Dünya hər kəs üçün rəngli deyil
Ağacların yaşıl yarpaqlarına, meşələrin və talaların möhtəşəm rəngarəngliyinə baxarkən, muzeydəki şəkilləri seyr edərkən biz rəngləri seçə bilməyimizin necə əvəzsiz olduğu haqqında fikirləşmirik. Çox zaman unuduruq ki, dünya bizim üçün bütün rənglərlə bəzədilib, əks-halda bu dünyanı başqa şəkildə də görə bilərdik.
Gözün ikinci vacib hissəsi olan tor qişası həm rəngi, həm də işığı mənimsəmək funksiyası daşıyır. Bu, quruluşuna görə çöpcüklər və kolbacıqlar adlanan xüsusi hüceyrələrin köməyi ilə baş verir. Çöpcüklər işığın mənimsənilməsi üçündür. Onlar nə qədər çox olsa, göz də qaranlıqda bir o qədər yaxşı görər. Kolbacıqlar isə rəngləri ayırmağa imkan verir. Heyvanlarda üç - “göy”, “yaşıl” və “qırmızı” kolbacıqlar olur. Onların hər biri müvafiq rənglərə reaksiya verir və heyvanın rəng seçmək qabiliyyətini müəyyənləşdirir.
Maraqlıdır ki, öküz və qırmızı parça haqqında olan deyim həqiqətə uyğun deyil. Məsələ bundadır ki, bu heyvan ümumiyyətlə rəngləri ayırd edə bilmir. Odur ki, korridanın bütün rəngli təmtərağı öküz tərəfindən biganəliklə qarşılanır. Qəzəbli heyvanın diqqət yetirdiyi yeganə şey isə matadorun hərəkətidir. Matadorlar geyimlərindəki rəng çalarlığının öküzə yox, məhz auditoriya üçün nəzərdə tutulduğunu yaxşı bilirlər. Məhz buna görə matador şpaqa-muletin son zərbəsindən qabaq bir anlıq effektiv duruşda hərəkətsiz dayanır. Bununla o, öküzü də gərgin şəkildə durmağa məcbur edir, sonra isə plaşını bir neçə dəfə onun gözləri qarşısında cəld şəkildə oynadır. Qırmızı rəng yox, məhz bu hərəkət öküzdəki qəzəbin coşması üçün son damla olur və o ölümcül muletin qaçılmaz zərbəsinə tərəf atılır.