
Demək olar ki, Afrika qitəsinin hər yerində su hövzələri yaxınlığında begemotlar (hippopatamlar) yaşayır. Hippopatam su mühitinə olduqca bağlıdır. Gün ərzində begemotlar çay və ya göllərin dayaz hissələrində və ya sahillərində yatır, gecələr isə elə həmin ərazilərdə otlayır və ya yaxınlıqdakı savannalara üz tuturlar.
Ağır çəkiləri və iri gövdələri sayəsində begemotlar asanlıqla 15-20 dəqiqə suyun altında qalır və gölün dərinliklərinə baş vururlar.
“Hippopatam” sözü “su atı” mənasını verir. Begemotları qədim yunanlar bu cür adlandırıblar. Ola bilsin ki, yunanlar balaca qulaqları və iri burun deşikləri olan begemotu ata bənzədiblər. Vaxtının çoxunu suda keçirdiyindən begemotu su atı adlandırırlar. Xarici bənzərliyə baxmayaraq begemotla at arasında heç bir yaxınlıq yoxdur. Begemotun ən yaxın “qohumu” donuzdur.
Begemotlar cütdırnaqlı heyvanlardır, lakin onların sütunabənzər ayaqları begemotları fillərə oxşadır. Bu heç də təəccüblü deyil: çünki bəzən begemotun çəkisi hətta 4 tona çatır! Mərkəzi Afrikanın quru meşələrində çəkisi 250 kiloqrama çatan cırtdan begemotların yaşamasına baxmayaraq, onlar bədən quruluşlarına görə iri begemotlardan fərqlənmirlər.
Cırtdan begemotlar vaxtlarının çoxunu quruda keçirirlər. Buna görə də onların gözləri fillərdə, kərgədanlarda və digər quru heyvanlarında olduğu kimi başın yan hissələrində yerləşir. Onların burun deşikləri də adi begemotlarınkına nisbətən aşağıda olur.
Begemotlar qalın və qırışlı dəriyə malikdirlər. Onların başları və ağızları olduqca iridir. Yağışlı mövsümdə hippopatam bir gecə ərzində 40 kiloqram ot yeyə bilir. Quraqlıqda isə begemot hətta bir neçə həftə ac qala bilir.
12.03.2014