Bu maraqlıdır!

Möcüzəli maqnit

Maqnit tez-tez istifadə olunan əşya deyil. Hətta bəzən özünü xatırlatmasaydı, onun varlığını  unutmaq da olardı. Məsələn, hansısa görünməz qüvvənin təsiri ilə soyuducunun qapısı çırpılanda. Axtarışlarımızı davam etdirsək bu dilsiz-ağızsız zəhmətkeşləri az qala hər küncdə-bucaqda görə bilərik. Axı, cəzbetmə və itələmə məsələsində maqnitin tayı-bərabəri yoxdur. O,  telefon dəstəyində nazik folqanı titrədərək, elektrik siqnallarını səs dalğalarına çevirir. Dəmir yolunda relslərin cəmi bir necə santimetrliyində maqnit yastıq üzərində tonlarla ağırlığında qatarları hərəkət etdirir. Donanmada gəzinti katerlərini çəkib sahilə yaxınlaşdırır. Zibil emalında isə metal əşyaları onun  içərisindən tapıb çıxarır. Hətta elektrik enerjisi hasilatında maqnitsiz keçinmək olmur. Maqnit generator rotorunun fırlanmasının elektrik cərəyanına çevrilməsinə kömək etməsə,  heç bir lampa yanmaz.
 
Bu sirli dəmir parçalarının tarixi lap qədim zamanlara gedib çıxır. Məlumdur ki,  təqribən 2600 il əvvəl yaşamış filosof və elmin banisi Fales Miletski anlaşılmaz şəkildə metalı özünə cəlb edən dəmir tərkibli daşları öyrənirdi. Bu daşlar müəmallı şəkildə metalları çəkirdi. Çox güman ki, “maqnit” sözü Maqneziya şəhərin adından əmələ gəlib. Qeyri-adi süxuru bu şəhərin yaxınlığında çıxarırmışlar.  
 
Digər versiyaya görə,  bu söz Krit adasında Maqna adlanan çobanın adı ilə bağlıdır. Güya onun metal ucluqlu əsası bir gün torpağa “yapışıb”.
 
Orta əsrlərdə alimlər aşkar ediblər ki, iki maqnit təkcə birini-birini cəlb etmir, həm də itələyir. Bundan əlavə, məlum olub ki, öz ixtiyarına buraxılan   yüngül maqnit ox  mütləq şimalı göstərir. XII  əsrdə dənizçilər Günəşin və ulduzların üzünü örtən buludlu havada da istiqaməti düzgün seçmək üçün maqnitin bu xüsusiyyətindən kompaslarda istifadə ediblər.
 
Amma hər halda belə bir sual açıq qalıb: hətta böyük məsafədən təsir edən  gözəgörünməz  gücün mənbəyi nədir? Alimlər bu müəmmadan bir neçə əsr sonra təsadüf nəticəsində baş çıxara biliblər.  1820-ci ildə danimarkalı Hans Xristian Ersted yeni batareya növləri ilə eksperimentlər aparır. O, laboratoriya masasında məftildən cərəyan buraxır. Məftilin yanında isə təsadüfən kompas olur.  Aman Allah! Kompasın oxu cərəyanın verilməsinə və kəsilməsinə reaksiya verir. Deməli, elektrik maqnetizm əmələ gətirir. 
 
Bundan əlavə, məftili makaralara dolayıb cərəyan verəndə, onlar özlərini eynən maqnit kimi aparır: bir-birini cəlb edir və ya itələyir, metal əşyalara “yapışıb qalır”. Bu zaman adi əşyalar deyil, elektromaqnitlər əmələ gəlir. Hazırda elektromaqnitlərdən  bir çox cihazlarda istifadə olunur.
 
Bəs, daimi maqnitlər özünü necə aparır? Axı, onları elektrik şəbəkəsinə qoşmurlar. Təəccüblü olsa da, bunun da izahı elektrik cərəyanı ilə bağlıdır. Cərəyan elektriklə yüklənmiş zərrəciklər -  elektronlar ilə ötürülür. Elektronlar isə hər bir maddənin  daxilində  var. Onlar atomların nüvələri ətrafında dövr edir və xırda maqnit sahələri əmələ gətirir. Materialların çoxunda bu mikrosahələr nizamsız yerləşib. Onların birgə gücü cüzidir. Lakin bəzi maddələrdə, məsələn, dəmirdə, onlar bir istiqamətdə düzülüb.  Bu zaman  onların maqnit gücü qat-qat artır.  
 
Müasir mühəndislər maqnitin xassələrindən daha məharətlə istifadə etmək üçün bir-biri ilə yarışa giriblər. Ən yaxşı nümunə kompyuterdir. “Saxlama” düyməsini basanda, məlumatlar bir rəqəmindən və sıfırlardan ibarət şifrəyə çevrilir, maqnitlənən və maqnitsizləşə bilən xüsusi qatın olduğu sərt diskə yazılır. Disk yazan başcığın yanında fırlanır. Başcıq isə məftil dolanmış makara şəklində elektromaqnitdən ibarətdir. Məftildən cərəyan axanda, o,  yaddaşda saxlayan qatın mikromaqnitlərini sanki “sağa dön” komandasına uyğun şəkildə bir istiqamətə çevirir. Bu, “bir” deməkdir. Makaradakı cərəyanın istiqaməti dəyişən kimi mikriomaqnitlər sanki “sola dön” komandasına tabe olaraq  başqa tərəfə çevrilir. Bu isə  “sıfır”  deməkdir. 
 
Budur maqnit! Sənin üçün bir yığın faydalı informasiya yadda saxlayar, lazım gələndə çəkib gətirər, lazım gələndə itələyər və həmişə doğru yol göstərər. Bu maraqlıdır: planetimiz nəhəng maqnitdir. Onun maqnit sahəsini çox vaxt bir polyusdan digər polyusa tələsən qövslər şəklində təsvir edirlər.  Kompasın oxu həmin xətlər boyunca yerləşir. Maqnit sahəsi bizi Günəş küləyindən -  Günəşdən gələn yüklənmiş zərrəciklərdən qoruyur. Onlar yalnız polyuslar sahəsində atmosferə düşür və Qütb şəfəqinə səbəb olur.