Qafqaz ərazisində Rusiya Federasiyasının Qaraçay-Çərkəz və Qabardin-Balkar respublikaları sərhədində bu ölkənin ən yüksək nöqtəsi – qoşa zirvəli vulkan olan Elbrus ucalır. Elbrusun qoşa zirvəsi qədim vulkanın bünövrəsindəki iki müstəqil vulkandır. Elbrusun ən hündür nöqtəsi 5642 metrə çatır. 3500 metr hündürlükdən sonra vulkan daş səpintilər, qayalar və buzlaqlarla örtülür.
Qafqazın gözəl və hündür zirvəsi olan Elbrus vulkanı qədim dövrlərdən bu yana böyük şöhrətə malik olub. Onun əzəməti haqda Puşkin, Lermontov və bir çox tanınmış Qafqaz şairləri öz əsərlərində təriflər söyləyiblər. Qafqaz və Yaxın Şərq xalqları Elbrus haqqında çox sayda mahnı və rəvayət qoşublar. Belə rəvayətlərin birinə görə əvvəllər dağ bir zirvəli olub. Onun zirvəsində dağ yamaclarında və dərələrdə məskunlaşan dağlılara bolluq və xoşbəxtlik bəxş edən sehrli quş - Simurq yaşayıb. Əmin-amanlıq bu torpaqlara Simurqun taxtına sahib olmaq istəyən iki acgöz adamın gəlməsinə qədər davam edib. Amansız mübarizənin sonunda göz qamaşdırıcı ildırım göyü lərzəyə gətirib və dağı ikiyə bölüb. Bunun nəticəsində bölünən Elbrus qarşısına çıxan hər şeyi külə döndərən odlu axın püskürüb. Bu dəhşətli qarşıdurmadan sonra insanların nadanlığından və acgözlüyündən məyus olan Simurq quşu yerin dərinliyinə çəkilib.
Alimlərin tədqiqatına görə Elbrus uzun müddətdir ki, özünü göstərmir. İndiki aktivlik dərəcəsinə baxmayaraq onu sönmüş vulkanlar sırasına da aid etmək olmaz. Hazırda Elbrus yatmış vulkan statusu daşıyır. Vulkan əslində daxili və xarici aktivlik nümayiş etdirir. Onun dərinliyində hələ də qaynar kütlələr, mineral duzlar və karbon qazı ilə zəngin “Narzan” kimi qaynar bulaqlar var. Elbrus vulkanının təkindəki mineral sular Qafqazda yerləşən Kislovodsk, Pyatiqorsk kimi bir çox müalicəvi kurortlarının məşhur bulaqlarını qidalandırır. Elbrus ətrafı ərazilər – turizm və dağ xizəyi idmanı sahəsində əsas mərkəzlərdəndir.
17.11.2014