Avstraliya bütöv bir qitəni əhatə edən dövlətdir. Onu axtarıb tapmaq avropalı dəniz səyyahları üçün heç də asan olmayıb. Avstraliyanı ilk dəfə kimin kəşf etməsi məlum deyil: çinlilər, hollandlar, portuqaliyalılar və hətta qədim misirlilər bunu öz adlarına çıxırlar.
“Avstraliya” sözü “Cənub” deməkdir. Onu uzaq keçmişdə, hətta bu torpağı görməmişdən əvvəl avropalılar belə adlandırıblar. Onlar Avstraliyanın xəritədə Naməlum Cənub Torpaq kimi qeyd edir, şəklini isə gözəyarı çəkirdilər.
Fırtına və duman Avstraliyanı başqa qitələrdən ayırıb. 1770-ci ildə ingilis Ceyms Kuk gəmisini Avstraliya sahillərinə gətirib. 1788-ci il yanvarın 26-da isə içərisində katorqaya göndərilən ilk köçkünlər olan 11 gəmi sahilə yan alıb. O gündən həmin tarix Avstraliya Günü kimi qeyd edilir.

İngiltərədən Avstraliyaya cəmi 140 min cinayətkar gətirilib. Avstraliyada dolanışıq elə ağır olub ki, heç kəs öz könlü ilə dünyanın bu başına getmək istəməyib. 1824-cü ilədək Avstraliyanın adı coğrafiya xəritələrində göstərilməyib. Bu torpaqlar Yeni Hollandiya, Naməlum Cənub Torpaq, hətta Napoleon Bonapart Torpağı adlandırılıb... İlk köçkünlər hesab edirmişlər ki, Avstraliya Asiyanın bir hissəsidir və Çinə bitişikdir. Bu dolaşıqlığa britaniyalı tədqiqatçı Mətyu Flinders son qoyub. O, Avstraliya sahillərini tədqiq edərək, onun hər tərəfdən okean suları ilə əhatə olunduğunu sübuta yetirib.
Şimal yarımkürəsində bu qitə haqqında necə miflər dolaşıb! Həqiqətən, bu torpaqda avropalıları təəccübləndirən şeylər çox olub. Məsələn, Avstraliyanın başı üzərində Böyük Ayı bürcü deyil, Cənub Xaçı bürcü parlayır. Burada yanvarda yaydır, iyulda isə qışdır. Yer kürəsinin ən quraq qitəsinin dörddəüç hissəsini səhralar əhatə edir. Bəzən səhralarda... dəhşətli daşqınlar baş verir. Buradakı heyvanların çoxunun kisəsi var. Kisəli ayılar ağaclarda yaşayır və yarpaqlarla qidalanır. Avstraliyadakı bitkilərin də bənzəri yoxdur və onların dörddəüç hissəsinə dünyanın heç bir yerində təsadüf olunmur.

Bu açıq qitədə qəribə ənənələri olan, çox fərqli bir dildə danışan insanlar yaşayıb. Doğrudur, bunu başa düşmək üçün avropalılara iki yüz il vaxt lazım olub. Hazırda Avstraliya aborigenləri qitə əhalisinin 3 faizdən də az hissəsini təşkil edir.
Avstraliya parkları, evkalipt meşələri və geniş otlaqları ilə şöhrət qazanıb. Lakin əhalinin böyük əksəriyyəti şəhərlərdə yaşayır. Sidney Avstraliyanın ən qədim, ən böyük və ən tanınmış şəhəridir. Şəhər İngiltərənin daxili işlər naziri T.Sidneyin şərəfinə adlandırılıb. İnsanları bu naməlum torpağa sürgünə də ilk dəfə elə o göndərib.
Sidney Operasının yaddaqalan, qeyri-adi binası şəhərin rəmzi sayılır. Bu şəhərdə 140 xalqın nümayəndəsi yaşayır. Avstraliya dövlətinə Böyük Britaniya kraliçası başçılıq edir. Avstraliya ilə bərabər, Hind və Sakit okeanlardakı adaların da daxil olduğu Avstraliya İttifaqını kraliçanın adından general-qubernator idarə edir.

Avstraliya İttifaqı altı ştatı və iki ayrıca ərazini əhatə edir. İttifaqa həm əhalisi olan Norfolk, Kokos və Milad adları, həm də kimsəsiz Lord-Hau, Mərcan, Aşmor və Karter, Makkuori, Hed və Makdonald adaları daxildir. Avstraliya Antarktidanın bir hissəsini də öz ərazisi sayır, lakin bunu heç də bütün ölkələr qəbul etmir.
Avstraliyanın ən böyük və gözəl şəhərləri Melburn, Brisben, Adelaida, Pert ölkə ştatlarının paytaxtlarıdır. Avstraliyanın paytaxtı Kanberrada isə cəmi 300 min adam yaşayır. Avstraliyanın göy rəngli bayrağı okeanı təcəssüm etdirir. Bayraqda kiçik ingilis bayrağı və Cənub Xaçı bürcü təsvir olunub. Altı ulduz Avstraliya İttifaqının altı ştatının rəmzidir.
Avstraliyanın gerbində kenquru və emu təsvir olunub. Onlar üzərində ittifaqın bütün ştatlarının simvolları olan qalxanı saxlayır. Əlbəttə, Avstraliyada qeyri-adi heyvanlar çoxdur, lakin kenquru və emu gerbə heç vaxt geri getmədikləri üçün daxil edilib. Beləcə, Avstraliya da heç vaxt keçmişə dönməyəcək və yalnız irəli addımlayacaq. Elə Avstraliya himninin nəqəratı da “Çiçəklən, ey, Avstraliya” sözləri ilə bitir.