Təbiət

Dünyanın ən böyük gölü – Xəzər dənizi

Böyüklüyünə və bəzi fiziki-coğrafi xüsusiyyətlərinə görə Xəzər dəniz hesab olunur. Əslində isə o, dünya okeanı ilə bilavasitə əlaqəsi olmayan ən böyük gölüdür. Xəzər dənizi Avropa və Asiyanın sərhədində yerləşir. 
 
Xəzərin sahəsi təqribən 371 min kvadratkilometr, həcmi 78 200 kubkilometr, sahil xəttinin ümumi uzunluğu (perimetri) isə 7000 kilometrdir. Xəzər dənizinin orta dərinliyi 208 metrdir. Ən dərin yeri Lənkəran sahəsidir. Burada dərinlik 1025 metrə çatır. Xəzərin digər xüsusiyyəti dəniz səviyyəsindən 28 metr aşağı olmasıdır.
 
Bu dəniz haqqında ən qədim məlumatlara Assuriya gil qablarının üzərindəki yazılarda rast gəlinir. Bu yazılarda o, «Cənub dənizi» adlandırılır. Yunan tarix və coğrafiyaçısı Hekatey Miletskinin (eramızdan əvvəl VI əsr) əsərlərində adı Kaspi və Hirkan kimi göstərilir.
 
Birinci etnonim o zaman dənizin cənub-qərb sahillərində, müasir Azərbaycan ərazisində yaşamış Kaspi xalqının adı ilə əlaqədardır. İkinci ad isə dənizin cənub-şərq sahilində yerləşmiş Hirkan ölkəsinin (farsca «canavarlar ölkəsi» deməkdir) adından götürülüb. Dənizin hər iki adı Herodotun (eramızdan əvvəl V əsr) əsərlərində də işlədilir.
 
Qədim rus əlyazmaları abidələrində Xəzər dənizi monqol-türkləri tərəfindən istifadə olunan «Göy», Amudərya çayının aşağı vadisində yerləşən və ərazisi Xəzər dənizinə qədər uzanan Xarəzm dövlətinin adı ilə bağlı «Xarəzm», sahilində yerləşən Dərbənd şəhərinin adından götürülmüş «Dərbənd», bundan başqa «Xvalın»  və başqa adlarla adlandırılır. Ümumilikdə, isə müxtəlif dövrlərdə, müxtəlif xalqlar arasında Xəzər dənizinin 70-ə qədər adı işlədilib.
 
Xəzərin faunası olduqca zəngindir. Burada nərə cinsli balıqların bir neçə nadir növünə rast gəlmək olar. Xəzər dənizində, eyni zamanda böyük karbohidrogen yataqları var. Onun Azərbaycan sektorundan böyük miqdarda neft və qaz hasil olunur.