yazılanları deyil, həm də  bir vaxtlar silinmiş mətni  oxumağa imkan verir.  Həmişəlik itirilmiş sayılan qədim kitablar bu yolla bərpa olunur.
Lakin yazı və  kitab nəşri üçün sözün əsl mənasında ümumdünya materialı kağız oldu. Kağız  eramızın II əsrində Çində ixtira olunub. Çinlilər kağızı düzəltməyi  eşşəkarılarından öyrəndiklərini bildirirlər.  Bəlkə də belədir. İnsanlar heyvanlardan və həşəratlardan  çox şey götürüblər.
Əsrlər boyu  kağız  əllə hazırlanıb, xammal kimi əski, çətənə lifi, saman, ağac qabığından istifadə olunub.  Xammalı çeşidləyir, xüsusi dəyirmanlarda üyüdür və  yapışqan əlavə edərək lifli kütlə əldə olunanadək bişirirdilər. Artıq suyun axıb getməsi üçün bu kağız kütləni  deşikləri olan  xüsusi təbəqənin  üstünə atır, sonra  cilalanmış  formalara tökür, onun “yetişməsini” gözləyirdilər. Bu üsulla əldə edilmiş vərəqləri  presləyir, qurudur və hamarlayırdılar.  Avropalılar kağızı bu üsulla hazırlamağı XI-XII əsrlərdə ərəblərdən öyrəniblər.  Kağız istehsalının mərkəzi isə  uzun illər İtaliya olub.  Kağızın  hazırlanması üsulu  əsrlər boyu təkmilləşdirilib,  bunun üçün müxtəlif maşınlar yaradılıb.  1800-cü ildən sonra isə onu ağacdan hazırlamağa başlayıblar. Nəticədə kağız istehsalını ucuzlaşdırmaq və  kəskin şəkildə artırmaq mümkün olub. Qədim kağızı  həm görkəminə, həm də işıqda görünən  xüsusi su nişanlarına – filiqrana görə asanlıqla fərqləndirmək olar.  Filiqran  hər bir kağız ustasının “firma nişanı” idi.
Müasir dövrdə çap üçün çoxsaylı kağız tiplərindən və sortlarından istifadə olunur: qəzetlər xüsusi  qəzet kağızında, jurnal və kitablar isə ofset, tabaşirli və daha bahalı olan başqa kağız sortlarında  çap olunur.  Rəsm və rəsmxətt dərslərində vatman kağızından istifadə edirsiniz. Bütün bu kağız  tipləri hazırlanma keyfiyyətinə  və onların sıxlığına təsir göstərən çəkisinə görə bir-birindən fərqlənir. Bir sözlə, Yer üzündə kağız çoxdur, lakin baha başa gəlir. Ona görə də “qələmin yazmasına, kağızın isə dözməsinə”  baxmayaraq, “qələm yazanı qılıncın poza bilməməsi”  barədə  atalar  sözlərini yaxşı yadda saxlamaq lazımdır. Yəni  kağızı qorumaq və  orada yalnız yaxşı yazmaq lazımdır.