Rəmzə çevrilmiş adlar
Yəqin ki, çoxunuz nə vaxtsa “Filankəs Hacı Qaradır” ifadəsini eşitmisiniz. Həmin adamın adı Hacı Qara olmadığı halda, görəsən, onu niyə belə adlandırırlar? Bəs bu Hacı Qara özü kimdir? Niyə onun adını başqalarına qoyurlar?
Әgər siz dahi Azərbaycan dramaturqu Mirzə Fətəli Axundzadənin məşhur “Sərgüzəşti-mərdi-xəsis” komediyası ilə tanışsınızsa, bu suallara cavab tapa bilərsiniz. Hacı Qara həmin komediyanın baş qəhrəmanıdır. O çox xəsis, acgöz və tamahkar bir tacirdir. Müəllif əsərində onun bu xüsusiyyətlərini məharətlə açıb göstərmişdir. Hacı Qara varlı adamdır. Arvadı Tükəzin dediyi kimi, yüz il ömrü olsa, pulu tükənməz, amma öz malını nə özü yeyir, nə də ailəsinə xərcləyir. Bu adamın fikri, arzusu, məqsədi ancaq var-dövlətini artırmaqdır. Pula olan hərislik sanki onu bütün insani keyfiyyətlərdən məhrum edib, xarakterinin əsas, bəlkə də, yeganə keyfiyyətinə çevrilib. Beləliklə, Hacı Qara adı hamı tərəfindən xəsislik rəmzi kimi qəbul olunur.
Bədii ədəbiyyatda hər hansı bir keyfiyyəti özündə qabarıq şəkildə əks etdirən obrazlar çox zaman həmin keyfiyyətin rəmzinə çevrilir; məsələn, savadsız, həyatdan geri qalmış adam haqqında bəzən: “Lap Novruzəlidir ki...” – deyirlər. Әtrafdakılar da Cəlil Məmmədquluzadənin “Poçt qutusu” hekayəsini oxumamış olsalar belə, o dəqiqə başa düşürlər ki, bu Novruzəli kimdirsə, çox avam adamdır. Həmin əsərin qəhrəmanı olan sadəlövh kəndli o qədər avamdır ki, hətta poçt qutusunun nə olduğunu da bilmir. Şəhərə, ağasına sovqat gətirən Novruzəli heç gözləmədiyi halda çox çətin vəziyyətə düşür. Ağası ona poçt qutusunun harada yerləşdiyini deyir və bir məktub verir ki, aparıb yola salsın. Novruzəli məktubu poçt qutusuna atır, amma sonra nə edəcəyini bilmir; burada durub gözləsin, ya çıxıb getsin? Axı ağası ona bu barədə heç nə deməmişdi. Bir qədər tərəddüddən sonra qərara gəlir ki, ağasının məktubunu beləcə başlı başına qoyub gedə bilməz. Odur ki ağacın altında oturub gözləyir. Poçt işçisi gəlib məktubları qutudan çıxaranda Novruzəli elə bilir ki, o, məktubları oğurlayır.
C.Məmmədquluzadənin başqa bir qəhrəmanı da keyfiyyət bildirən ada çevrilib. Bu, Qurbanəli bəy adlı bir obrazdır. Hər hansı bir adam nə isə söz verib yerinə yetirməyəndə, adətən, bu obrazı xatırlayırlar. Təsəvvür edin ki, dostunuz sizi evinə qonaq çağırıb, siz də həvəslə dəvəti qəbul edib gedirsiniz və görürsünüz ki, o özü evdə yoxdur. Siz həmin dostunuzu cəsarətlə Qurbanəli bəy adlandıra bilərsiniz. Çünki yazıçının eyniadlı əsərinin qəhrəmanı Qurbanəli bəy də məhz belə hərəkət edir: böyük bir məclisdə içib keflənir və qonaqların hamısını evinə dəvət edir. O, tayı-bərabəri olmayan atını da göstərəcəyinə söz verir. Ertəsi gün qonaqlar Qurbanəli bəyin evinə təşrif buyururlar. Qulluqçu bunu Qurbanəli bəyə xəbər verəndə o, dünənki məclisdə verdiyi sözü xatırlayıb təşvişə düşür. Bəy vəziyyətdən çıxış yolunu tövləyə qaçıb axurda gizlənməkdə tapır. Qurbanəli bəyin evdə olmadığını eşidən qonaqlar, əlbəttə, çox təəccüblənirlər. Onlar gəlmişkən, heç olmasa, bəyin tərifli atına baxmaq üçün tövləyə yollanırlar. Təsəvvür edirsiniz, onlar başabəla ev sahibini burada, axurda uzanmış görəndə necə mat qalırlar?..
29.01.2019