Bu maraqlıdır!

Sağlamlıq fabriki

Bizim orqanizmimizdə 500-dən çox müxtəlif vəzifə daşıyan bir orqan var. Ona görə də onu dəyişmək mümkün deyil. İnsanlar böyrəyi, ürəyi, ağciyəri əvəz edə biləcək aparatlar hazırlaya bilsələr də, qaraciyərin əvəzedicisi yoxdur. Qara ciyərimiz qabırğaların altında etibarlı şəkildə qorunur. Əgər o sağlamdırsa sən onu hiss etməyəcəksən. Bu orqan orqanizmimizin ən böyük və ağır dəmir bazasıdır.
 
Quruluşuna görə qaraciyər arı pətəyini xatırladır, belə ki o, 1-2,5 millimetr ölçüdə çoxsaylı altı bucaqlı hissələrdən ibarətdir. Maraqlıdır ki, bu hissələrin hər biri qaraciyərə çox bənzəyir və onda olan hər bir şeyə malikdir.
Bu hissələr qanı emal edən və təmizləyən kiçik filtr rolunu oynayırlar. Qaraciyərdən gün ərzində 2000 litr qan keçir. Yəni bir sutkada qan bu orqan vasitəsi ilə 350 dəfə təmizlənir. Axı yediyimiz, içdiyimiz və ya dərman kimi qəbul etdiyimiz hər bir şey mədə-bağırsaq traktına düşür. Qidanın həzm olunduğu mədə və bağırsaqdan çoxsaylı qan damarları ayrılır və onlar birləşərək xüsusi vena əmələ gətirir. Məhz bu vena da qaraciyərə gedir.
 
Qaraciyərə gələn qandakı bütün maddələr zərərli və xeyirli olmaq üzrə bir-birindən ayrılır. Qaraciyərin “ehtiyaclarını ödəmək” üçün lazım olan qədər xeyirli (qidalı) maddə orada qalır. Zərərli maddələr isə orqanın hüceyrələri tərəfindən saxlanılır. Bu hüceyrələrdə saxlanılan maddələrin orqanizmə təsirini azaltmaq üçün onlar burada kimyəvi təsirə məruz qalırlar. Qan yalnız bundan sonra təmizlənmiş və zənginləşdirilmiş halda ürəyə, ağciyərə və orqanizmin başqa hüceyrələrinə gedir. Qaraciyər bax belə damarlar vasitəsi ilə mədə və bağırsaqlardan gələn zəhərli maddələrin insanın digər orqanlarına keçməsinin qarşısını alan sipər rolunu oynayır.
 
Bizim orqanizm qidanı və enerjini qaraciyərdən alır. Bundan başqa qaraciyərdə qan ehtiyatı da saxlanılır ki, ehtiyac yarandıqda orqanizm bu ehtiyatdan istifadə edir. Maraqlı cəhətlərdən biri də odur ki, qara ciyər heç vaxt ağrımır və ağrıya da bilməz. Belə ki, onda ağrı reseptorları ümumiyyətlə yoxdur. Ağrıyan yalnız onu əhatə edən qabıq və ya ona yaxın orqanlar, məsələn öd kisəsi ola bilər, ancaq qaraciyər toxuması ağrıya bilməz. Bəzi xroniki xəstəliklər zamanı qaraciyər insanların xəbəri olmadan dağılır. Bu zaman xəstəliyi təyin etmək yalnız analizlər və təcrübəli həkimin köməyi ilə mümkündür.