
Almaniyanın Manheym şəhəri, 1817-ci ilin yayı. Saray parkında gəzişənlərin ağızları açıla qalmışdı: təkərləri olan taxta çubuğu minən qüsursuz geyinmiş görkəmli bir cənab ayaqlarını yerdən üzərək adamların yanından şütüyüb keçirdi. Adamlar diqqətlə baxanda bu qəribə adamda şəhərin baş meşəbəyisini - baron Karl fon Drayzı tanıyır və “Sən bir hoqqabaza bax”, - deyərək uğunub gedirdilər. Amma sonralar məlum oldu ki, əbəs yerə gülürmüşlər. Baronun bu əcaib maşınından tezliklə bütün dünya xəbər tutdu. Qaçan maşın yeni dövrün - “sürətli ayaqlar” dövrünün başlanğıcını qoydu. Axı, “velosiped” sözü latın dilindən məhz belə tərcümə olunur. Bu ixtiranı birdən-birə qəbul etmədilər. İlk vaxtlarda onu hətta qadağan etmək istəyirdilər. Çünki təzəhəvəs çaparlar öz taxta parçalarında ətraf yerlərdən heç bir tormoz-filan olmadan şütüdüklərindən tez-tez bədbəxt hadisələr baş verirdi.
Müxtəlif ölkələrdə ixtiraçılar bu narahat konstruksiyanı təkmilləşdirmək üzərində baş sındırırdılar. 1858-ci ildə velosipedə pedallar qoyuldu. Onun xarici görünüşü də dəyişdi: qabaq təkərin ölçüsü xeyli böyüdü. Sən demə, qabaq təkərin diametrinin böyük olması sayəsində velosipedçi təkcə pedalları firlada-fırlada daha uzaq məsafə qət edə bilir. Amma bu model də idealdan uzaq idi: velosiped hətta ən kiçik təpəciklərdə belə aşa bilərdi. Velosipedin özünə isə xüsusi pilləkənin köməyi ilə çıxmaq lazım gəlirdi.

1865-ci ilə doğru velosipedlərin ölçüsü kiçildi, ilk dəmir modellər ortaya çıxdı. Bu modellərin ancaq təkərləri taxtadan idi. Cingildəyən maşında gəzmək istəyənlərin sayı isə əvvəlki kimi az idi. Rezin şinlərin ixtira olunduğu 1888-ci ilə qədər vəziyyət belə davam etdi. Amma həmin vaxtdan etibarən bu ikitəkərli dəmir at insanın daimi yol yoldaşına çevrildi.
Bir maraqlı suala cavab vermək qalır: nə üçün velosiped hərəkət edən zaman aşmır? Ona görə ki, velosipedçi onun müvazinətini saxlayır. Hətta düz getdiyini düşünəndə belə sənin velosipedin soldan sağa, sağdan sola kiçik ziqzaqlar edir. Bu manevrlər müvazinəti saxlamağa kömək edir. Asta sürsən görərsən ki, yıxılmamaq üçün daim manevr etmək lazım gəlir.
Müasir dövrdə velosiped növlərinin sayı-hesabı yoxdur: hətta uçan modellər də mövcuddur. Belə velosipedlərin qanadları və pilotun pedalla idarə etdiyi propelleri var. Əsas məsələ yüksəklikdən qorxmamaqdır. Bir də ayaqların güclü olmalıdır. Havada pedalları yerdəkinə nisbətən daha sürətlə fırlatmaq lazım gəlir.
Asiya ölkələrinin çoxunda, indi isə Avropanın özündə velorikşalar (taksi-velosipedlər) artıq adi hala çevrilib. Şübhəsiz ki, bu, nəqliyyatın heç də ən sürətli növü deyil, amma manevr edə bilən və ekolojı cəhətdən ən təmiz növüdür.
10.09.2015