Bu maraqlıdır!

Şimali Amerika

Yer kürəsinin altı materikindən biri olan Şimali Amerika Qərb yarımkürəsinin şimalında yerləşir. Şimali Amerikanın əhalisi 500 milyon nəfərdən çoxdur. Bu da dünya əhalisinin 7 faizi deməkdir. Şimali Amerika böyüklüyünə görə Avrasiya və Afrikadan sonra üçüncü kontinentdir.   Burada 23 dövlət və 20 asılı ərazi yerləşir. Ən böyük ölkələr Kanada, ABŞ və Meksikadır. Yer kürəsinin ən böyük adası Qrenlandiya da Şimali Amerikaya aiddir. 
 
Amerika başqa kontinentlərdən o qədər də uzaqda yerləşmir. 11 min il əvvəl hindilərin əcdadları Sibirdən quru yol ilə bura gəliblər. Xristofor Kolumbun gəmisi 1492 –ci ildə Baham adalarına yan alıb. Kolumb elə zənn edib ki, bura Hindistandır. Onun kəşf etdiyi torpağın yeni materik olduğunu 1501-1502-ci illərdə tanınmış florensiyalı səyyah Ameriqo Vespuççi müəyyən edib.
 
Bu torpaqları Yeni Dünya adlandırmağı da elə o təklif edib. Coğrafiyaşünaslar yeni qitəni bu dəniz səyyahının şərəfinə Amerika adlandırmaq qərarına gəliblər.  XVIII əsrin sonlarında Amerika müstəmləkələri müstəqillik uğrunda mübarizəyə başlayıblar. Keçmiş avropalılar qitədə  dövlətlər yaradıblar. Sonra məlum olub ki, cənuba doğru arası kəsilməyən quru ərazi uzanır. Kəşflər davam edib. Yeni Dünyanı ilk kəşf edənlərdən sonra bura istilaçılar üz tutublar.  Cənubi və Mərkəzi Amerikanı,  əsasən,  ispanlar və portuqallar, Şimali Amerikanı isə ingilislər və fransızlar zəbt ediblər. Buna görə də Şimali Amerikada ən çox yayılan dillər materikin şimalında - Kanadada  ingilis və fransız dilləri, mərkəzində - ABŞ-da ingilis dili, Meksikada və cənub ölkələrində ispan dilidir. 
 
Şimali və Cənubi Amerika flora və faunasına görə bir-birindən fərqlənir.  Şimali Amerikanı Cənubi Amerika ilə birləşdirən bərzəx Mərkəzi Amerika adlansa da, fiziki-coğrafi baxımdan Şimali Amerikanın ərazisi sayılır.  Amerikanın qərbində Yer kürəsinin ən uzun dağ silsilələrindən biri -  Kordilyer dağları uzanır. Kordilyer dağları Yer kürəsinin ən narahat zonalarından biri sayılır. Xüsusən, Aleut adalarında və Mərkəzi Amerikada güclü zəlzələlər daha çox baş verir. Kordilyer dağlarının Alyaskadan keçən hissəsində yerləşən Mak-Kinli (6193 m) dağı Şimali Amerikanın ən hündür zirvəsidir. Cənubi Kordilyer dağlarında Böyük Kanyon yerləşir. 
 
Sönmüş vulkanın kraterində Qayalı dağlarda Yelloustoun Milli Parkı yerləşir. Bu park  Amerikanın toxunulmayan bakirə təbiətidir. Dünyanın ən qocaman parklarından biri  qeyzer, palçıq vulkanları və termik  bulaqlar ilə məşhurdur.  Kordilyer dağları faydalı qazıntılar, o cümlədən neft, kömür və metallar ilə zəngindir. 
 
Şimali Amerikanın şərqində  başqa dağlar, məsələn, növbənöv ağacları ilə tanınan Appalaç dağları yerləşir. Burada təkcə palıd ağaclarının onlarca növü bitir.
Kontinentin sahillərini şimaldan Şimal Buzlu okeanın, şərqdən Atlantik okeanın, qərbdən isə Sakit okeanın suları yuyur.  Şimali Amerika çaylarının çoxu Atlantik okeana tökülür. Yer kürəsinin ən uzun çaylarından biri və materikin ən böyük çayı Missisipinin suları da Böyük düzənliklərdən keçərək bura tökülür. Yeri gəlmişkən, Missisipi hindilərin dilində “Sular atası” deməkdir. 
 
Amerikada şirin suyun toplandığı ən böyük mənbə Kanada ilə ABŞ-ın sərhədində yerləşən Böyük göllərdir.  Böyük göllərə beş çox iri göl - Yuxarı, Quron, Miçiqan, Eri və Ontario aiddir. Onların hamısı bir-biri ilə bağlıdır. Ən böyüyü Yuxarı göl sayılır. 
 
Şimali Amerikanın, demək olar, bütün ərazisi üç dövlət arasında  bölünüb. Şimalda  Kanada (paytaxtı Ottava), mərkəzi hissədə Amerika Birləşmiş Ştatları (paytaxtı Vaşinqton) yerləşir, daha sonra Meksika (paytaxtı Mexiko) gəlir. Karib dənizində yerləşən Baham, Böyük və Kiçik Antil adaları hələ də ümumi adı - Vest-İndiya (“Qərbi Hindistan”) adını qoruyub saxlayıb. Kuba, Yamayka, Puerto-Riko kimi ada dövlətləri bu zonada yerləşir.  Haiti adası iki ölkə arasında bölünüb: Haiti və Diminikan Respublikası. Şimali Amerikanın  ən kiçik ölkəsi Qrenadadır. 
 
Şimali Amerikanın heyvanat aləmi çox zəngindir. Bura qonur ayının, Kanada vaşaqının, qırmızı dələnin, maral, meşə marmotu və qunduzun məskənidir. Subtropik ərazidə tropik fauna nümayəndələrinə - alliqator (Amerika timsahı), qızılqaz, qutan, kələz, armadil, meymun, kolibri, tutuquşu, tısbağa və timsaha təsadüf olunur. Çöl və meşə-çöl zonalarında məskunlaşan heyvanlar – bizon (hazırda yalnız qoruqda saxlanılır), haçabuynuz antilop, koyot canavarı (yalquzaq) demək olar tələf edilib. 
Şimali Amerikanın ən məşhur heyvanlarından biri Amerika bizonudur. O, növ kimi formalaşdıqdan sonra Şimali Amerika qitəsinin nəhəng düzənliklərinin bərabər hüquqlu sahibi olmasından tutmuş insanlar tərəfindən demək olar ki, tamamilə məhv edilməsinə qədər uzun bir yol keçib. Bizon uzun illər bir çox amerikalı hindu qəbilələrinin həyat əhəmiyyətli qonşusu olub. Nəhəng heyvanın əti hindular üçün qida, dərisi isə paltar, çadır, yəhər kimi bir çox məqsədlər üçün istifadə edilib. Şimalı Amerika qitəsində Avropalı mühacirlərin kütləvi surətdə məskunlaşmasına qədər burada müxtəlif hesablamalara görə 30-60 milyon bizon yaşayırmış.