Təbiət

Səhralar

Səhralar Yer kürəsinin ən quru əraziləridir. Lakin “səhra” sözünü dəhşətli istilərin sinonimi kimi anlamaq düzgün deyil. Arktikada, Antraktidada və Monqolustanda buzlu səhralar böyük əraziləri əhatə edir. İl ərzində 200 mm-ə qədər yağıntı düşən əraziləri səhra adlandırırlar. Bəzən yağıntı 10 illərlə müşahidə edilmir. Avropadan başqa dünyanın hər yerində səhralar vardır. Səhraların əksəriyyəti qumla, çınqılla, qayalıqlarla və günəşin istisində “bişmiş” gillə örtülü əraziləri əhatə edir. Gündüzlər bərk istidə səhralar cansız görünürlər. Nadir bitkilər təsadüfi yağışlar zamanı canlarına su çəkə bilirlər. Məsələn, kaktuslar. Yaxud da dəvə tikanı kimi, çoxmetrlik kökləri ilə yeraltı sularla çatırlar. Gecələr səhrada kifayət qədər soyuq olur. Bu vaxtı istidən gizlənmiş heyvanlar yuvalarından yem axtarmaq üçün çıxırlar. Bunlar əsasən kərtənkələlər, tısbağalar, həşəratlar, əqrəblər, yaxud sünbülqıran və  ərəbdovşanı kimi xırda gəmiricilərdir.  Lakin səhranın bəzi əraziləri yaşıllıqla örtülür, burada palmalar boy atır. Belə yerlərdə əkinçiliklə də məşğul olmaq mümkündür. Buraya su və yem arxasınca quşlar, habelə tülkü, koyot, çöl pişiyi kimi iri heyvanlar da toplaşırlar. Bu cür yerlər vahə (oazis) adlanır.