
Xəzər dənizi problemlərindən suyun səviyyəsinin dəyişməsi, dəniz suyunun çirklənməsi və bununla əlaqədar ekoloji problemlərin yaranması respublika ekoloqlarını çox ciddi düşündürür. Zəngin təbii sərvətləri və müalicə əhəmiyyəti tarixən Xəzərətrafı ərazilərdə çoxlu sayda insanların məskunlaşmasına səbəb olmuşdur. Əhalinin sıxlığı dənizin çirklənməsinə səbəb olmağa başlamışdır. Xəzərin əsas çirklənmə mənbələri onun sahillərində yerləşən şəhərlərin və sənaye obyektlərinin çirkab suları, dəniz nəqliyyatından və neft mədənlərindən daxil olan müxtəlif tullantılardır.
XX əsrin ikinci yarısından başlayaraq əhalinin sürətlə artımı və elmi-texniki inqilab biosferdə deqradasiya proseslərinin əlamətlərini yaratdı. Milyon illər ərzində formalaşan təbii ekosistemlər ciddi dəyişikliyə məruz qalaraq insanın təsiri ilə davamsız vəziyyətə düşdü. İnsan fəaliyyəti və onun təbiətlə qarşılıqlı əlaqəsi dünya əhalisinin həyat şəraitinin dəyişməsinə səbəb oldu. Antropogen fəaliyyətin nəticələri müxtəlif qlobal və regional problemlərə yol açdı.
Bildiyiniz kimi, beynəlxalq ekoloji problemlər ikitərəfli, çoxtərəfli sazişlər və konvensiyalar əsasında tənzimlənir. Əksər dövlətlərin maraq dairəsini əhatə edən problemlərin həlli üçün dünyanın aparıcı dövlətləri və dövlət başçıları son illərdə bir sıra qərarlar qəbul edib. Ekoloji böhranın qlobal xarakter almasının səbəbi dünyanın bütün ölkələrində yaşayan əhalini əhatə etməsi, onun hazırkı böhranlı vəziyyətinin, cəmiyyətin gələcəyinə təhlükə yaratmasıdır. Bu problemlərin aradan qaldırılması üçün bütün imkanların birləşdirilməsi, bütün dövlətlərin və xalqların birgə fəaliyyət göstərməsi tələb edilir. Getdikcə kəskinləşən ekoloji problemlərin həlli yalnız beynəlxalq əməkdaşlıq nəticəsində mümkündür.
XXI əsrin ən böyük bəlası hesab olunan qlobal ekoloji problemlər - havanın çirklənməsi, ozon qatının nazikləşməsi, turşulu yağışlar, torpağın deqradasiyası, tullantılar problemi, biomüxtəlifliyin azalması, içməli su ehtiyatının azalması, qlobal istiləşmə, iqlim dəyişikliyi, meşə massivlərinin azalması və s.

Dünya əhalisinin sayının artması, zavod və avtomobillərdən çıxan tüstü, qazanxanalar, kondisionerlər və s. oksigen ehtiyatının azalmasına və karbon qazının çoxalmasına səbəb olmuşdur. Oksigenin azalması okeanlarda buxarlanan suyun, bitkilərdə gedən fotosintez prosesinin hesabına tarazlaşsa da, texnikanın inkişafı bu tarazlığın daim pozulmasına səbəb olur və addım-addım Yer kürəsinin məhvinə aparır.
İstixana effekti atmosferdə su buxarı və bir sıra qazların - karbon qazı, dəm qazı, metan, azot oksidləri və kükürd oksidlərinin miqdarının artması ilə əlaqədardır. İstixana qazları adlandırılan bu qazlar atmosferdə yayılaraq Yerin ətrafında istixana tavanını xatırladan örtük əmələ gətirir. Nəticədə atmosfer Günəşdən gələn istiliyin çox hissəsini Yerə buraxır, Yerdən kosmosa şüalanmalı olan enerjinin - istiliyin isə qarşısını alır və beləliklə də, bu örtük istixana effektinin yaranmasına səbəb olur.
02.03.2019