
Yosunlar bitkilərin uzaq əcdadıdır. Onları primitiv adlandırırlar, lakin bu, heç də o demək deyildir ki, yosunlara saymazyana yanaşılmalıdır. Onların təbiətə töhfəsi çox böyükdür, yosunlar olmasaydı, onda... Maraqlıdır, yosunlar olmasaydı, baş verərdi?
Yosunlar planetimiz üçün əvəzolunmaz rol oynayır. 3 milyard il əvvəl Yer kürəsində göy-yaşıl rəngli yosunlar əmələ gəlməsəydi, nəfəs almaq mümkün olmazdı. Quruluşuna görə yosunlar bitkilərdən çox bakteriyalara oxşasa da, bitkilər kimi oksigen hasil edir. Yeri gəlmişkən, yosunlarsız planetimiz bitki örtüyündən tamamilə məhrum olardı. Yer üzünün bütün bitki örtüyü yosunlardan əmələ gəlib.
Yosunlar torpağı münbitləşdirir, onu təmizləyir, bərpa edir. Milyard illərdir yosunlar çoxlu sayda canlı orqanizmin qida mənbəyidir. Yosunları həm mikroorqanizmlər, həm də insanlar yeyir. Yosunlarsız Yer kürəsi boş və cansız olardı. Su hövzəsinin ölçüsünün, suyunun duzlu və ya şirin olmasının yosunların çoxu üçün əsla əhəmiyyəti yoxdur.
Təqribən 2 minə qədər yosun növü quruda, bəzən ağla gəlməyən yerlərdə bitir. Məsələn, torpaq, qaya, ağacların qabığı üzərindəki selik də yosundur. Bu cür yosunlara rütubət, yaxud heç olmazsa, vaxtaşırı su ilə təmasda olmaq yetərlidir.

Yosunların bəzi növləri susuz qala bilir. Belə yosunlar səhralarda və canlı orqanizmlərin nəfəs ala bilmədiyi çox yüksək ərazilərdə bitir. Bəzi yosunlar termofildir. Onlar qaynar suyu sevir. Belə yosunlara suyun temperaturunun Selsi ilə 52–84 dərəcə olduğu vulkanik göllərdə və ya qeyzerlərdə təsadüf edilir. Qeyd edək ki, insan artıq 60 dərəcə temperaturda yanıq zədəsi alır. Tədqiqatçılar bu cür “istiliksevər” yosunların təqribən 200 növünü aşkar ediblər.
Qar yosunları isə 0ºC-dən aşağı temperaturda bitir və donan zaman məhv olmur. Təbiətdə belə yosunların təqribən yüz növünə təsadüf edilir. Bəziləri dağların qarlı zirvələrində bitir. Yosunlar xüsusi qırmızı piqmentin köməyi ilə qar yığınlarını qeyri-adi çəhrayı rəngə boyayır. Buna görə də çəhrayı rəngə çalan qarı qarpız qarı adlandırıblar. Qarpız qarı yalnız yayda əmələ gəlir. Qışda yosunlar yuxuya gedir. Yaz gələndə, günəş ətrafı isitməyə başlayanda yosunlar oyanıb boy atmağa başlayır. Çəhrayı rəngli qeyri-adi yosunlar mikroorqanizmlərin, o cümlədən buzlaq soxulcanlarının qida mənbəyidir.
Soyuğa daha davamlı yosunlar qalın buz təbəqəsinin içində yaşayır və inkişaf edir, bu səbəbdən də buz yaşıl rəngə boyanır. Qar və buz müxtəlif növ yosunlar sayəsində sarı, mavi, qırmızı, qəhvəyi, qonur və qara rənglərə çalır.
23.07.2014