
Avstraliya və Okeaniya Yer kürəsinin ən az məskunlaşmış hissəsidir. Dünyanın qalan hissəsindən okeanların ayırdığı bu torpaqlar başqa qitələrin sakinləri üçün həmişə müəmmalı olub. Uzun illər planetimizin bu hissəsini xəritələrdə gözəyarı çəkiblər, halbuki həmin vaxt buralardakı böyüklü-kiçikli adalarda həyat qaynayırdı. Ən kiçik qitə olduğu üçün Avstraliyanı bəzən ada adlandırırlar. Lakin Yer kürəsinin bu hissəsindəki çoxsaylı adalarla müqayisədə Avstraliya nəhəng quru ərazidir. Avstraliyaya yaxınlaşdıqca çoxalan adaların ərazisi daha böyükdür. Avstraliyadan uzaqlaşdıqca əraziləri kiçilən adalar xırda quru parçaları şəklində okeana səpələnib.
Adalar üç qövs əmələ gətirir. Bunlar qədim materikin dağ silsilələridir. Ən iri adaların, məsələn, Tasmaniya, Yeni Zelandiyanın Şimal və Cənub adaları, Yeni Qvineyanın mənşəyi belədir. Solomon və Havay adaları vulkanların, Kiribati, Palau, Marşall kimi adalar isə mərcan riflərinin zirvəsidir. Okeaniyanın cəmi 2 faizi okean suları ilə əhatə olunmuş qurudan ibarətdir.
Avstraliya və Okeaniyanın böyük hissəsi isti qurşaqda yerləşir. Okean istini yumşaldır, passat küləkləri isə rütubət gətirir. Kauai adası Yer kürəsinin ən rütubətli yerlərindən biridir.
Lakin cərəyanlar rütubət gətirdiyi kimi, quraqlıq da gətirə bilir. Dağlarda isə böyük temperatur dəyişmələri müşahidə olunur. Yeni Qvineya və Yeni Zelandiya dağlarında buzlaqlara təsadüf edilir. Qərbi Okeaniyanın zəngin bitki örtüyü şərqə doğru irəlilədikcə seyrəlir. Mərcan (atol) və vulkanik mənşəli adaların bitki və heyvanat aləmi materikdəki kimi zəngin deyildir. Bir çox flora və fauna nümunələrini bura insan gətirib.

Avstraliyanın və Okeaniyanın böyük qitələrdən uzaqda yerləşməsi bir çox qədim canlını xilas edib. Burada müxtəlif kisəli heyvanlar, kauzer dəvəquşusu, onlarca cənnət quşu növü salamat qalıb. Tasmaniyada hər birinin yaşı 2 min il olan fısdıq ağacları bitir. Avstraliyanın Mavi dağlarında ən nadir ağac növlərindən biri olan Vollemi şamı bitir. Kanyonların birində aşkar olunana qədər bu şam ağacının kökünün 95 min il əvvəl kəsildiyi güman olunurdu. Ağacın başqa adı “dinozavr ağacı”dır. Avstraliyanı xəritədə tapmaq çox asandır, amma Okeaniya adaları ucsuz-bucaqsız məkana səpələnib. Buna görə də Okeaniya üç vilayətə bölünür: Melaneziya və ya Qara adalar: bunlar Yeni Qvineya (Melaneziya ərazisinin 80 faizini əhatə edir), Solomon adaları, Yeni Hebrid adaları, Bismark arxipelaqı, Yeni Kaledoniya, Fici və daha xırda adalar. Qıvrımsaçlı qaradərili adamlar yaşadığı üçün bu adaları Qara adalar adlandırıblar.
Polineziya ( Çoxsaylı adalar) min adadan, o cümlədən Havay, Yeni Zelandiya, Pasxa, Taiti adalarından ibarətdir. Polineziya Sakit okeanın ən geniş sahəsini əhatə edir. Polineziyalıların dərisi melaneziyalılarınkına nisbətən açıqdır. “Tatu” sözünün vətəni Polineziyadır. Ada sakinlərinin bədənlərinə başdan-ayağa döymə şəkillər – tatuirovka çəkilib. Hilbert, Marşall, Karolina, Marian və başqa adaları əhatə edən Mikroneziya, yaxud Kiçik adalar Asiya qitəsinə daha yaxın yerləşir.

