Bu maraqlıdır!

Kitabı bir karandaşla yazmaq olarmı?

Hesablanıb ki, 18 santimetrlik qrafiti olan karandaşla 55 kilometr uzunluğunda xətt çəkmək və ya 45 000 söz yazmaq olar. “Karandaş” sözünün özü türk dillərinə məxsus “kara” (“qara”) və “taş” ( “daş”) sözlərindən əmələ gəlib, qara daş mənasını verir. Bir vaxtlar qurğuşun və ya gümüşdən hazırlanan çubuqlar karandaş adlanıb. Belə çubuqlar ilə kağız üzərində yetərincə səlis cizgilər alınırmış. Hərçənd  vaxt keçdikcə həmin boz cizgilər qəhvəyi rəngə çalmağa başlayıb. Belə çubuqlarla yanaşı, qara şistdən də istifadə olunurmuş. 
 
Hamının yaxşı tanıdığı karandaşın maraqlı tarixçəsi var. Əslində, karandaş iki dəfə dünyaya gəlib. 1565-ci ildə İngiltərənin Kamberlend qraflığında həmin dövrə qədər məlum olmayan mineral yatağı kəşf edilib: qrafit adlanan bu mineral yunan sözü “grapho”dan əmələ gəlib, “yazıram” mənasını verir.  Ustalar qrafiti əl ilə ox şəklində yonur və bütün uzunluğu boyu şərid ilə sarıyırdılar. Qrafit işləndikcə, şərid açılırdı. Lakin yataq tezliklə tükənir. 
 
Karandaşın ikinci həyatı 1795-ci ildə başlayır. Fransız Konte və çex Hardmut qrafitin və gilin qatışığını bişirmə üsulu ilə karandaş qrafitinin hazırlanması texnologiyasını bir-birindən xəbərsiz işləyib hazırlayır və təkmilləşdirirlər. İxtiraçılar qatışıqda gilin miqdarını dəyişməklə, möhkəmliyi müxtəlif olan qrafit əldə edirlər. Artıq 1846-ci ildə möhkəmliyi 17  dərəcə olan karandaşlar istehsal olunur.