Alimlər ibtidai xalqların bu uzaq torpaqlara necə, nə zaman və haradan gəlmələri barədə mübahisə edirlər. Buna baxmayaraq, azı 40-50 min il əvvəl Avstraliyada artıq insanlar yaşayırmış və görünür, bura quru yol ilə gəliblər. O vaxtlar okean sularının səviyyəsi aşağı olub, Yeni Qvineya isə Avstraliyaya bitişik, adalar arasındakı boğazlar isə xeyli kiçik olub. Asiyanın bitki və heyvanat aləminin bu adalara yayılması müşkül olsa da, insanlar üçün keçilməz maneə olmayıb.
Hər bir arxipelaqın adaları bir-birinə yaxın yerləşib. Bir quru parçasından başqa quru parçasına keçmək üçün hətta möhkəm üzgüçülük vasitələrinə ehtiyac yoxdur. Əvəzində arxipelaqlar arasında məsafə böyükdür - okean boyu min kilometrlərlə ölçülür. Bəs qədim səyyahlar bu adaları fəth ediblər? Bu zaman insanların köməyinə daimi axınlar çatıb. Mikroneziya və Polineziyanın böyük hissəsi 2-4 min il əvvəl məskunlaşıb. Sakit okeanın ucsuz-bucaqsız ərazilərində getdikcə daha tez-tez İspaniya, Hollandiya, Fransa, Yaponiya, İngiltərə bayraqları görünməyə başlayır. Yeni sakinlər planetimizin bu hissəsinə XVIII əsrdən gəlməyə başlayıb.

Təəssüf ki, Avstraliya və Okeaniyanın fəthi amansızlıqla müşayiət olunub. Yerli əhaliyə divan tutulub. Avropalılar cəsur qədim dənizçilərin nəsilləri ilə hesablaşmayıblar. Hazırda əhalinin böyük hissəsini yerli əhali deyil, avropalıların nəsilləri təşkil edir. Avstraliyanın və Okeaniyanın müasir sakinləri müxtəlif şəraitdə yaşayırlar. Burada həm müasir şəhərlər, həm də yoxsul kəndlər vardır. Bəzi adaların sakinləri balıqçıdır. Bəzi adalarda kokos palmaları plantasiyaları və çörək ağacı bitir.
Avropalıların gəlişi təkcə yerli əhalinin həyatını deyil, istər quruda, istər suda bitki və heyvanat aləminin vəziyyətini dəyişib. İnsanlar bir də ayılıb görüblər ki, geniş meşə sahələri artıq tələf olub və nəhəng moa quşunu, yaxud kisəli Tasmaniya canavarını artıq geri qaytarmaq mümkün deyil.
İndi Avstraliya və Okeaniya ətraf mühit ciddi mühafizə olunur. Burada çoxlu sayda milli park və qoruq yaradılıb. Böyük Baryer Rifi mühafizə olunan ən məşhur ərazidir. Feniks adaları Sakit okeanda ən böyük dəniz qoruğudur. Burada balinalar, mərcan rifləri, çoxlu sayda balıq, quş, tısbağa növü mühafizə olunur. Flora və fauna faydalı qazıntılarla bir o qədər də zəngin olmayan adaların başlıca sərvətidir. Dünyanın bu hissəsi çoxlu əcaib varlıqların, məsələn, ən böyük kəpənəklərin, ən zəhərli kərtənkələlərin vətənidir. Avstraliyanın Filip adasında dünyanın ən balaca pinqvinləri yaşayır. Yeni Qvineyada isə itlər quşlar kimi cəh-cəh vurur!
09.07.2014